Adaşlardan qılınclının bığları eşmə-eşmə idi, qələmlinin sözləri seçmə-seçmə...
   
   Bədahətən (həqiqətən birdən-birə) belə gələn bu başlıq mənə belə bir “ayaq”lıq diktə edir: Qılınc-Nəbi dağlarımızda at oynatdı, Qələm-Nəbi dərələri də dağlar kimi ucaltdı. Birinə “Papağı güllədən deşmə-deşmədir”, - dedilər, biri “Sənət basılmayan məğrur qalamdır”, - dedi. O, igidliyilə el-elatına həyan oldu, bu, istedadıyla məmləkətimizin qəlbini bu dünyaya bəyan etdi. Baba-Nəbi bu dünyanı Boz at belində tərk etdi, nəvə-Nəbi yaz-yoz at yəhər-təhərində...
   
   Qəhrəmanlar, elm, ədəbiyyat-sənət adamları günlərin, aylar-illərin, bir sözlə, tarixin hərəkət-bərəkətsiz, başına-boşuna keçməməsinin xilaskarlarıdır. Onların yaratdığı qürur, əməl, söz arxivləri qüdrətdən yaradılmışların bəşər əlavəsidir. Eralarda, minillik-yüzilliklərdə, illər-günlərdə, saniyələrdə nə qədərlərlə olaylar yatır!
   Bu möhtəşəm tünlükstanda doğum tarixçəni yadda saxlatdırmağın özü də bir qələm-qoçaq Nəbiliyi deyilmi? Yarada-yarada, istedadından, könül sərvətindən bac-xərac verə-verə diqqətlərdən öc alıb, xalqın mədəniyyət tarixinə düşməyi deyirəm. Belələrindən biri də hər “10 dekabr” deyəndə ən əzəl yada düşən gözəl şairimiz Nəbi Xəzri!
   Evin sevimlisi olan, gələcəyin seçilmişi olası bu soydaşımız paytaxtımızın lap yaxınlığında - Xırdalan kəndində doğuldu, Nəbi adı aldı. İyirmi yaşına çatar-çatmaz, nə kəndinə sığışdı, nə soyadına. O vaxtadək Xəzərin gilavarıyla mehlənib, xəzrisiylə sərinlənən milyonlara qoşular-qoşulmaz, zövqalanlar qismindən seçilib, günü-gündən məşhurlaşan zövqverənə - Nəbi Xəzri isminə çevrildi. Gah həlim, gah fırtınalı təxəllüs “adaş”ının “qovğalı dalğalar”ını poetik-poetik, qırçın-qırçın, pıçıl-pıçıl pıçıldaşdırdı. Buruqlarını “başını bara əyib, vara qaldıran” təvazökar varlıqlara oxşatdı. Bakı fəhlələrini “aləmi bəzəyib, ailəsinə çıraq tutan vətəntikənlər”ə bənzətdi. Abşeronun meynə kölgəliklərini təbii “meyxana”lara, əncirlərini bal arısı pətəklərinə, adamlarını folklor cəmiyyətinə, təblilərini söz, cavanlarını göz ovçularına timsal etdi. Yaşı on yeddiyə yetməmiş istehsalata, on səkkizə çatmamış müharibəyə getdi. 1943-cü ildə yaralanıb tərxis olunsa da, doğma vətənə sapsağlam bir yaradıcılıq ruhu ilə qayıtdı. Elə həmin ildən müharibənin sonunadək “Kommunist” qəzeti redaksiyasında korrektor, sonralar sədr müavini seçiləcəyi Azərbaycan Radiosunda diktor işlədi.
   Beləliklə, Babayev Nəbi Ələkbər oğlu - Nəbi Xəzri - öz xidmətləri, təkrarsız yaradıcılığı, SSRİ və Azərbaycan Dövlət mükafatları, “Xalq şairi” adı ilə “10 dekabr 1924-cü il” tarixçəsini xalqın yaddaş salnaməsinə köçürdü.
   Anadan istedad və seçkin qabiliyyətlərlə doğulmuş gənc Nəbi Xəzriliyə doğru çox iri və təəccüb doğuracaq qədər diri addımlarla irəliləyirdi. Lakin bu yol ali təhsil körpüsündən keçməliydi. Belə də oldu və özü də necə! 1945-dən 1952-yə qədər onun adı iki universitet, bir institut jurnallarına yazıldı. O öz şair ürəyi başında üç tələbə bileti daşıdı: 1945-47-də Azərbaycan Dövlət Universiteti (BDU), 1947-49-da Leninqrad (Sankt-Peterburq) Dövlət Universiteti, 1949-50-ci illərdə Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu. Bu universal (şair, nasir, dramaturq, publisist, tərcüməçi) ədibimizin yaradıcılığı, ictimai xidmətləri, vəzifə görəvləri çox geniş, təqdimatı daha vacib olduğundan, xeyli dərəcədə maraq doğuran universitet-institut macəraları üstündən sükutla keçməli oluram.
   
   Öncə “rəsmiyyət” yaradıcılığı
   
   Moskva Ədəbiyyat İnstitutunu bitirdiyi gündən 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləməyə başlayır. Nəbi Xəzrinin (müasirlərinin söyləmələrinə görə) məsləhətlərilə istedad “külçə”ləri yonula-yonula parlayıb ədəbiyyat evimizə işıq saçanlar da olub, pedantlıq kələf-kələkləri açıla-açıla, yamaq götürməyən bu əbədiyyət evindən qələm atıb, baş götürüb qaçanlar da.
   1957-58-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi kimi çalışır. Sonra gəlir 1959-65-ci illər ki, o çağlar yazıb-yaratmaq eşqilə çağlayan şair Yazıçılar İttifaqının katibi vəzifəsində işləyib.
   Daha sonra (1965-71-ci illər) isə özəl-gözəl sənətkarımızın “rəsmiyyət yaradıcılığı”nın “zirvələrə-süftələr” dövrü başlayır. Öncə, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini kimi, efir-ekranımıza intellektual mizan-düzən, kolorital dil-üslub, səs-nəfəs gətirir. Sonra respublika mədəniyyət nazirinin müavini olaraq, o vaxtlar adına “təşəbbüs” deyilən layihələrə qol qoyur, milli düşüncələri, vətəndaş çaba-çalışmaları ilə yorulmadan çalışır, kültürümüzün arxeoloji-genolojiliklərini daha qədimi gerilərə, şan-şöhrət gələnəklərini daha irəlilərə aparır.
   Ömrünün əllinci ilindən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti Rəyasət Heyətinin sədri vəzifəsinə təyin edilən Nəbi Xəzri 1992-ci ildə “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı ilə fəaliyyət göstərən həmin təşkilatın prezidenti seçilir.
   Nəbi Xəzri çox vəzifələrə təyin edildi, seçildi, amma həm də əhatəsindəkilərdən xeyli, bəzən də çox seçildi, fərqləndi, baxışların, nəzərlərin bütün rakurslarından göründü. Bax bu an rəhmətliyin ruh qutluğu naminə çox xatiratlar söyləmək istəyim olsa da, səhifə həcmi baxımından birciyini boylayım: İsmayıllı rayonundakı kəndlərdən birində “bağ belə-bostan belə” motivli sovet dastanı söyləyən kolxoz sədri “büdcəmizdəki məbləğə görə də rayon üzrə başda gedirik!” deyib, hörmətli qonaqdan məmnun baxış, sürəkli alqış gözləyirkən, Nəbi Xəzrinin tonallıqca asta, zəhmcə ağır və usta sözlərini eşidir: “Başda gedən o məbləğlə nöşün bu kolxozçuların cırıq ayaqqabılarını da yamatdırmırsız?!”
   
   Yarları yarıdan könül...
   
   Altmış il yaradan könül... Bu könülün hansı ilməsindən başlayıb, hansı notunda qurtarasan? Çəmənzarındakı hankı gülünü gülləyib, ritmik qafiyəstanındakı hankı ladı tutasan? Saysız mahnı mətnlərini sadalayıb, bütün bunları məndən də yaxşı bilən, məndən də çox sevən oxucumuza “başağrısı” edəsən?..
   “Hər çiçəkdən bir ləçək” daha məqbuldu, məncə. Və öncə mahnılarından birini çəkək meydana. Özü də yazı başında ad-yad etdiyimi. Öz yazarı - qələm-qazarı ilə dağlar kimi ucaltdığı “Dərələr”i. Həm də bu şairin yaradıcılığı haqda yazılmış kifayət qədər yazılardan, tədqiqatlardan bir xeyli fərqli yozumda.
   Klassik şairlərimiz, aşıqlarımız çox deyiblər, çox yazıblar dağlar haqqında. Hərəsinin ayrıca bir dağ obrazı, “dağ qardaşı”, dağ sirdaşı var onların. Dərələr - aşağılıq ehtiva edən dərinliklər barədə isə bu “şəhər balası”ndan yaxşı deyən bir “kəndçi balası” tanımam!
   “Yaşıl-yaşıl dərələr”. Yaxşıdır, amma ağılagəlmə, deyilmə mümkünlüyündən xali də deyil. Bəs, “mışıl-mışıl dərələr”?! Bəs, “Sizdən qalxan dumanlar dağlara salammıdır”?! Yox, əfəndilər, məni məzur tutun, bu, deyəsən, ədəbi Kolumbluqdur. Bu, “Qumral gözlərinlə al...” kimi ecazkar ifadələrilə duyğularımızın canını alan Müşfiqlikdir, “...çəkməyə dara xoş gəldin!” “cinayətli” Ələsgərlikdir. Bu mahnının təbii havası, təbibi davası ilə qəlblərini müayinə-müalicə edənlərin sayı da çox, sanbalı da. Canlarını “Can-cana” kimi “zahı” diringilərə sadağa edənlərçünsə, o şeirdən bir neçə bəndə bənd olmaq gərək:
   
   Çinarlar qatar-qatar,
   Qalxıb zirvəyə çatar,
   Dağa qısılıb yatar,
   Mışıl-mışıl dərələr,
   Yaşıl-yaşıl dərələr...
   
   Sevdiyiniz ağaclar -
   Küknarmıdır, şammıdır?!
   Sizdən qalxan dumanlar
   Dağlara salammıdır?
   
   Quş kimi üstünüzdən
   Qanad çalım, dərələr!
   Şamlıqda bir axşamlıq
   Qonaq qalım, dərələr!
   
   Pir olmuş şair hansısa bir poetik səhərdə, axşamda, ya sentimental bir gecədə bunu yazıb, məsələni başa vurub durmuşdu. Ancaq hansısa bir melodik günün axşamındamı, səhərindəmi nur olmuş ustad müğənnimiz Şövkət xanım Ələkbərova bu sözləri avaza çəkib bizi havalandırdı və bu “Məlikməmməd”i mahnının “yandım, çəkin!” dəmində şairin növbəti bir yanğılı şeirilə alovlanmağa başladı:
   
   Əgər ki yıxılsam, çinar göstərin -
   Mən ona söykənib arana baxım.
   Gözlərim görməsə, Göygölü verin,
   Mən onun gözüylə cahana baxım.
   Hər yerdə, həmişə sənsən gümanım -
   Canım-gözüm mənim - Azərbaycanım!
   
   Bir “gözqırpımı”lıq “taym-aut” edin ki, - məni emosionallıqda qınayasılara ciddi təşəkkür, həmkarlıq edəsilərəsə belə bir xitab etmək istər könül: arana rahat baxmaq üçün buradakı poetik çinardan daha təbii və etibarlı dayaq, cahanı seyr üçün buradakından daha ekzotik, aydın, alagöz göz, neo-optik eynək, bədii-parlaq bəbək varmı?
   Bu əda-ədatsız sualımı ədalətlə cavablandırmağınız üçün davam edək:

   Sən günəş, mən isə bir zərrə kimi -
   Diriykən oğlunam, ölsəm - torpağın.
   Sən ki döyündürdün mənim qəlbimi -
   Sən uca çinarsan, mənsə yarpağın.
   Mənəm sənin özün, ey eşqim-canım,
   Sənsən özüm mənim - Azərbaycanım!
   
   “Məsələ”dən çıxış yolu tapa bilməyənlərçün həzmi-həbvari “qırxıncı qapı”:
   
   Sizlərdən yollar keçər,
   Siz - yaxşı ki varsınız,
   Dərələr!
   Zirvələrə açılan
   Geniş qapılarsınız -
   Dərələr!..
   
   Könlünüzü poeziya üstdə kökləmişkən, şairin “Şeir nədir mənimçün” şeirindən üç bənd:
   
   Dağlar tək ucadır, ümman tək dərin,
   O mənə qanaddır, mənə inamdır.
   Sehrli səsidir o, göyün, yerin,
   Bir adı ölməzlik, biri ilhamdır!
   
   Şöləsi olsa da neçə min sirrin,
   Şeirsiz günlərim zülmət axşamdır.
   Alnımda şırımı mirvari tərin
   Ömrüm də şeirlə əriyən şamdır.
   
   Hicranı acıdır, əzabı şirin,
   Şeir mənim balam, mənim bəlamdır.
   Balamdır, qalamdır, bir də inamdır!..
   
   Bu mənalardan, bu vətəndaşlıq, əbədi çağdaşlıqdan, daş-qaşa bənzər coş-qoşluqdan sonra (lap belə səhifədə yer qalmasa da), bu duyğupərvər şairin digər şeirlərindən nümunələr gətirməyə yer qalırmı?
   Oxucularla bahəm, sizə də xitab edirəm - “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və sair və ilaxır kitablar!
   Səninləyəm də - “10 dəqiqə poeziya”, “Çiçəklənən Abşeron”, “Zirvə buludu”, “Şeir mənim üçün bir kainatdır”, “Nəbi Xəzri”, “Şeirin xəzrisi” kimi kino-telelentlərdən ibarət filmoqrafiya xonçası!
   Sağlığında “Torpaq, sənə and içirəm!” deyib getmiş qəlb oğluna əbədi ana qucağı açmışa da: Nurla dolasan!..
   
   Tahir Abbaslı