Qədim Azərbaycan ədəbiyyatı tarix boyu müxtəlif mərhələlərdən keçib. Təbii ki, sovet dövründə bu ədəbiyyat müəyyən redaktələrə, ixtisarlara, diktələrə məruz qalıb. Ən başlıcası da odur ki, klassik ədəbiyyatın üzərinə pərdələr çəkilsə də, nəşrə hazırlanarkən quruluşun təzyiqi ilə üzləşsə də, yenə də dadını, şirəsini, mənasını itirmədi.
   
   Məhz o klassiklərin hesabına dünya ədəbiyyatının inciləri sırasında Azərbaycan şair və ədiblərinin də öz yeri oldu. Yurdumuz müəyyən dövrlərdə basqınlara məruz qalanda talançıların apardıqları var-dövlətin içində maddi və mənəvi sərvətlərimiz də çox olub. Elə bu səbəbdən də bu gün dünyanın müxtəlif muzey və kitabxanalarında dastanlarımızın, klassik şairlərimizin əsərlərinin əlyazmalarına rast gəlinir.
   Yadımdadır ki, ötən illərin birində Misirin qədim İsgəndəriyyə kitabxanasında Nizami Gəncəvinin əsərlərini görəndə necə qürur duymuşduq. Bir məsələyə təəssüflənərək ürəyimiz ağrıdı ki, Gəncədə doğulan, məqbərəsi əsrlər boyu ziyarətə çevrilən, Azərbaycan şeirinin günəşi Nizami Gəncəvi İran şairi kimi təqdim edilmişdi. Tarix boyu belə olub. Sərvətə, varidata yabançılar göz dikməkdən, mənimsəməkdən, öz adlarına çıxmaqdan heç zaman çəkinməyiblər. Amma Nizami Gəncəvinin kimliyini, millətini dəqiq bilmək üçün ən azından onun əsərlərini oxumaq lazımdır. Yaradıcılığına dərindən bələd olduqda hər misrasından «soyum türkdür» haykırtısı eşidilir. Əlbəttə, bu, başqa bir söhbətin mövzusudur.
   Akademik Feyzulla Qasımzadə haqlı olaraq XIX əsri Azərbaycan ədəbiyyatı tarixində «dönüş dövrü» adlandırmışdır. Onun fikrincə, milli ədəbiyyatda demokratizm, xəlqilik və realizmin coşqun inkişafı bu dövrə bağlıdır. Başqa tədqiqatlarda, elə şəxsən özümün apardığım araşdırmalarda bir məsələni də yəqinləşdirdim ki, XIX əsrdə Azərbaycan poeziyasında yeni milli ənənənin əsası Qarabağ şairləri, xüsusilə də Şuşada yaşayıb-yaradan söz sərrafları tərəfindən qoyulub. Uzun illər bu məsələlər o qədər dürüstlüklə araşdırılmasa da, daha doğrusu, yazılmasa da, klassik ədəbiyyatı, poeziyanı dərindən bilənlər xəbərdardırlar ki, Şuşa ədəbi mühiti XIX əsrdə necə zəngin olub və burada çox görkəmli söz adamları, şairlər yetişib. Nə yaxşı ki, dövlət müstəqilliyimizin bərpasından sonra bir çox sahələrdə olduğu kimi, Azərbaycan ədəbiyyatının tarixi köklərinə də ayna tutuldu. Arxivlərdə toz basmış sənədlərin qatı açıldı, adları çoxumuza bəlli olmayan qələm əhlini tanıdıq. Ədəbiyyat tarixi ilə bağlı bir sıra kitablar işıq üzü gördü və bu dəyərli iş indi də uğurla davam edir.
   Bir neçə il öncə «Nurlar» nəşriyyatında «XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya)» kitabı işıq üzü gördü. Kitabda XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında qısa məlumat və yaradıcılıqlarından nümunələr verildi. 50-yə yaxın şairin poetik dünyasından seçmələr toplanmış yeni nəşrdə ilk dəfə olaraq o taylı-bu taylı bütöv Azərbaycan ərazisində yaşayıb-yaradan, öz dövrünün tanınmış şairlərinin əsərləri oxuculara təqdim edildi. Maraqlıdır ki, kitab məhz şuşalı Abdulla Canıoğlunun müxəmməsləri ilə açılır. Yenə də bu dilbər guşədən ilham alan Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Qasım bəy Zakir, Aşıq Pəri, Xurşudbanu Natəvan, Mir Möhsüm Nəvvab, Fatma xanım Kəminə, Mirzə Rəhim Fəna və başqaları haqqında söz açılır. Eləcə də o dövrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaratmış şairlərin də yaradıcılığına güzgü tutulub. Kitabın sonundakı lüğətdə isə anlaşılmaz söz və ifadələrin mənası verilib. Cənubi Azərbaycanda yaşayıb-yaradan şairlərdən Məhəmməd Xəlifə Aciz, Seyid Rza Sabir, Ziyai Ərdəbili, Xəyali Raqim Ərdəbili, Müztər Təbrizi, Mirzə Kazım Qazi, Nazim Ərdəbili, Mail Mirzə Həsən Əfşar və digərləri haqqında bilgi əldə edirik.
   Əlbəttə, hər bir şairin özünəməxsus şeir dünyası var. Bu kitabda böyük məhəbbətlə və ehtiramla şeirlərini bir daha oxuduğumuz Xurşudbanu Natəvanın könül pərişanlığını əks etdirən ürək nalələri bir daha bizi riqqətə gətirdi:
   
   Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
   Nə də bu aləmə əra dil müqəyyədi-qəm olaydı!

   
   Bizim şair anamız! Bu gileylərin ahəngindəki etirazının nədən ibarət olduğunu anlasaq da, bütün bunlara rəğmən fikirləşirik: nə yaxşı ki Natəvan olub! Məhz onun parlaq istedadı və incə ruhu, həssas qəlbi sayəsində Azərbaycan şeirinə yeni nəfəs, yeni rəng gəlib. Bu gün də hər kəsin həsrətinin meyarına çevrilən, bərkə düşəndə zümzümə etdiyi: «Qoyubdur intizarında, neyçin gəlməz, neyçin gəlməz, Həmişə ahu-zarında neyçin gəlməz, neyçin gəlməz». Sözün də, musiqinin də müəllifləri bəllidir. Amma illərdir ki, biz onu xalq mahnısı kimi sevir və dəyərləndiririk. Çünki bir xanımın bağrından qopan, duyğularını ifadə edən, qəlbini dilə gətirən bu sözlər elə el nəğməsinə çevrilməli idi. Çünki Xan qızı Natəvan el anası idi!..
   Maraqlıdır ki, topluda Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 12 şeiri verilib. Bəllidir ki, böyük dramaturq yaradıcılığa şeirlə başlayıb və «Səbuhi» imzası ilə xeyli sayda poetik əsərlər yaradıb. Təbii ki, onların müəyyən hissəsi itsə də, əldə olunanlar Mirzə Fətəli Axundzadənin bir şair kimi də dolğun və mükəmməl yaradıcılığı ilə seçildiyini təsdiqləyir. Mirzə Fətəli Axundzadənin zəmanəsindən şikayətləri, müxəmməsləri, təcnisləri öz dövrünün güzgüsü kimi təqdirəlayiqdir. Xüsusilə də Qasım bəy Zakirə yazdığı mənzum məktublarda da həm dövrün müəyyən problemləri öz əksini tapıb, həm də Xan qızı Natəvana bəslədiyi ehtiram və hörmət duyulur. O, Zakirə ünvanladığı məktubların, demək olar ki, bir çoxunda Xurşudbanunu məhvəş (məhvəş - ay üzlü, ay kimi, aya bənzər deməkdir - F.X.) adlandırıb. Məsələn:
   
   Xan qızı məhvəşdir, bilir el, aləm,
   Məhvəşlər atəşdir, bizik əqli kəm;
   Yüz il xidmət edə o da bir adəm,
   Yenə düşən dəmdə ona, bil, yanar.
   Xudadan istərəm versin muradın,
   Yamanlığa hərgiz çəkmərəm adın.
   Yolunda zəhmətin, rənci-ziyadın,
   Mən çəkdim, o etdi məni şərmsar

   (utanan, utancaq, xəcalətli - F.X.).
   
   Toplunun təqdirəlayiq cəhətlərindən biri də təqdim edilən şeirlərin müəllifləri tərəfindən yazıldığı şəkildə çatdırılmasıdır.
   
   * * *
   Bu yaxınlarda «Nurlar» nəşriyyatında «XIX-XX əsr Azərbaycan ədəbiyyatı (II cild)» kitabı işıq üzü görüb. Burada həmin əsrlərin Azərbaycan bədii nəsrindən nümunələr verilib. Milli ədəbiyyata maarifçilik məfkurəsi gətirən müəlliflərdən Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundzadənin, Məhəmməd Tağı Sidqinin, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Abdulla Şaiqin, Yusif Vəzir Çəmənzəminlinin və 40-a yaxın digər ədibin yaradıcılığından nümunələr təqdim edilib.
   Xidməti işi ilə əlaqədar uzun illər xarici ölkələrdə yaşamış İsmayıl bəy Qutqaşınlı Polşada olarkən «Rəşid bəy və Səadət xanım» povestini yazmışdır. 1845-ci ildə Mirzə Fətəli Axundzadə povesti oxuduqdan sonra onu Azərbaycan ədəbi ictimai fikrinin inkişaf tarixində «əlamətdar hadisə» kimi dəyərləndirmişdir. Bu əsərin topluya daxil edilməsinin əhəmiyyəti ondan ibarətdir ki, latın qrafikasına keçildikdən sonra bir sıra klassik yazıçılarımızın əsərləri hələ də yeni əlifbada çap edilməmişdir. Bu mənada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin yaradıcılıqlarından seçmələri bir topluda birləşdirmək oxucunun da köməyinə çatır.
   Mirzə Cəlilin beş hekayəsi kitaba daxil edilib. Vaxtilə orta məktəb illərində böyük maraqla oxuduğumuz «Qurbanəli bəy», «Poçt qutusu», «İranda hürriyyət», «Usta Zeynal», «Quzu» bu gün də öz aktuallığını itirməyib.
   Azərbaycan ədəbiyyatının ilk nəsr nümunələrindən sayılan «Neft və milyonlar səltənətində» adlı povest mövzusu ilə o zaman ədəbiyyatımızda əlamətdar hadisə sayıldı. Çünki neft və milyonlar şəhəri Bakıda hədsiz qazanc dalınca düşən tiplərin miskin aqibəti bu əsərdə inandırıcı şəkildə öz bədii ifadəsini tapmışdır. Əsərin müəllifi Qori Müəllimlər Seminariyasının məzunu İbrahim bəy Musabəyovdur. Povest vaxtilə məşhur aktyor Hüseyn Ərəblinskinin diqqətini cəlb etmiş və o, əsərin kinoya çəkilməsi üçün təşəbbüs göstərmişdir. Nəticədə povest ekranlaşdırılaraq 1916-cı ildə nümayiş edilmişdir. Bununla da Azərbaycan kino sənətinin bünövrə daşlarından birinə çevrilmişdir.
   Əvvəlki cilddə olduğu kimi, yeni nəşrdə də Cənubi Azərbaycanda yaşayıb-yaratmış nasirlərin yaradıcılığına müraciət edilib. Kitabın bu şəkildə hazırlanması bütövlüyün, birliyin rəmzi kimi xoş təsir bağışlayır. Toplunun sonunda şifahi xalq ədəbiyyatından müəyyən nümunələr - nağıllar, rəvayətlər, lətifələr, tapmacalar toplanıb. Onları oxuduqca duyduğumuz ideya və mənalardan belə aydınlaşır ki, bu müəllifsiz yazıların doğulduğu dövr də elə XIX əsrə təsadüf edə bilər. Çünki hər bir bədii sənət əsəri öz dövrünün poetik xəritəsi deməkdir.
   Kitabda diqqətçəkən məsələlərdən biri də Xalq şairi Söhrab Tahirin nasir kimi təqdim edilməsidir. Müəllifin burada dörd hekayəsi verilib. Hər bir nəsr nümunəsində vətən məhəbbəti, yurddan didərgin düşmüş soydaşlarımızın keçirdiyi hiss və həyəcan duyulur.
   Hər iki cildin tərtibçisi Salatın Əhmədova və Teymur Əhmədovdur. Toplulara filologiya elmləri doktorları, professor Qara Namazov və Sabir Əmirov rəy veriblər. Cildlərə yazılan ön sözün müəllifi filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. Onun fikrincə, zaman ötdükcə xalq həyatının bədii ədəbiyyatda daha aydın, dolğun və ətraflı təsvir olunduğu diqqət çəkir: «Qabaqcıl dünyagörüşlü yazıçılar müasirlərinin həyat tərzini, arzu və istəklərini, mübarizəsini yeni bədii forma və məzmunda qələmlə təsvir etməyə çalışırdılar. Azərbaycan ictimai-fəlsəfi məfkurəsində yenicə formalaşmaqda olan maarifçilik ideyaları ilkin maarifçilərin yaradıcılığında öz əksini taparaq bədii ədəbiyyatın inkişafına təsir göstərib».
   Həqiqətən də, XIX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatı Mirzə Fətəli Axundzadənin çoxcəhətli yaradıcılığı ilə yeni inkişaf mərhələsinə daxil oldu və ondan sonra ədəbiyyata gələn yazıçılar maarifçilikdən demokratizmədək ideya işığında milli nəsrin misilsiz nümunələrini yaradaraq Azərbaycan ədəbiyyatı xəzinəsinə ölməz əsərlər bəxş etdilər. Bu xəzinə elə parlaq incilərdən zənginləşdi ki, müasir dövrdə həmin varidatı araşdırdıqca Azərbaycan şair və nasirlərinin necə böyük ədəbi abidələr yaratdığının şahidi oluruq. Bəzən də bu şahidlik, bu məftunluq ağlagəlməz dərəcədə heyrətə çevrilir. Təzyiqlərin, basqıların, maddi çətinliklərin hökm sürdüyü bir dövrdə Azərbaycan ziyalıları necə böyük ürəyə, dünyagörüşünə, sarsılmaz əqidəyə malik olublar. Bütün varlıqları ilə xalqı, milləti ürəkdən sevərək onun işıqlı gələcəyini düşünüblər. Ürəklərindən aldıqları oddan qələmləri ilə zülmətdə günəş kimi parlayaraq ətrafı nurlandırıblar ki, insanların təfəkküründə bir yenilik yaratsınlar, maariflənməyə, inkişafa, tərəqqiyə meyl güclənsin. Bu cildlərdə toplanan ədib və şairləri oxuduqca bir məsələnin mütləqliyini daha da yəqin edirsən. Bu unudulmaz şəxsiyyətləri bir məsələ daha çox birləşdirirdi - mənəvi dəyərlərin mühafizəsi, mənəviyyat, gələcəyə ümid, işığa can atmaq, mükəmməllik, daxili zənginlik, elmə, maarifə məhəbbət. Əslində onların bir çoxu azərbaycançılıq, türkçülük, millətsevərlik ideyalarını öz əsərlərinə ilk dəfə gətirərək dolğun şəkildə maraqlı ştrixlərlə təsirli qələmə alıblar.
   Təəssüf ki, bu gərəkli toplular bir sıra texniki qüsur, korrektura səhvlərindən də xali deyil. Yaxşı deyiblər ki, Ayda ləkə tez görünər. Məsələn, mündəricatda (II cild) Qutqaşınlı «Qurtqaşınlı» kimi gedib. Eləcə də hər iki cilddə bəzi şair və yazıçıların doğum tarixləri səhv göstərilib. Əlbəttə, bunu həmin səhvlərin gələcək nəşrlərdə təkrarlanmaması üçün söylədik.
   Əslində bu cildlərin nəşrə hazırlanmasında tərtibçilər çox böyük zəhmət çəkiblər. İlk baxışda asan görünə bilər ki, hazır materialları bir arada düzməyə nə var? Amma xronoloji ardıcıllığa, zamana riayət etmək, hər bir müəllifin yaradıcılığından nümunələr seçmək tərtibçidən səbir, diqqət, təfəkkür, ən başlıcası da can yanğısı tələb edir. Tərtibçilik də yaradıcılığın bir formasıdır. Çünki hər hansı bir toplunun uğuru məhz tərtibçinin ədəbi zövqündən, doğru seçimindən asılıdır. Bu mənada hər iki kitabın tərtibçiləri - Salatın Əhmədova və Teymur Əhmədov öz işlərinin öhdəsindən ustalıqla gəliblər.
   Kitablar ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulsa da, bu nəşrlərdən ədəbiyyatsevərlər, mətbuat işçiləri və geniş oxucu auditoriyası istifadə edə bilər.
   
   Flora Xəlilzadə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar