Yanvarın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış tənqidçi, ədəbiyyatşünas alim Gülrux Əlibəylinin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
   
   Ədəbi ictimaiyyətin və ədəbiyyat tədqiqatçılarının iştirakı ilə keçirilən yubiley tədbirində Azərbaycanda tənqidin və ədəbiyyatşünaslığın inkişafında alimin xidmətlərindən bəhs olunub, elmi-nəzəri əsərlərinin dəyərindən söz açılıb.
   Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Milli Məclisin deputatı Elmira Axundova, ədəbiyyatşünas Vaqif Yusifli və başqaları istedadlı qələm sahibi, peşəkar tənqidçi Gülrux Əlibəylinin heç kəsə bənzəməyən, orijinal yaradıcılıq istedadına malik bir qələm sahibi kimi yüksək peşəkarlığından söhbət açıblar.
   Bildirilib ki, 500-ə yaxın esse, tənqidi məqalə, portret və 20-yə yaxın nəşrin müəllifi olan yubilyarın “Dəyişən dünyam”, “Danışmaq kimi yazmaq, yazmaq kimi danışmaq” və s. kitabları oxucuların və sənət adamlarının böyük marağına səbəb olub. O, mənalı ömrünü ədəbiyyata həsr edib, mükəmməl ədəbi-tənqidi irs yaradıb.
   Tədbir çərçivəsində ədibin “Qanun” nəşriyyatında çapdan çıxmış, son vaxtlar yazdığı hekayələrindən ibarət “Rəqs və ölüm” kitabının da təqdimatı olub.
   Qələm dostlarının səmimi təbriklərini və xatirə hədiyyələrini qəbul edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.