Müasir dövrdə turizm və xidmət sektoru dünya iqtisadiyyatının ən önəmli və sürətlə inkişaf edən sahələrindən biridir. Bu sahənin inkişafı sərhəd tanımır, hər il yeni-yeni ideyalarla daha da zənginləşən turizm sənayesindən gələn gəlirlər də artır. Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar fərqli mədəniyyətlər və ölkələrlə tanış olmaq, istirahət və tətillərini maraqlı məkanlarda keçirməyə can atırlar. Statistik məlumatlara görə, son 60 il ərzində dünya üzrə turist səfərləri edən insanların sayı 25 milyon nəfərdən 1 milyard nəfərə çatıb.
Zəngin mədəniyyəti, qədim tarixi, füsunkar təbiəti və yüksək qonaqpərvərlik ənənələri olan Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi, turizm ölkəsi kimi tanıdılması üçün böyük imkanlar var. Ölkəmizdə ötən əsrin 90-cı illərinin sonundan başlayaraq bu sahə dövlətin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət, ölkə həyatının bütün sahələri kimi, turizm sektorunun da inkişafına əlverişli zəmin yaradıb.
Turizm sahəsi hazırda ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamətlərindən biridir. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, ölkə başçısının müvafiq fərman və sərəncamları, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. “2010-2014-cü illərdə Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması, 2011-ci ilin ölkə başçısı tərəfindən “Turizm ili” elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq olunaraq həyata keçirilməsi dövlət səviyyəsində turizm sahəsinə verilən diqqət, önəm və dəstəyin göstəricisidir. Bu tədbirlərin nəticəsidir ki, ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoyub.
Turizm üçün infrastruktur əsas şərtdir
Bu bir reallıqdır ki, sadəcə təbiətin bəxş etdikləri dünyaya açılmaq, tanınmış turizm istiqamətlərindən birinə çevrilmək üçün yetərli deyil. Buna görə də ölkəmizdə müasir tələblərə cavab verən infrastrukturun qurulması üçün vacib addımlar atılır, yeni turizm marşrutları açılır, turizm obyektlərində xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün zəruri qərarlar qəbul edilir.
Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Görülən işlərin nəticəsi qarşıdakı illərdə daha aydın müşahidə olunacaq. Respublikamızda turizmin davamlı inkişafını təmin etmək üçün bu sahəyə investisiya qoymaq istəyən sahibkarlara lazımi şərait yaradılır. Bunun nəticəsidir ki, hazırda turizm sənayesi ölkə üzrə ümumi daxili məhsulun 4 faizini təşkil edir. Respublikada 250-dən çox turizm şirkəti və 570-dən çox mehmanxana və digər yerləşdirmə obyekti fəaliyyət göstərir. Son bir neçə ildə Bakıda “Four Seasons”, “Hilton”, “Marriott”, “Kempinski”, “Fairmont”, “Jumeirah” kimi digər brend hotellər fəaliyyətə başlayıb. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb. “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin istifadəyə verilməsi ilə Azərbaycanda turizmin mövsümiliyi aradan qalxıb.
Vizaların sadələşdirilməsi turist axınına xidmət edir
Ölkəmizə xarici qonaqların daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının tətbiqi bu sahədə ən mühüm yeniliklərdən biridir. Artıq üçüncü ildir ki, ölkəmizdə bu sistem tətbiq olunur və tədricən prosesin daha çevik və işlək olması üçün tədbirlər görülür. Artıq ölkəsində Azərbaycan səfirliyi olmayan əcnəbi viza almaq üçün üçüncü ölkədəki səfirliyə müraciət etmək məcburiyyətində qalmır. Bu sistemin yaradılması ölkəmizə turistlərin fərdi və qrup halında səfərlərini təşviq etmək, ölkəyə turist axınını artırmaq məqsədi daşıyır. Əgər bir il əvvəl əcnəbi vətəndaşlar elektron turist vizalarını 10 günə alırdılarsa, ölkə başçısının bununla bağlı müvafiq göstərişindən sonra bu müddət iki dəfə azaldıldı. Prezident İlham Əliyevin 1 iyun 2016-cı il tarixli sərəncamı ilə yaradılan “ASAN Viza” sistemi sayəsində isə Azərbaycana gəlmək istəyən turistlər cəmi 3 günə elektron viza ala biləcəklər.
Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı turizm marketinq strategiyasına uyğun olaraq, ötən ildən turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün birbaşa beynəlxalq hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və bu proses öz bəhrəsini göstərməkdədir. Bu yeniliyin nəticəsində 2015-ci ildə Körfəz ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16 faiz artım baş verib. Ən böyük artım Birləşmiş Ərəb Əmirliklərindən gələn turist sayında özünü göstərir. 2016-cı ilin ilk 4 ayı ərzində BƏƏ-dən ölkəmizə 6600-dən çox turist gəlib ki, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 dəfə çoxdur. Onu da qeyd edək ki, 2016-cı ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına da Azərbaycanın beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib.
Beynəlxalq əməkdaşlıq və mədəniyyətlə turizmin vəhdəti
Azərbaycanın turizm imkanlarının dünyada daha geniş tanıdılması üçün davamlı təbliğat işləri həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin beynəlxalq sərgilərdə fəal iştirakı, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın turizm imkanlarının təbliği, nüfuzlu nəşrlərin brendi ilə ölkəmiz haqqında bələdçi kitablarının hazırlanması bu məqsədə xidmət edir. Azərbaycan hər il 20-yə yaxın beynəlxalq turizm sərgisində təmsil olunur, zəngin tarixi mirasımız, müasir inkişafımız təbliğ edilir. Eləcə də 2002-ci ildən başlayaraq hər il Bakıda AİTF - Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi keçirilir. Bu il 15-ci dəfə keçirilən AİTF sərgisi regionun əsas turizm sərgisi kimi tanınır, ildən-ilə yeni ölkələr, şirkətlər qatılır.
Bununla yanaşı, ölkəmiz turizm sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələrlə sıx əməkdaşlıq quraraq, dünya turizm məkanına inteqrasiya edir. Azərbaycan 2001-ci ildən Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının tamhüquqlu üzvüdür. 2013-cü ildə Azərbaycan qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Hazırda Azərbaycanın Körfəz ölkələri, Almaniya (Avropa), Türkiyə və Rusiyada turizm təmsilçiliyi fəaliyyət göstərir. Bu il mart ayında ilk dəfə olaraq Bakıda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) toplantısı keçirildi. Turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” hesab olunan bu forumda bir sıra ölkələrdən gəlmiş tanınmış turizm nümayəndələri ilə geniş müzakirələr aparıldı.
Azərbaycanın son illər mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi etməsi turizm sektoru üçün də mühüm töhfədir. “Eurovision-2012” musiqi yarışması, 2015-ci ildə Birinci Avropa Oyunları, o cümlədən artıq ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumları, eləcə də bu il Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə və dünyada Azərbaycana marağın daha da artmasına zəmin yaradıb. 17-19 iyun 2016-cı il tarixində Bakıda “Formula-1” Avropa Qran-pri yarışı gerçəkləşəcək, 2017-ci ildə paytaxtımızda İslam Həmrəylik Oyunları təşkil olunacaq. Əminliklə deyə bilərik ki, bu tədbirlərin yüksək səviyyədə təşkili ölkəmizin dünyada artan nüfuzunu nümayiş etdirməklə bərabər, turizm sahəsinin də inkişafında yeni perspektivlər açacaq.
Mədəniyyətlə turizm bir-birini tamamlayır, insanları birləşdirir, mədəniyyətlərarası dialoqa töhfə verir. Bu baxımdan ölkəmizdə ənənəvi olaraq keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi incəsənət layihələrinin əhəmiyyətini qeyd etməliyik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşən, müxtəlif ölkələrdən tanınmış ifaçıları, kollektivləri bir araya gətirən, dünyanın musiqi xəritəsində Azərbaycanın adını tanıdan bu layihələr ölkəmizin turizm baxımından da təbliğində rol oynayır.
Qarşıdakı persperktivlər və prioritetlər
Azərbaycandakı multikultural şərait, tolerant cəmiyyət, sabitlik, təhlükəsizlik ölkəyə turist axını üçün çox vacib amillərdir. Ona görə də ölkəmizə gələn turistlər özlərini rahat və tam təhlükəsiz hiss edir, buradan xoş təəssüratlarla ayrılırlar. Son illər xidmət səviyyəsinin yüksəldilməsi, brend hotellərin istifadəyə verilməsi turizm sənayemizə beynəlxalq təcrübə, müasir menecment sistemi qazandırıb. Onu da qeyd etmək lazımdır ki, bu vaxta qədər ölkədə istifadəyə verilən hotellərin böyük əksəriyyəti 4 və 5 ulduz kateqoriyalıdır. Bunda məqsəd lüks, yəni bahalı turizmi inkişaf etdirməklə, az sayda turist hesabına ölkəyə daha çox gəlir gətirməkdir. Eyni zamanda ölkəyə kütləvi turist cəlb olunması üçün qış və yay turizmi, həmçinin işgüzar turizm, mədəni turizm, sağlamlıq turizmi növlərinin böyük potensialı mövcuddur. Bu potensialdan səmərəli istifadə olunması, sektorda biznes mühitinin daha da yaxşılaşdırılması, 2 və 3 ulduzlu hotellərin inşasının təşviq edilməsi bu gün prioritet məsələdir. Ölkəmizə daha çox turist cəlb etmək istəyiriksə, qısa müddətdə bu məsələni həll etməliyik.
Dünyada gedən iqtisadi böhran səbəbindən qonşu ölkələrdə də vətəndaşların böyük əksəriyyətinin gəlirləri azalır. İndi insanlar daha münasib qiymətə hotellər, müxtəlif mədəniyyətlərlə, tarixi yerlərlə tanış olmaq üçün tətillərini keçirəcəkləri məkanlar axtarırlar. Regionda baş verən məlum hadisələrdən sonra qonşu ölkələrdən vaxtilə kütləvi axın olan istiqamətlərə turist səfərləri məhdudlaşıb. Bu baxımdan Azərbaycan üçün əsas turizm bazarlarından olan Rusiyadan kütləvi turist cəlbi üçün imkanlar var. Azərbaycanda çimərlik mövsümü təxminən 3 ay davam etsə də, bu müddət ərzində xeyli sayda turist qəbul etmək mümkündür. Ölkəmizdə Xəzər dənizinin 700 km-dən çox sahili boyunca çimərlik turizminin inkişaf etdirilməsinin böyük perspektivləri var. Həmçinin ilboyu fəaliyyət göstərən sağlamlıq turizminin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Naftalan kurortunun əvvəlki şöhrətini özünə qaytarması, 2015-ci ildə Qalaaltı kurortunun ən müasir turizm-müalicə mərkəzinə çevrilməsi, eləcə də Naxçıvanda (Duzdağ), Qəbələdə və s. sağlamlıq turizminin inkişaf etdirilməsi bu imkanlardan xəbər verir.
Ölkəmizdə turizm yeni inkişaf yolundadır, amma qarşıda hələ görüləsi çox iş var. “Azərbaycan turizm sahəsində yüksələn ulduzdur”. Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin bu sözləri ölkəmizin bu sahədə geniş imkanlarına verilən qiymətdir. Turizm sektorunun önündə yeni üfüqlərin açılması xalqımızın rifahına, dövlətimizin tərəqqisinə, dünyada nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Fariz Hüseynov
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.