Bir kitab haqqında düşüncələr
   
   Natiq Məmmədlini səriştəli redaktor, həssas həmkar, sədaqətli dost və qayğıkeş insan kimi tanıyıram. Hələ «Yeni Azərbaycan» qəzetində çalışdığı illərdə insanlarla davranış mədəniyyəti, ətrafında olanlara səmimi münasibət və digər məziyyətləri çox xoşuma gəlirdi. Sonralar «Kaspi» qəzetinin baş redaktoru vəzifəsində işləməyə başlayanda həmkarlarına, xüsusilə də istedadlı qələm sahiblərinə, tanınmış yazıçılara, şairlərə, yaradıcılıqda ilk addımlarını atan gənclərə diqqətini əsirgəmədi. «Kaspi» qəzetinin şənbə günləri xüsusi olaraq ədəbiyyat səhifələri verməsi həm təsisçi Sona xanım Vəliyevanın, həm də baş redaktorun bu sahəyə göstərdikləri diqqəti əks etdirdi.

   Doğrudur, bu qəzetin səhifələrində Natiq Məmmədlinin maraqlı yazılarını ara-sıra oxuyuram. Ayrı-ayrı yazıçılar haqqında düşüncələrini qələmə alan müəllifin təhlilə çəkdiyi problemə, mövzuya öz mövqeyi, öz baxışı var. Təkrarçılıqdan uzaq olan Natiq Məmmədli təbiəti kimi qələmində də orijinaldır. Söz insanın içinin ətridir. Həqiqətən belədir. Sənin daxili dünyanda nə varsa, potensialın nədirsə, sözlə ifadəndə duyulur. Natiq Məmmədli cəsarətli, milli düşüncəli, bəşəri məramlı, bir sözlə, keçmişini bilən, bu gününün təzadlarından düz yolu seçən qələm sahibidir. Bu fikri mənə söylədən isə onun bu yaxınlarda çapdan çıxmış «Ləyaqət düsturu» adlı hekayələr kitabıdır.
   Açığı, mən bunu dəfələrlə etiraf etmişəm ki, yeni nəşrləri çox ehtiyatla, bəzən də həvəssiz vərəqləyirəm. Natiq Məmmədlinin jurnalist kimi imzasını tanıdığım üçün yazıçı məharətindən, qabiliyyətindən, nə demək istədiyindən xəbər tutmaq mənə maraqlı gəldi. Son illərdə birnəfəsə oxuduğum kitablardan biri də gənc həmkarımın avtoqrafla göndərdiyi ilk hekayələr toplusu oldu.
   On səkkiz hekayənin cəmləndiyi kitaba Xalq yazıçısı Anar maraqlı bir ön söz yazıb. Bu yazıçını yaxından tanıyanlar gözəl bilirlər ki, Anar müəllim hər kitaba ön söz yazmaz. Sözə məsuliyyətlə, xüsusilə də tərifli sözə yaxşı mənada xəsisliklə yanaşan Anarın gənc həmkarı haqqında bu cür geniş ürəklə müsbət fikir bildirməsi diqqətəlayiq hadisədir. Deməli, ədəbiyyata həqiqətən istedadlı və maraqlı nasir gəlib. Anar müəllim yazır: «Hekayələrinin diqqətimi çəkən cəhətlərindən biri bu oldu ki, müəllif təkrarlanan problemlərə, mətləblərə fərqli yanaşmağa çalışır. Bir cəhəti də xüsusi vurğulamaq istərdim, Natiqin qələminin bitkinliyinin əsas göstəricilərindən biri və məncə, ən başlıcası, yazardan xüsusi istedad tələb olunan prinsipə əməl etməsidir; müəllif susmaq lazım gələn məqamda özü danışmır, mətləbi ifadə etmək imtiyazını obrazların özünə verir, hadisələri, bədii detalları «dindirir». Bu baxımdan onun «Kloun», «Korun gördüyü gələcək», «Beş atanın ögey oğlu» və s. hekayələrini fərqləndirmək olar».
   Yeni nəşrin ilk hekayəsi «Ləyaqət düsturu» adlanır. Müəllifin qəhrəmanları kimdir? Onlar bizim hər gün gördüyümüz həmkarlarımız, qapılarını döydüyümüz qəhrəmanlarımız, bəzən də aramızda, qonşuluğumuzda, eləcə də bizimlə bir müəssisədə işləyən insanlardır. Natiqin müşahidə etdiyi, gördüyü, duyduğu hadisələr, yəni həyatdan gələn hekayələr sadə, lakin diqqətçəkən, maraq doğuran bir üslubla oxucuya təqdim edilib. Əslində, mən Natiqin öz üslubunun tərifini vermək istədim, xəyalıma böyük türk yazıçısı Əziz Nesinin hekayələri gəldi. Ümumbəşəri ədəbiyyatda onun saldığı böyük yolda bir neçə imza sahibi gördüm. Nədənsə, sonda gözümə Natiq Məmmədli dəydi. Adını çəkdiyim hekayədə tənqid atəşinə tutulan Cəsarət müəllim onu gülüş hədəfinə çevirmiş jurnalistin əlindən zəncir çeynəyir. Özünəməxsus narazılıq edir: «Bax gör nə yazıblar, qurumsaqlar! Deyirlər, bu idarədə heç kim yerində deyil. Guya mən də bürokratam. Gör, nə savadsız jurnalistdi, cəmi iyirmicə ildir eyni vəzifədə işləyən adama bürokrat deyərlər? Bu da xalqa xidmətin axırı». Onu öyrədirlər ki, qəzeti məhkəməyə versin. Soruşur ki, necə? Başa salırlar: «...filan qəzet filan məqaləsində ləyaqətimə toxunduğuna görə məndən üzr istəməlidir. Hələ üstəlik filan qədər də cərimə ödəməlidir». Bəli, əsas «axtarış» da bundan sonra başlanır. Bəs bu ləyaqət düsturu necə olmalıdır? Onu almaq olarmı? Onu satmaq mümkünmü? Ümumiyyətlə, bu müəmmalı dünyada, bu təzadlı insanların varlığında ləyaqət tapılarmı? Ləyaqətə qiymət axtaranlar, onun şəklini çəkənlər, formulunu «kəşf» edənlər sonda əliboş qalırlar...
   Əslində, Natiq ciddi müəllifdir. Hekayənin ahəngində də, hətta gülüş doğuran hadisələrin ahəngində də belə ciddilik var. Amma ötən əsrdə yaşamış neçə-neçə yazıçımızın göz yaşı içərisində gülüş, qəhqəhələrin ortasında faciə yaratdığının şahidi olmuşuq. Bax, Natiq Məmmədli də belədir.
   Gözəl və nəcib duyğuların, düşüncələrin sahibi olan nasir dostumuz öz hekayələrində insanı mənəvi cəhətdən saflaşdıran, zənginləşdirən mövzularla bağlı elə problemləri işıqlandırıb ki, onun yaradıcılığında həyatın bütün rəngləri öz əks-sədasını tapıb.
   Əslində, bu hekayələrin hər birinin özəyində həyat həqiqəti var. «Kloun» hekayəsi də bu mənada çox düşündürücüdür. Müəllifin qələmə aldığı bütün hadisələrin məğzi insanı mənəvi cəhətdən saflaşmağa, durulaşmağa hesablanıb. Harınlamış Lütfinin adi insani duyğulardan, davranışdan uzaqlığı, bir parça çörək qazanmaq naminə restoranda klounluq edəni çarəsiz vəziyyətə və ələ salması, lağa qoyması öz uşağının dilində qiymətini alır. Hekayənin sonluğundakı bir məqama fikir verək: «Kloun suyu süzülə-süzülə göldən çıxıb uşağa yanaşdı, topu ona uzatdı. Uşaq pıçıltı ilə:
   - Sən kişisən? - dedi.
   - Mən klounam - cavab verdi.
   - Bəs kişi kimdir?
   - Kişi sənin atan, əmin, dayın...
   - Mən də kloun olmaq istəyirəm... - Uşaq bu dəfə bərkdən dedi».
   Uşağın bu qərarı verməsinə səbəb isə atasının klouna göstərdiyi qeyri-insani münasibət idi. Doğma atası gözündə heçə dönmüşdü. Kloun isə bir kişi simasında qaldı.
   Natiq Məmmədlinin hekayələrində qələmə alınan əhvalatların çoxu sadəcə danışılır, müəllifin müdaxiləsi, münasibəti duyulmur. Nəticə haqqında düşünmək oxucunun öz ixtiyarına verilir. Bir məziyyət də diqqətimi çəkdi ki, müəllifin sözə münasibəti çox məsuliyyətlidir. Bu mənada onun qələmindən çıxan hər bir hekayənin öz məntiqi, öz ünvanı və məramı var. Hər hekayə lakonikdir, sadə və estetik təsir gücünə malikdir. «Mənim birinci yalanım», «Beş atanın ögey oğlu», «Balaca məmurun təbriki», «Arzuların qənimi», «Həkimə gedən məğrur adam» və s. mənəvi dəyərlərimizin hifz edilməsinə yönəlib.
   «Yaxşı anaların oğulları» hekayəsi kitabın maraqlı səhifələrindən biridir. Bir avtobusun sərnişinləri öz övladlarından danışırlar. Ana həbsxanaya düşmüş oğlundan gileylənir, bir başqası sözünə qulaq asmayan övladının qarasınca danışır, qırmızı paltarlı bir qadından isə «sənin də oğlun varmı» soruşurlar. «Əlbəttə» cavabını alırlar. Ana özünəməxsus bir ağayanalıqla «indi gedirəm yanına» - deyir. Neçə yaşı var - deyə soruşurlar. «19». Qəribə məsləhət verdilər anaya: «Çox cavandı ha, üz vermə ona». Ana susur. Sonda sürücü soruşur: «Şəhidlər xiyabanı, düşən var?» Qırmızı paltarlı qadın kədərli səslə «hə, mən düşürəm» söyləyir.
   Bu bir Azərbaycan xanımının - şəhid anasının məğrur obrazıdır. Bu dolğun və bitkin surəti işıqlı yaratdığına görə müəllifə minnətdaram.
   «Vaxtı keçmiş sitatlar» hekayəsi sovet dövründə dissertasiya müdafiə etmək istəyən, lakin həyatın, dövrün gərdişlərinə tuş olaraq arzuları ürəyində solan bir şəxsin alimlik arzusuna çatmamasından bəhs edir. Əslində, bu hekayədə olmuş-bitmiş bir hadisə danışılır. Quruluşdan quruluşa yol gələn bu mövzunun əks-sədası indiki günlərdə də təəssüf ki, baş verir. Ağıllı, mədəni, nəzakətli insanlar sinəsindən itələnir, elmi işləri min arşın quyunun dibinə salınır. Bax, bu məqama müəllifin etirazı duyulur.
   Mənə elə gəlir ki, Natiq Məmmədli reallıqlardan doğan belə mövzuları qələmə almaqla arzulayır ki, həyatımızın ahəngi pozulmasın, doğru söz yerdə qalmasın, doğru işin qarşısı alınmasın. Əslində, xoşbəxt yaşamaq, cəmiyyətdə yer tutmaq üçün hazır resept yoxdur. Mənəviyyatca zəngin, daxilən güclü, bilikli, savadlı, vətənpərvər, ağıllılar üçün yaxşılıq ünvanı qapanmamalıdır. Pisliklər nə qədər gizli qalsa da, Allaha bəllidir. Bir də ki nadanlığın aqibəti həmişə məğlubiyyətdir! Hərdən də elə xiffətlənirəm ki... Eh! Yazıçının qələmi ilə dünya düzəlsəydi, bir dərdimiz də qalmazdı.
   «Ləyaqət düsturu»nu tapmağa çalışan müəllifə bir söz demək istərdim. Sadə hekayələrdə, sadə adamların dili ilə gizli mətləblərə toxunmaq Azərbaycan ədəbiyyatında var olmuş ənənədir. Bu üslubda Mirzə Cəlil, Mir Cəlal və digərləri çox gözəl nümunələr yaradıblar. Bizdən öndə gedənlərin işığında inamla addımlamaq həm vətəndaşlıq, həm də qələmdaşlıq borcumuzdur! Bir məsələni də unutmayaq ki, bizdən sonra da gələnlər var. Natiq Məmmədli məhz bu yolda mətinliklə addımlayır. Mən qələm dostumun uğurlarına sevinir, ona yeni yaradıcılıq nailiyyətləri arzulayır və əmin olmaq istəyirəm ki, «Ləyaqət düsturu»nun hələ neçə açmaları da yaranacaq...
   
   Flora Xəlilzadə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar