Narıngül
Qaçdım adilikdən
Fəsillər dəyişən ağac şəklidir
Payıza sevindim, yaza sevindim.
Gördüm çəkəmmirəm, atdım yükümü
Bütün havalara oynaya bildim.
Yaxamdan yer tutdu, məni göy çəkdi,
Uca zirvələrə çatdım, oyandım.
Sən demə, göy yerin təkrarı imiş,
Hamının keçdiyi yerdə dayandım.
Qaçdım adamlardan, gücüm çatınca,
Qaçdım adilikdən, sirrə sığındım.
Mən coşmuş bir çayam, qurumadım ki,
Səndən çəkildikcə sözə yığıldım.
* * *
Mələklər diyarından gəlirəm
qanadlarım yanımda,
ürəyim
küçə-küçə bölünüb
küçələrdə yad adamlar dolaşır
görən, yad adamlara
salam versəm olarmı?
Görən, o yad adamlar
Məni duyub anlarmı?
mələklər diyarından gəlirəm
gözlərimdə bir boşluq uzantısı
ürəyimdə
səbəbi bilinməyən
etiraz aksiyası,
dumanın içində uzaqlaşan adamlar
Səhər-səhər
qapıları döyüb dilənən qadın
üzündən təbəssüm ver mənə,
ötürüm adamlara.
Mələklər diyarından gəlirəm
mən yer adamı deyiləm.
* * *
Üzümdəki işıq çat verəcək
kölgə düşəcək şəhərə,
küçəyə, səhərə
və şəhər can verəcək,
və küçə can verəcək
Ürəyimdə adam izdihamı,
Ürəyimdə sevgi izdihamı
çıxıb gedəcəyəm
Çıxıb gedəcəyəm üzü
qurumağa.
Sən heç
ayaq üstə quruyan ağac
görmüsənmi?
qadın da ağac kimidir
içindən quruyur.
hər səhər
ümidlər doğacaq üzümə.
Sənin bir adın da ümiddir
və hərdən günəş görünəcək
amma mən qaranlıq düşməmiş
soyunub atacağam bütün hisslərimi.
Sən necə?
* * *
Kəpənək qanadlım,
canında titrəyiş var,
gözlərində təlatüm.
həsrətin göydən düşməyəcək -
üç alma həsrəti,
etirafın sevgi.
bəlkə də, bu sondur,
bəlkə də, dönüşdür.
sən uzaq yolların sonundan
gəlirsən.
sənin azadlığın, tənhalığındır
sənin azadlığın yuxularındır.
Sən dünyanı başqa cür istəmişdin,
sən dünyamız hüdudsuzdur -
demişdin.
anlamadığın adamlar
sənə dünyanı anlatdılar.
dünyanın bütün adamları
hardasa həqiqət gizlənib - dedilər.
gəz axtar tapacaqsan
kəpənək qanadlım, gözlərin açılır,
qanadların bərkiyir,
doğuluşun mübarək!
pəncərə arxasında toxunmadığın
çox şey var
anlayışın mübarək!
Nə vaxtsa qayıtsam...
Daha nə nağıl var, nə də yalan var,
Nə biri söz deyər sözünün üstə.
Nə yol var həsrətdən uzanıb gedə,
Əlini qoyasan gözünün üstə.
Küləyin ağzında payız nəfəsi,
Səpilir havaya quş lələkləri.
İntihar rəqsinə oynayır hər şey,
Sinəsinə çəkir yer çiçəkləri.
Dönərək buluda çıxıb gedirəm,
Bir daha çıxmaram yerdə qarşına.
Nə vaxtsa qayıtsam, yağış şəklində,
Çevrilib torpağa məni qarşıla.
* * *
Üzümə açılan gecə,
Ürəyimi açarmı?
Səhər doğacaq günəş,
Məni alıb qaçarmı?
Keçməyə qorxduğum ömür,
Gəlib məndən keçərmi?
Düyünlənmiş ovcumdan,
Tənhalığım düşərmi?
Dünya adlı sualın
Düzgün cavabı varmı?
Sevinc bu qədər yüngül,
Dərd bu qədər ağırmı?