Tanınmış mollanəsrəddinçi satirik şair, publisist, aktyor Əliqulu Qəmküsar haqqında yeni kitab işıq üzü görüb.
  AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fərqanə Kazımovanın “Azərbaycan ədəbiyyatının “Cüvəllağı”sı” kitabı “Mütərcim” nəşriyyatında çap olunub. Nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri Əməkdar elm xadimi, filologiya elmləri doktoru Hüseyn Həşimli və filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərlidir.
   Kitabda Ə.Qəmküsarın həyat və yaradıcılığı yeni arxiv sənədləri əsasında təhlil olunur. Şairin sələfləri və müasirlərindən Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əziz Şərif, Əli Səbri Qasımov və başqalarının mübariz satirik haqqında xatirələri kitabda əksini tapıb. Bu xatirələrdə istedadlı şairin ədəbiyyat və mədəniyyətimizin inkişafında xidmətlərindən bəhs edilir, ömrünün və yaradıcılığının çiçəklənən çağında - 39 yaşında faciəli ölümündən (qətlə yetirilməsindən) doğan dərin kədər və təəssüf hissi duyulur.
   Kitabda şairin əvvəlki nəşrlərdə çap olunmamış şeirləri, satira və felyetonları, həmçinin 1980-ci ildə ədibin 100 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət sənədləri və fotoşəkillər yer alıb.
   
   Fariz Yunisli