Yolların  yorğunuyam-
üstümdən yolların tozunu-
getmir ki, getmir- 
çırpıram illər uzunu.

Dərd  əsər elər, kimsə təksə.
Dözməyə, yaşamağa üzü bərksə.
Fil çəkə bilməzdi, əgər çəksə
Yarı yolda bükərdi dizini.

  
“Yazan belə yazdı, belə yazdı”- deyib gözlədim,
  mənə bu da azdı.
Bu gecənin qarasına kimsə baxmazdı
Mən oldum dözəni.
  Gördüm səhərin ağ üzünü.

* * *

“İzdihamla dolu olmasına baxmayaraq, yol kimsəsizdir. Çünki onu sevən yoxdur”.
   R.Taqor.

Gəl, əl-ələ tutub qaçaq,
Bu dünyadan uzaqlaşaq.
Sən tənha, mən dərdli uşaq,
Yol, apar məni.

  Məhəbbəti qoyaq gedək,
  Əzabından doyaq gedək,
  Gəl elə bu sayaq gedək,
  Yol, apar məni.

Nisgilimi bir az azalt,
Sonsuzluğun qoynuna at.
Sinən həsrətlidir- çat-çat
Yol, apar məni.

  
  Buludların altı ilə
  Gedək itək gözdən elə
  Sevə-sevə son mənzilə
  Yol, apar məni.

DAŞ ADAM

Çoxdan, lap çoxdan hələ sağ idi.
 Sənə, mənə daş atan adam
Kefi kök, damağı çağ idi.
Yetib-yetməyənə daş atan adam.

İndi lap çoxdan ölüb.
Yerində özü boyda qəbri qalıb.
Yoldan hər gedən-gələn,
Adını oxuyub bilən bu qəbrə daş atır.
Daş qəbir susub.
Kimin ixtiyarı olsa onu qəbirdən durğuzub
min kərə öldürər.
Kimsəsizlik ac qurd kimi bağırır bu qəbirdə.
Daş-daşı, kəsək-kəsəyi çağırır bu qəbirdə.
Ömrü boyu sinədə daş gəzdirən adam.
Cəzandı daş yağışı, qəbri daş bitirən adam.
Bu qəbrə daş atan, daş atan.
Burda bir daş adam yatır
 daş adam, daş adam.

* * *

Yazın ilk gecəsi hamının
sevinc yağan gözlərindən
oğurlanıb hönkür-hönkür ağlamaq istəyirəm.
Havayı itirdiyim nələr üçün.
Saatbasaat, günbəgün əkiz tək bənzəyən günlər üçün
Ana bətnindən mənlə bir gələn kədər üçün.
Sevilmədiyim neçə an üçün
Dərdindən ölmədiyim oğlan üçün
Ağlamaq istəyirəm doyunca, için-için.
Pəncərədən görünən pöhrə tumurcuq- yaşamağa artan həvəsim.
Tumurcuq boyda ümid varsa əgər
Gələn qışadək yaşamağa dəyər.

Axşamçağı. Qürubdur daha.
Bir məzar boylanır dünyaya tənha.
Qulaq ver səsinə, gileyinə
Öz kimsəsizliyinə
ağlayır məzar
O giley ünvanında mənim də bir payım var.
Qəm çəkmə, yanında yer payım var.


     * * *


Qaranlıq kənd gecəsi. İt hürüşməsi. Toy səsi.
İşıqsız bir evdə tənha qız ağlayır.
Qulağını bağlayır eşitməməkçün qız
Küskün qız, qəmgin qız.
Qınamayın kədərinə ağlayır.
Barmağından izi itən üzük yerinə ağlayır.
İnsafsız əlində oyuncağa dönən qız
Doğmalar içində yalqız.
Ovundurmaz onu kənd gecəsi,
it hürüşməsi, toy səsi.
Boğazında hıçqırıq
qırıq-qırıq.
Bir ev işıqsız ağlayır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar