Ölkə Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında ədəbiyyatşünaslıq elminin inkişaf istiqamətləri də əksini tapıb.
   
   Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən Teymur Kərimlinin bildirdiyinə görə, qarşıdakı illərdə milli ədəbi irsimizin tədqiq və təbliği ilə bağlı bir sıra nəşr layihələri həyata keçiriləcək.
   Azərbaycanın dünya şöhrətli klassikləri Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və başqalarının həyatı, yaradıcılığı, tədqiqi haqqında ensiklopediyalar hazırlanacaq. Azərbaycan ədəbiyyatı klassiklərinin irsinin tədqiqini genişləndirmək üçün onların əsərləri müasir Azərbaycan dilinə filoloji tərcümə olunacaq. Klassik ədəbi-bədii irsimizi təbliğ etmək üçün klassiklər haqqında seriya şəklində kitablar, “Ozan-aşıq ensiklopediyası” nəşr olunacaq.
   Həmçinin Sovet dövrü Azərbaycan ədəbiyyatının azərbaycançılıq məfkurəsi baxımından yenidən dəyərləndirilməsi, XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi və nəşri, farsdilli sənətkarların əsərlərinin tərcüməsi, XX əsr Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi və nəşri, gənclərdə vətənpərvərlik və milli qürur duyğularını təşviq edən bədii əsərlər haqqında monoqrafik araşdırmalara diqqət artırılacaq.
   Bundan əlavə, türk xalqları ədəbiyyatının ortaq ədəbi-mədəni, bədii-estetik, nəzəri-fəlsəfi problemləri, türk sufizmi, türk xalqları ədəbiyyatında divan poeziyasının tədqiqi, XX əsr türk xalqları ədəbiyyatının inkişaf meylləri araşdırılacaq, “Türk xalqları ədəbiyyatı tarixi” hazırlanacaq, türk xalqları ədəbiyyatına aid informasiya bazası yaradılacaq.