Araz bir qolumdur, Kür bir qolumdur” - demiş şairin anım gününə...
   
   Sağlığında Vətənə, Sözə çox dönüm-yanım günləri yaşamış İslam Səfərlinin - bu dünyamızla bu gün (1974, 6 noyabr) vidalaşmış nəğməkarın anım gününə...
   
   Vətənə köz-köz, gözəllərə gözqaş-qaşgöz sözlər dedi. Təbiətin hüsnünə təb-təb, təbii-təbii əlavələr söylədi. Fikirləri öz qəlbində üyütdü, xəyalında xəlbirlədi, könlündə ələdi və hər “nüktə”ni büsbütün hazır edib, oxucusunu “hazıra nazir” elədi...
   Vurğunu olduqlarının birinə “Sevgi yarışımda hər şeyi ötən - Vətən!” - dedi. O birinə “Ürkək baxışına, xoş yerişinə, Zərif gülüşünə verrəm dünyanı” söylədi. Digərinə “Vüqarlıdır dağların, qaşların, Üzə gülür qayaların, daşların” səsləndi. Bəzən, şairiyyət-şeiriyyətin əkilmiş torpaqlarında çalışıb, biçilmiş kövşənlərdə görünsə də, yeni-yeni xam sahələrdə daha çox işlədi. “Hörüklərin qaradır, Qaşların ayparadır, O bir aləm yaradır - Bakı, sabahın xeyir!” - kimi poetik mənzərələr, estetik ovqatlar yaratdı. Bu kimi, o kimi, axar su, “son nəğməli Qu” kimi çox sözlər söyləmişə bir qədər -
   
   Qəhər-təhər səsləniş...
   
   Özünü müdam dəryalarda hiss edən şair məhəbbət dənizində ikən “Mahnıdır yelkənim əzəldən mənim, Ey şair İslamın gözəl cananı...” dedin...
   ...İndi ruhu kainat dəryasında olan şair, inişil fevralın 12-də də sənin doğum gününə bir yazı yazdım, dedin... çox əziyyətsiz alındı, demək olar özü yazıldı o yazı. İndi isə bir az müşkül. Nədən ki, bu gün doğum günün deyil, yaradıcılığından iraq, ölüm günündür...
   O yazıda hər beş sözdən biri “sabahın”, biri “xeyir” idi. Bu anım günündə nə deyim, - “axşamın xeyir”?!
   Xeyr, xoş sabahlar şairi, məhz sabahın xeyir!
   Bu sabahlardan, axşamlardan sonra sonsuz sabahlar, axşamlar gələcək ki... öz saysız və çağlar şeirlərinlə səfər edəcəyin o sabahların, axşamların da xeyir, Səfərli!
   Allı-güllü, şirin dilli qafiyələrlə Vətən, təbiət, gözəllər gözəlliklərinə Vətəndaş və Məcnundaş könlünlə qoşub-qoşmaladığın misralar tərtəmiz ana dilli, İslam Səfərli! Çox da uzaq olmayan o keçmişin - o siyasi sıxıntılı, şairlik ab-havasına bab olmayan dünəninin müstəqil bugünləri, azad sabahları qutlu, Azərbaycan oğlu! Sevgili bir huş-quşla peşində olduğun Turan soydaşlarının hüsnlərinə aşiq olub bəndlərə vurduğun misralarının bir-birinə bənd edəcəyi yarınların mutlu, ayrıca bir poetik mülk qoyub getmiş təpədən-dırnağa türk balası!.. 

   “Bir dön geri...”
   
   Yüzlərlə poetik xitablarından biri...
   Qoy ruhun da nəğmələrin kimi gəlsin bəri, həmişəyaşar, diri şair!
   Qələmi əlimə alanda qərarlaşdırmışdım ki, bu yazını nəqli-nəsri fikirlərlə başa vurum, - yaddaşımdakı şeirlərindən bu yazıya həcm dəstəyi ummayım. Amma yox, hiss edirəm ki, alınmır: şairdən söz açarkən şeirlərindən nümunə gətirməmək - qəndsiz çay içmək kimi bir şey! Beləliklə, bəri başdan, sənin vəsfkar-sənətkarlığını sərgiləyən misralar qalereyasında leytmotiv kimi səslənən “Batabat” şeirindən üç bənd:
   
   Bulaqların bir səmtədir axarı,
   Salvartının xoş görünür baxarı,
   Biçənəkdən at səyrilib yuxarı,
   Yalmanına yata-yata gəlmişəm -
   Mərcan gözlü Batabata gəlmişəm.
   
   Mehmanınam on beşdə mən, beşdə mən,
   Gətirmişəm “basdırma”nı teştdə mən,
   Neçə ocaq tüstülədib döşdə mən,
   Birini də çata-çata gəlmişəm -
   Mərcan gözlü Batabata gəlmişəm.
   
   Vüqarlıdır zirvələrin, qaşların,
   Üzə gülür qayaların, daşların,
   Mən İslamam - öz səsimi quşların
   Nəğməsinə qata-qata gəlmişəm -
   Mərcan gözlü Batabata gəlmişəm.
   
   Gözləri daim günəşli günlərə, qolları həmişə Vətənə açıq şair, ruhun üzünə gün aydın! Şəhd-şəkər dil-üslubu ədəbiyyatımıza yaraşıq, aşiqanə baxışları gözəlliklərə sarmaşıq sənətkar, bir də sabahın, bir daha axşamın xeyir!
   Bir dəfə növbəti təbiət səfərinə çıxdığın dostlarına şifahi - “atüstü” misralarla belə bir xitab edibsən ki; “... Könül, di gəl, bu mürəkkəbdən baş aç - Dünyayi-cahana otbitməz cız-cığırlar, Fağır Təbrizəsə tikanlı-məftil-çayır...”
   Dostların səni ayrıca bir sevgi və maraq-təmtəraqla qarşılardı. Çünki Cənubdan söz düşəndə hər dəfə kövrəlirmişsən. O vaxtların bir-birilə nərd ortağı olan bir çox şair-şüərasından fərqli olaraq, “İşıqlar da ayrılığa öyrəşəcək...” deyən Məmməd Arazla dərd ortağı kimi, “Təbrizə yolum lal, cığırım kar” söyləyən şair İslam, daha o pərişan günlərin, bu anım-axşamın yox, müstəqil sabahların xeyir!
   Məclislərdə Nəqşi-cahan aləminin Tanrısal təbiət naxışlarından olan Batabat haqda da hərdən söhbət düşür. Belə məqamların birində öz qulağımla eşitdim ki, bir nəfər o təbiət möcüzəsindən söz açıb gapının sapını qaçıran birisinə “Ya sus, ya da İslam Səfərlinin “Batabat”ını söylə!” - dedi.
   Bir kərə də bir tele-müsahibəndə söylədin ki, ömrünün elə bir ili və o illərin elə bir fəsli olmayıb ki, Batabat adlı o yaylaya... (gözlərində şimşək çaxımıyla davam elədin) o qışlaya, o yazlaya, o payızlaya səfər etməmiş olasan. Həmin məqamla əlaqədar belə də deyirəm: Allahın yaratdığı təbiətin Batabat kimi qəzəllərinə də biətin, salavatın xeyir, Səfərli İslam!..
   
   Könlüylə yazmışa...
   
   Sənin həyati işlərin, qədəmin də çox zaman qələminlə qafiyətən olub, şair! Onların birindən danışacam. Belə ki, necə ki Böyük Vətən müharibəsinə könüllü getmişdin, eləcə də bütün yazdıqlarını könlünlə yazdın. Nə təhər ki, doğulduğun məskənin adı (Naxçıvan, Babək rayonu, Şəkərabad kəndi) şirin idi, o təhər də əsərlərinin başlıqları teyxa şəkər dadır. “Qənd bala, nabat bala”, “Sevinc müjdəsi”, “Durna qatarı”, “Əsrin ürəyi”, “Təkərlər yollarda pıçıldayırdı”, “Ərköyünlər”, “Sən oxu, mən dinləyim”, “Çiçək təranəsi”, “Yollara nur ələndi”, “Harayçın ollam”, “Araz yadıma düşdü”, “Dilsiz dəqiqələr”, “Ana dili”...
   Haçan ki, hisslərin coşub şeirə, qoşmaya sığışmazdı - poema kürsüsünə qalxardın: “Ələsgər”, “Ekizlər-ögeylər”, “Leylək əfsanəsi”. Hacağ ki könlün təlatümə gələrdi, aram-aram coşub, dram-dram səhnələyərdin: “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcında”, “Dədəgünəş əfsanəsi”, “Dar ağacı”...
   Hələ balet-libretto (“İki könül bir olanda”), kinossenari (“Şərqin qalibləri”, “Bir stəkan çay”), xalqın yaradıcı-qurucu potensialına dair publisistik oçerklər, “katastrofik” novellalar...
   Bunlardan əlavə, bütün bəstəkarlara əl, xalqımızın qəlbinə yol eləyən mahnı mətnlərin! Bunları saymaq mümkün olsa da, gərəyincə öymək hər tərənnümatçıya nəsib olası iş deyil. “Ana” mahnısını eşidəndə söz adamı köz kimi isidir. “Zərif gülüşlüm”, “Nə vaxta qaldı”, “Ay qaşı-gözü qara qız”, “Qonaq gəl bizə”, “Aylı gecələr”, “Gəncliyimi gəzirəm”, “Ay bakılı qız”...
   Hələ bu adlardakı təbii bağlara, bağlılıqlara bax, “köhnə”lərə dodaq büzən bəzi-bəzi yeni oxucu!
   Siz də heç qayğılanıb-uyğulanmayın, duyğusal “qədim” oxucular! Bilirəm, siz bu qor sərlövhələrin qığılcım sərlövhələrindəki mənzum mənzərələrin fərqindəsiz! Çox söz demək olar, ancaq tək elə bunu ərz edək ki, bu adlıqların arasındakı vergül işarələrini götürsək, sevib-sevilən bir insanın “şanlı məktub” manifesti oxunar...
   Özün isə həmkarlarından birinin. (Ə.Vahid) məşhur “yerin məlum deyimi üstə köklən, ruhi-şair! Universitetdəki görüşdə oxuduğun “Xəzərim” şeirin haqda Nazim Hikmətin dediyi sözlər balaca qiymətmi: “Yavrum, qoyma bu şeirə şarkı yazılsın, çünki bu özü harika bir şarkı!..”
   O şeirdən ikicə bənd:
   
   Sinən bir ağ gümüşdü, gümüşdü,
   Gözüm hüsnünə düşdü, nə düşdü!
   Sahilində işıqlar qızıldı,
   Yel dəydi, göy köynəyin sızıldı,
   Suların çin-çin oldu, Xəzərim,
   Vətən göyərçin oldu, Xəzərim!
   
   Söylə görüm, ay dəniz,
   Çimibmi göy sinəndə Ay, dəniz?
   Ulduzlar xalınmıdır, gecələr,
   Dalğalar yalınmıdır, gecələr?
   Saf qoynuna düşübdür güzərim,
   Xəzərim, Xəzərim, ay Xəzərim!..
   
   Bu şeirindəki real suallara neytral bir cavab olaraq deyim ki, 1974-cü ildə - cəmisi 51 yaşında dünyanı dəyişib Fəxri xiyabanda dəfn olunduğun andan dostlarının, sevərlərinin qələmindən barəndə çox yazı çap olunub, bu da onlardan biri...
   Yuxarıdakı abzasda “51 yaşında” dedim, fikrimə nihilistik bir antonim gəldi. Bu əksliyin bir tərəfi o ki, sən 50 yaşda cəmi 18 qalan kitab yaza bilmisən, o biri tərəfi bu ki, indilər bir çox 18, 28 yaşlılar 50-dən çox qalın “kitab” yoza bilib...
   “Bakı, sabahın xeyir” deyən şair, gümanımca, sənətkarların ruhları da qəlbləri kimi bir yerdə qərar tutan deyil. Yəni yəqin ki, Bakının son illər növrağını da görür və cismən sağlığındakı o “sabah” yerinə ümumi bir xitab edirsən: “Bakı, hər vaxtın xeyir!..”
   
   Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar