Prezident İlham Əliyev iyunun 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərman imzalayıb.
Fərmanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmaq və onun idarə olunmasını təmin etmək tapşırılıb.
Qurum “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
“ASAN Viza” sistemi vasitəsilə aşağıdakılar təmin edilir:
elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi;
elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi;
elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi;
elektron vizanın üç iş günü müddətində verilməsi;
elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi.
Fərmanda qeyd olunur ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.
Xarici İşlər Nazirliyi vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində ölkə Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. “ASAN Viza” sisteminin yaradılması barədə məlumat nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməlidir.
Fərmanda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması haqqında məlumatın nazirliyin internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək və Azərbaycan Respublikasına səfərlər təşkil edən turizm şirkətlərini bu barədə məlumatlandırmaq tapşırılıb.
Fərman barədə jurnalistlərə açıqlama verən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, bundan sonra Azərbaycana səfərlə bağlı bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək.
Turistlər ölkəmizə səfər etmək istədikdə “ASAN Viza” portalına müraciət edəcəklər, bütün zəruri informasiyalarını, sənədlərini təqdim edəcəklər və vizanı da portal vasitəsilə elektron formada alacaqlar. Vizaların verilməsi prosesi üç gün ərzində həyata keçiriləcək.
Azərbaycan Prezidentinin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında fərmanını alqışlayırıq.
Bu sözləri isə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axınının artmasına şərait yaradacaq: “Bu yaxınlarda Avropa İttifaqı ilə Azərbaycan arasında biznes-forum keçirildi. Forumda müzakirə olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. “ASAN Viza” bu işə öz töhfəsini verəcək”.