Xəbər verdiyimiz kimi, paytaxtımız iyunun 1-dən 3-dək III Beynəlxalq Turizm Filmləri Festivalına ev sahibliyi etdi. Festivalın müsabiqə proqramına 28 ölkədən 78 film daxil edilmişdi. Filmlər ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoloji turizm və digər turizm növləri və TV məhsulları (filmlər, videoçarxlar) kimi 5 kateqoriya üzrə təqdim olunmuşdu. Festivalda izlədiyimiz bir neçə film haqqında söz açmaq istərdik.

“Dubrovnik və zaman”

Xorvatiyalı rejissor Herve Tirmarşenin “Ölkə, region, şəhər” nominasiyasında təqdim etdiyi “Dubrovnik və zaman” filmində zaman, insan və məkan amili bir-biri ilə qarşılaşdırılır. Film bir zaman keçididir. Biz zamanı dərk edirik və yaşadığımız təcrübədən asılı olaraq onu müxtəlif şəkildə xatırlayırıq. Dubrovnikdə vaxt eyni sürətlə hərəkət etmir, bu özünü müxtəlif vəziyyətlərdə büruzə verir. Məsələn, uşaq həyəcanında və ya gənc cütlüyün dəniz sahilində nahar etməsində. Səmada uçan quşların gözü ilə baxanda isə burada zaman dayanmış görünür.
Qeyd edək ki, bu film festivalın baş mükafatına layiq görülüb.

“Koşic bölgəsi - ilham al”

Slovakiyalı rejissor Robert Revark festivala “Koşic bölgəsi - ilham al” filmi ilə qatılmışdı. Koşic sülh və xeyirxah insanların əhatəsində olan bir bölgədir. Altıncı hissinin arxasınca gedib gizli, lakin canlı, kiçik, sakit və dramatik ilham mənbəyi olan bir məkana - Koşicə çıxmaq olar. Cəmi 2 dəqiqədən ibarət olan filmdə Koşic əzəmətli təbiət mənzərələri, tarixi abidələrlə zəngin nadir yerlərdən biri kimi təqdim olunur.

“Gürcüstanda qış”

Gürcü rejissor Beqa Jquburia “Gürcüstanda qış” filmində ölkəsinin qış turizmi məkanlarını, Kaxetiyanın təbiəti, memarlığı və istirahət mərkəzləri, dəniz sahilində yerləşən Batumi, buranın ardı-arası kəsilməyən əyləncə məkanları, eləcə də Tiflisin küçələrini, memarlıq abidələrini əks etdirib. Personajlar və təsvirlər xüsusi ovqat yaradır, kadrarxası səs bu ölkənin niyə sevildiyindən danışır, musiqi isə gürcü ruhunun təbiətini açıqlayır. Film “Ölkə, region, şəhər” nominasiyasında ikinci yerə sahib oldu.

Festivalda Azərbaycan filmləri

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalında ölkəmizdən 14 film iştirak edirdi.
Festivalın milli mükafatını qazanan rejissor Rüfət Kərimzadənin 2 dəqiqəlik “Yurdum” filmində ölkəmizin möhtəşəm mədəni və tarixi irsinin təqdimatı ilə yanaşı, sürətli inkişafı və müasirləşməsindən bəhs olunur.
Mariya İbrahimovanın 8 dəqiqəlik “Azərbaycan incəsənəti və sənətkarlığı” filmində ölkəmizin əsrlər boyu öz xalçaları ilə məşhur olması və müasir çağımızda bu sənətin inkişaf etdirilməsi, zərgərlik sənətinin tarixi və indiki durumu, Şəki şəhərinə səyahət, burada mövcud olan ipəkçilik, şəbəkə sənəti, təkəlduz və Lahıcın misgərlik sənəti filmdə əksini tapıb.
Festivalda “Azərbaycan 2015”, “Azərbaycan şalı - kəlağayı”, “Azərbaycan mətbəxi: dadsonrası dad”, “Lahıc”, “Bakı 2015”, “Tarixə həkk olunmuş qonaqpərvərlik”, “Biz Azərbaycandayıq”, “Azərbaycan təbiəti quş uçuşu hündürlüyündən”, “Azərbaycanda turizm”, “Vulkanın nəfəsi”, “Rixos Quba Azərbaycan” və “Turist albomu” adlı filmlərimiz də yer almışdı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar