“Velosipedçilər günü” və “Graffiti festival” təşkil olunacaq
Bu həftəsonunu “Şahdağ” Turizm Mərkəzində dincəlmək istəyənləri yaddaqalan istirahət və maraqlı əyləncə gözləyir.
Mərkəzdən verilən məlumata görə, iyunun 25-də burada “Velosipedçilər günü” təşkil olunacaq. “Şahdağ” Turizm Mərkəzində hər səviyyə üçün - yeni başlayanlar, peşəkarlar və ekstrimi sevənlər üçün velo-cığırlar mövcuddur. Sürmə qabiliyyətindən asılı olaraq velosipedçilər başlanğıc nöqtəyə kanat yolları vasitəsilə, ekstrimə üstünlük verən peşəkarlar isə yüksəkliyə xüsusi avtomobillərlə çatdırılırlar.
Bu, velosiped sürməyi sevənlər üçün dağlıq ərazidə təşkil olunan artıq ikinci belə aksiyadır. Ötən ilin iyulunda həyata keçirilən əyləncəli tədbirə 20-dən çox velosipedçi qatılmışdı.
İyunun 26-da isə turizm mərkəzində “Graffiti festival” adlı rəngarəng tədbir təşkil olunacaq. “Urban Art”ın üzvü olan 5 qraffiti rəssamı “Şahdağda qış ekstrim”i mövzusunda öz məharətlərini göstərəcəklər. Qraffiti ustaları beton lövhə üzərində sprey rəngləyicilər vasitəsilə şəkillər çəkəcəklər. Mərkəzin qonaqları rəsmlərin necə çəkilməsini müşahidə etmək, bu haqda suallara cavab almaq və ya sadəcə prosesdən zövq almaq şansı əldə edəcəklər.
Eyni zamanda, bitboks və rep ustalarının musiqi, velosipedçilər və skeytborçuların isə adrenalin dolu performansları izləyicilərə həyəcanlı anlar yaşadacaq.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində yay mövsümü boyunca müxtəlif əyləncəli tədbirlər təşkil ediləcək. Xüsusilə gənclərin zövqünü oxşayacaq bu cür tədbirlər zamanı mərkəzdə təklif olunan kvadrosikl, seqvey, zip-layn, trotinnet, bob kart, peyntbol, dağlarda gəzinti, at sürmə və s. kimi yay əyləncələri, eləcə də yenicə istifadəyə verilən ekstrim idman növü olan paraplan - yamac paraşütü qonaqların ixtiyarında olacaq.