sayğıya dur ki, Məmməd Arazın ruhuna toxuna bilər...
   
   Bəllidir ki, hər belə yazı-pozu hər hansı “qəhrəman”ın həyatı, yaradıcılığı, ədəbiyyatdakı yeri, habelə doğum yurdu, şəxsi təbiəti haqda qısa bir “təbiət təsviri”, “sənətkarlıq təfsiri” ilə başlayır. Mən də bu ənənəyə sadiq olmaq istədim, ancaq budəfəki qəhrəmanım özünün bir xarakterial-avtobioqrafik şeirilə “yenə qılınc çəkib durdu qəsdimə”:
   
   Ana yurdum, hər daşına üz qoyum,
   Hər dərəndə çaldığım saz yaşayır.
   Kimi sənin çiynində, sən kiminin
   Şöhrətini yaşadan az yaşayır.
   
   Bu gileydən könlüm yaman xallanır,
   Çox ünvanda qaçaq tərif yallanır,
   Bir ağılın budağından sallanıb,
   Neçə-neçə ağlıdayaz yaşayır.
   
   Gülüm, bir də görüşünə yubansam,
   Adımı tut - harda dağlar dumansa.
   Gözünü sıx - hansı daşda su yansa,
   O daş altda Məmməd Araz yaşayır...
   
   Ümumiyyətcə, söz (hər söz yox a, zər söz!) adamı haqda söz demək çətindir, onda qala öz yığcam nəzmlərilə hər şeyi, hər mətləbi ən geniş nəsrlərdən də gözəl ifadə etmiş Məmməd Araz ola! Məsələn, yazının bu mənzilində bir-iki kəlmə babat söz deməkçün adam (...nolar şair olmayanda) istəyir ki, onun “Altı qızdan biri Pəri”sinin ilham rəfiqəsini köməyə çağırsın, görürsən yox, alınmayacaq. Nədən ki, bir vaxt o özü o pərini elə çağırıb ki, daha o nazənin mələk heç kəsin sözünə mayil olub, öz ilhamvericilik görəvinə qail olmayacaq. O onu belə səsləmişdi:
   
   Bu axşam...
   Özümdə yoxam bu axşam,
   Ağlı kəsilməmiş kəsilmiş başam...
   Ey ilham pərisi, varsansa əgər,
   Bu axşam üstümə qanadını gər...

   
   Yaxud, ədəbilik və əbədilik, şair və dünya haqda bir söz demək istəyirsən, yaddaşında bir köz qorlanır:
   
   Bu get-gəllər bazarına dəvədi dünya,
   Bu ömür-gün naxışına həvədi dünya,
   Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
   Dünya sənin, dünya mənim,
    dünya heç kimin!

   
   Bəs nə etməli? Bəlkə bir bədii kələk işlədib, özünü incimiş kimi qələmə verib, o mələyi yola gətirəsən? Xeyr, qadam, o özü deməyibmi ki:
   
   İti bazarında atından baha, -
   Mən belə dünyanın nəyindən küsüm?!

   
   ...Deyirəm, bəlkə onun atəş-vətəndaşlığından söhbət açım? Yox. Nə və necə deyim ki, “Vətən daşı olmayandan - Olmaz ölkə vətəndaşı!” deyiminə yançısın?
   Milli ziyalılıqdan necə? Yenə istixarə: mənim yazacağım onun Xudu Məmmədova ithafının yanında bir məna kəsb edəcəkmi:
   
   Bax donqar dəvənin səbət yükünə,
   Bənzəyir içiboş şöhrət yükünə,
   Ömür karvanının sənət yükünə
   Bir-iki qeyrətli söz yükləməsək -
   Sən kimə gərəksən, mən kimə gərək...

   
   Hara, nəyə əl atırsan, təsirlənib-təntiyirsən...
   Yenə onun öz bədii palıdlarına söykənə-söykənə, gör neyləyirsən, qələm...

   Dünya sənin...
   
   ...sən dünyanın - Məmməd Araz! Hər duyğunu hamıdan öncə və hər kəsdən incə duyan, hər mətləbi hər biləndən yaxşı bilən, saymaqda mahir fələyin hesabından yayınmışları belə öz istedad fəhmi gücünə tapıb xalqın ayıqlıq hesab-kitabına, mənəvi bankına sayan Məmməd Araz...
   Hər şeyi belə duya-duya, bilə-bilə, saya-saya - hələ ömrünün sonuna neçə illər qalmışdan “Bu da belə bir ömürdü - yaşadım...” deyə bu dünyasına «xitam» verən, alın yazısına qələm qoşan Məmməd Araz!..
   Və məlum şeirindəki “...heç kimin!” hökmünü çıxmaqla, “dünya” ismini Məmməd Araz mübtədasıyla əvəzləmək istər könül...
   
   Məmməd Araz mənim...
   
   O zamanmı bitdi bizim dilimizin
   “sənin”-“mənim” damarı da,
   O zamanmı bitdi bizim dilimizin
   “haralısan” qabarı da?!

   
   Bu qədər Azərbaycançı, türk-turançı, din-imançı misralardan sonra, indi gəl izahat-iltizam ver görüm, necə yəni “mənim Məmməd Arazım”?! Hər şeydən agah olmayan tənha bir oxucu da varsa, deyim də: Məmməd Araz nə qədər ümumxalq, ümumvətən şairi olsa da, hər kəsin ayrıca bir Məmməd Arazı var...
   Mən onu 60-cı illərin sonunda - doğulduğum Arazboyu rayonda bünövrəsi qoyulan “Plotina” (“Arazstroy”) tikintisi ərəfəsində oxuduğum “Araz axır” kitabından tanımağa başlamışam. Bolşeviklərdən qaçaq düşüb Arazın o tayına keçənlərini ağlayan nənələrimizin göz yaşları ilə bu poemadakı bir çox misraların üst-üstə düşdüyü məqamlardan tanımışam. Əzələləri beyinlərindən daha işlək olan biz tay-tuşlar Araz çayı üstdə salınmış Sovet-İran işıqlarına baxıb ümidlənən o nənələrə o kitabdan oxuyanda ki; “Eh, işıqlar da ayrılığa öyrəşəcək, Yükünü çək, dəvə qardaş, yükünü çək...” - o arvadların yanaqlarından Araza tökülən sısqa arxlar kimi göz yaşları süzülürdü...
   Bir müddət keçmiş hamının payına düşən paytaxtımıza gəldim və oxuduğum kitab-kitab sözündən sonra onun özüylə də tanış oldum. Bir tələbə və əqidə dostumla hər Novruz bayramında o vaxtın “məşhur” kağız torbalarından birini mer-meyvəylə doldurub, alovlu şairimizi ziyarətə gedir, onun şeirlərilə nəfəs aldığımızı bildirir, bu kimi təbii təriflərdən həyəcanlanıb titrəyən əllərinə, düşüncələrinə, milli azadlıq arzu-təşnəliyinə sığal çəkməyə çalışırdıq. Bu gedişlərimizin birində soruşduq ki, niyə “Yer üzünün Qarabağ düzü”, “Kür Salyana qovuşur” kimi publisistik yazılarına ara verib? Bizə bir dəftərçə göstərdi. Dedi, “Baxın, bu səpkidə 50 mövzu gözaltılamışdım, heyf ki, xəstəlik...” Dedik, Məmməd müəllim, niyə təəssüflənirsiniz, görünür, “ali” xəstəliklər də özünə ali canlar arzulayır də. Ki, həmin ali can sahibi haçansa deməsin “heyf, ey kababla keçirəcəyim gələcək günlər!”, “səd heyf, eyş-işrətli dövranlarım!” Qoy biri də desin “heyf, ey toxunmadığım mövzular!”, “yaza bilməyəcəyim şeirlər!..”
   
   Məmməd Araz sənin...
   
   Bu “sən” ki var, o qədərsən ki! Minlərlə, milyonlarlasan... İndi mən fağır hansınızı ona daha bir köynək, lap yuxa göynək yovudum, hansınızın Məmməd Arazınızdan söhbət açım? Səninmi, - Aydın Qurbanlı, səninmi, Nadir Diridağlı, Əlipənah Bayramlı, İsrafil Qurban, Ənnağı Hacılı, Tahir Aydınoğlu, Ülviyyə Familqızı və rəhmətlik Kamil Heydəroğlu ilə Mirzə Dəmirli?!.
   Qoy elə sənin Məmməd Arazından bəhs edim, Mirzə Dəmirli! Qoy bu xatırlatmadan ruhun da bir şadlıq məclisi düzənləsin. Necə ki, onun “Məndən ötdü...” şeiri “Azərbaycan” jurnalında çap olunan günün (1970) sabahısı şadlığından yataqxanada yekə bir qazan asıb, Vətənə, millətə dəxli olan tələbələri başına yığdın. O şeiri bəlağətlə oxuyub, o tay-bu tay Azərbaycanın artıq bu poetik möhürlə birləşdiyini elan etdin. Sonra o taylı tələbə yoldaşımız Rəhim Huşiməndinin “Mirzə, əgər Azərbaycan reallıqda da birləşsə, neylərsən” sualına hər ikimiz heyrətamiz bir sinxron-xorla “nağıllarda suyun qabağını kəsməməsi üçün hər gün bir gözəl istəyən əjdahanın bir günlük övnəsi kimi - özümüzü Araza atıb qurban gedərik!” - dedik.
   
   Məmməd Araz hər kəsin...
   
   “Hər kəs”in daha çox olması da bəlli, təkcəmiz Məmməd Araz! Yaman çoxdular. Sənin bugünədək çap olunmuş 25 kitabının 5 min 5 yüz səhifəsindəki hərf-işarələrdən də artıqdılar. Onların yolu dağa-daşa düşəndə çox vədə sənin dilinlə danışırlar: Danış görək, a daş qardaş!” deyirlər. “Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən, Salamat qal, salamat...” deyirlər. Sonra da “Ölüm sevinməsin qoy...” (S.Vurğun), “Azadlığı istəmirəm qram-qram” (X.Rza), “O daş altda Məmməd Araz yaşayır” kimi misralardan ruhlana-ruhlana Fəxri xiyabana - sizləri ziyarətə gedib görürlər ki, oradakı məzar daşlarının birinin üstündə belə yazılıb: “Bu daş altda Məmməd Araz yaşayır...”
   
   Və Məmməd Araz Arazın...
   

   Mən Araz üstündə bitən çinardım,
   Ömrüm boyu tufan əydim, su yardım.
   Xətainin qılıncını suvardım -
   Məmməd Araz karandaşı göyərdi...

   
   ...Və Məmməd Araz bütün Azərbaycanın!
   
   Azərbaycan - mayası nur,
    qayəsi nur ki,
   Hər daşından alov dilli
    ox ola bilər.
   “Azərbaycan!” - deyiləndə
    ayağa dur ki -
   Ana yurdun ürəyinə
    toxuna bilər...
   

   Hələlik, “Ey daşlaşan, torpaqlaşan, bugünümdən dünənimə uzaqlaşan ulu babam”lardan biri - Məmməd Araz! Növbəti yazılaradək...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar