Əlavə dəyər vergisinin qaytarılması hansı mallara və kimlərə şamil edilməyəcək, prosedur necə həyata keçiriləcək?

Xəbər verildiyi kimi, ölkə başçısı tərəfindən "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun imzalanaraq qüvvəyə minib. Qanuna dəyişiklik əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) ölkədən çıxarkən qaytarılmasını təsbit edir.

Prezident həmçinin "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Məsələ ilə bağlı danışan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, "Tax free" (ingilisə “vergidən azad”) sistemi turizmin inkişafı məqsədilə beynəlxalq təcrübədə özünü sübut etmiş mexanizmdir. Təhlil nəticəsində müəyyən olunub ki, Avropa İttifaqına üzv dövlətlər, "Böyük İyirmilik" ölkələrinin 70 faizi, region ölkələrindən isə Türkiyə və Gürcüstan "Tax free" sistemini tətbiq edirlər.
Bu sistemə görə xarici turistlərin ölkə ərazisində alınmış mallara görə ödədikləri istehlak vergiləri (Azərbaycanda əlavə dəyər vergisi) həmin mallar ölkə ərazisindən ixrac edilərkən onlara geri qaytarılır. Təhlil göstərir ki, ƏDV üzrə büdcə daxilolmalarında müşahidə olunacaq azalma, sistemin uğurlu tətbiqi nəticəsində artan pərakəndə ticarət dövriyyəsi üzrə vergitutma bazasının genişlənməsi hesabına qısa müddət ərzində kompensasiya olunacaq.
Azərbaycanda manatın devalvasiyası turistlər üçün ölkəmizdə qiymətləri əvvəlkinə nisbətən daha cəlbedici edib.
Ümumiyyətlə, qlobal trendlər onu göstərir ki, turizmin iqtisadiyyata verəcəyi töhfələr arasında alış-veriş həcmi getdikcə öz əhəmiyyətini artıracaq. Bu mənada ölkəmizdə "Tax free"nin tətbiqi qlobal trendlərə uyğun olmaqla Azərbaycanda turizm sektoru üzərindən yeni iş yerlərinin açılması, gəlirlərin artması, kapital qoyuluşu və vergi bazasının genişlənməsi kimi məsələlərə xidmət edəcək.
Yeni qüvvəyə minmiş Qanun və Fərman "Tax free" sisteminin elektronlaşdırılması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması və sadələşdirilmiş prosedurların tətbiqi məqsədilə, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti birlikdə müvafiq işlər görəcəklər. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi, Vergilər Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti birlikdə "Tax free" sisteminin tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini həyata keçirəcəklər.
Qeyd edək ki, “Tax free" sisteminin tətbiqi ilə bağlı ölkə başçısının 12 iyul tarixli fərmanı ilə təsdiq edilmiş qaydalar bu prosesin bütün mərhələlərini əhatə edir.
Sənəd istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan ərazisindən hava nəqliyyatı vasitəsilə aparılarkən geri qaytarılması qaydasını tənzimləyir.
Qayda aşağıdakı mallara şamil edilmir: aksizli mallar; ərzaq malları; dərman preparatları və tibbi ləvazimatlar; ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar; ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar; ixracı üçün lisenziya tələb olunan mallar; çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar; külçə şəklində qiymətli metallar; müşayiət olunmayan baqajla (karqo) Azərbaycan Respublikasının ərazisindən aparılan mallar; nəqliyyat vasitələri və onların ehtiyat hissələri; poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallar.
Qayda bir elektron vergi-hesab fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduğu hallarda tətbiq edilir və alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir.
“Tax free" sistemindən aşağıdakı şəxslər yararlana bilməz: Azərbaycan Respublikasının vətəndaşları; Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilmiş, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər; 14 yaşınadək şəxslər.
ƏDV-nin qaytarılması şərti ilə malların satışı vergi orqanı tərəfindən satıcı qismində qeydiyyata alınmış ƏDV ödəyicisi olan şəxslər tərəfindən həyata keçirilir.
Satıcı pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinə (obyektinə), həmin təsərrüfat subyektində (obyektində) vergi qanunvericiliyinə uyğun olaraq quraşdırılmış nəzarət kassa aparatına və işlək vəziyyətdə olan Pos-terminala malik olmalıdır;
Alıcı tərəfindən pasport və ya digər sərhədkeçmə sənədi təqdim edildikdən sonra satıcı aşağıdakı məlumatları özündə əks etdirən e-VHF-ni Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi-hesab faktura sistemi vasitəsilə tərtib edir və həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür.
ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və köçürmə yolu ilə həyata keçirilir. Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş və ya 10 iş günündən gec olmayaraq xarici və ya milli valyutada bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar