Turizm şirkətləri və media nümayəndələri üçün infotur təşkil olundu

İyulun 2-3-də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, “Ata Travel” turizm şirkəti və “Snerji Qroup”un birgə təşkilatçılığı ilə Naftalan şəhərində yerləşən “Çinar Hotel & SPA” müalicə-istirahət kompleksinə infotur keçirildi. İnfoturda turizm şirkətləri və media təmsilçiləri iştirak edirdi.

Səfərin məqsədi Naftalan şəhərinin turizm potensialı, o cümlədən “Çinar Hotel & SPA Naftalan”nın imkanlarının tanıdılması idi.
İnfotur iştirakçıları əvvəlcə müalicə-istirahət kompleksi ilə tanış oldular. Məlumat verildi ki, kompleks ümumilikdə 20 hektar ərazini əhatə edir. “Çinar Hotel & SPA Naftalan”da 170 otaq var və eyni vaxtda 350 insanı yerləşdirmək mümkündür. Hoteldə suvenir mağazası, qadın gözəllik salonu, hovuz, türk hamamı, sauna, uşaqlar üçün əyləncə otağı, idman zalı, diskoteka, stolüstü oyunlar otağı insanların xidmətindədir. Kompleksin həyəti yaşıllıqla əhatə olunub. Qonaqların dincəlməsi və əylənməsi üçün gəzinti yolları, skamyalar, idman meydançası, uşaq oyun parkı mövcuddur. Heykəltəraş Azad Əliyevin müəllifi olduğu heykəllər isə kompleksin həyətinə başqa bir gözəllik bəxş edir. Heykəllər qədimdə Naftalan neftinin daşınmasını və onunla müalicəni özündə əks etdirir. Hoteldə turistlərə rus, ingilis, alman, ərəb, fransız və başqa dillərdə danışa bilən işçilər xidmət göstərir.

Uyğun qiymət, müasir xidmət

Sanatoriya ilə tanışlıqdan sonra mətbuat konfransı keçirildi, infotur iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
“Çinar Hotel & SPA Naftalan”nın baş meneceri Turqay Arı bildirdi ki, Naftalan nefti unikal müalicəvi məhsul kimi tanınır: “Hotelimiz 2011-ci ilin fevralında fəaliyyətə başlayıb. Orta hesabla ildə 10 min turist qəbul edirik. Xidmətlərimizdən istifadə edənlərin sayı ildən-ilə artmaqdadır. Daha çox turist qəbul etməyi qarşıya məqsəd qoymuşuq. Bu baxımdan bir çox yeniliklər və kampaniyalar həyata keçiririk ki, bu da daha çox turist cəlb etməyə şərait yaradır”.
Baş menecer əlavə etdi ki, istirahət və sağlamlıq mərkəzinə daha çox turist cəlb etmək üçün maraqlı paketlər təklif edilir. İkihəftəlik paketlə müalicə və gündə 3 dəfə yemək də daxil olmaqla sutkalıq qiymətlər 59 manatdan başlayır. Bu, ikinəfərlik standart bir nəfər üçün nəzərdə tutulmuş qiymətdir.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirdi ki, infoturun məqsədi Naftalan şəhərinin və ümumilikdə ölkəmizin sağlamlıq turizmi potensialını daha geniş tanıtmaqdır: “Naftalan şəhərini sağlamlıq turizmi sahəsində brendə çevirmək və ilin bütün fəsillərində bu sahəni aktual etmək qarşımızda duran əsas hədəflərdən biridir. Sağlamlıq turizmində unikal müalicəvi əhəmiyyəti olan Naftalan neftinin dünyada tanıdılması vacibdir. Son illər burada istifadəyə verilən yeni turizm mərkəzləri sayəsində Naftalanın keçmiş şöhrəti özünə qayıdır”.
Ruslan Quliyev turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələrin turizmin təbliğinə və inkişafına öz töhfəsini verdiyini dedi. Qeyd etdi ki, Avropa, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstanda Naftalanın turizm imkanlarının tanıdılması baxımından mühüm işlər görülüb. Qərb, Türkiyə və Körfəz ölkələrində də Naftalanın tanıdılması istiqamətində tədbirlər gücləndirilir. Bu sahədə yol xəritəsinin hazırlanması turizmin ən azı 15 illik inkişafını müəyyən edəcək. Assosiasiya sədri turizmin daha da inkişaf etdirilməsi üçün bu sahədə bir sıra güzəştlərin, güzəştli vergi siyasətinin tətbiq edilməsini zəruri hesab etdiyini vurğuladı.
Naftalan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zöhrab Adıgözəlov bildirdi ki, gələn ildən şəhərdə hava limanının təmirinə başlanılacaq: “10 min nəfər əhalisi olan kurort şəhəri Naftalanın sovet dövründəki şöhrətini qaytarmağı və daha da artırmağı qarşıya məqsəd qoymuşuq”.
Qeyd olundu ki, Naftalana ötən il 20 min nəfərdən çox turist gəlib, onlardan 4800 nəfəri xarici turist olub. Bu ilin beş ayında 5000 turist (o cümlədən 900 əcnəbi) gəlib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1200 nəfərlik artım var. Xarici turistlər arasında Qazaxıstan, Türkiyə, Rusiya, Çin və s. ölkələrdən gələnlər üstünlük təşkil edir.

Analoqu olmayan müalicə

Kompleksin baş həkimi Xurşid Namazəliyeva mərkəzdə Naftalan məlhəmi ilə kompleks müalicə prosedurlarının təklif olunduğunu dedi. Qeyd etdi ki, xəstələr bütün növ müayinələrdən keçdikdən sonra nəticələrə uyğun olaraq müalicə kursları başlayır. Müalicə kursu ən çox 21 gün olmalıdır, bu müddətdə xəstə 12 vanna qəbul edir. Ümumiyyətlə, terapevtik effekt alınması üçün ən azı 8 vanna qəbul edilməlidir. Xəstənin durumuna görə bir gün müalicə, bir gün fasilə etmək lazım olur. Oynaq sistemi, dəri, ginekoloji, uroloji xəstəliklərin, sonsuzluğun, xüsusilə də kişi sonsuzluğunun Naftalan nefti ilə müalicəsi mümkündür. Bu müalicə vasitəsinin əks-göstərişləri də var. Ürək-damar sistemi, onkoloji, psixi xəstəliklərdə Naftalan vannası qəbul etmək olmaz. Buna görə də poliklinikada peşəkar həkimlərin nəzarəti ilə xəstələr ciddi müayinə olunurlar.
Baş həkimin sözlərinə görə, istifadə olunmuş neft filtrlərdən keçirilir, tərkibi əlavə qatqılardan təmizləndikdən sonra “generator tankı” adlanan qurğuda bir müddət qalır, orada öz müalicəvi funksiyasını bərpa edir, sonra isə təkrar istifadəyə verilir. Vannalar hər xəstədən sonra xüsusi vasitələrlə yuyulur, sonra başqa xəstənin istifadəsinə verilir. Naftalan neftinin əsas müalicəvi xüsusiyyəti onun tərkibində olan naften hidrokarbonatları ilə bağlıdır. Bu hidrokarbonatlar bir çox sahələrə təsir edir. Əsasən də orqanizmin immun sistemini bərpa edir. 12 növ oynaq və revmatizm xəstəliklərində istifadə olunan məlhəm müalicə müddətində əvvəlcə xəstəliyi kəskinləşdirir, yəni orqanizmi oyadır. Buna görə də 1, 2 və 3 prosedurdan sonra xəstələrdə ağrılar artır. Amma 4, 5, 6-cı vannalardan sonra artıq orqanizm oyanan xəstəliyə qarşı mübarizə aparmağa başlayır və bu zaman Naftalan nefti orqanizmə kömək edir.
“AtaHolding” Şirkətlər Qrupunun Kommunikasiya şöbəsinin rəhbəri Dilara Zamanova bildirdi ki, təmsil etdiyi şirkət və “Ata Travel” ölkəmizdə turizminin inkişafına töhfələrini artırmağa çalışır: “Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün xarici ölkələrdən respublikamıza infoturlar təşkil edirik. Bundan sonra da bu sahədə tədbirlərimizi intensivləşdirməyi planlaşdırırıq”.
İyulun 3-də infotur iştirakçıları Naftalan şəhərinin mövcud infrastrukturu ilə tanış oldular, Heydər Əliyev Mərkəzi, şəhərin istirahət parkları və mədəniyyət ocaqlarına baş çəkdilər.
* * *
İnfotur iştirakçılarda maraqlı təəssürat yaratmaqla yanaşı, mövsümün qızmar çağında gözəl istirahət etməyimizə vəsilə oldu...

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar