Aprelin 27-də Qala Etnoqrafiya Muzey kompleksində “Bakı-İslam Mədəniyyəti Paytaxtı - 2009” layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə İslam mədəniyyəti mövzusunda əl işlərindən ibarət sərgi keçirdi.
   
   Danılmaz faktdır ki, ümumdünya və milli mədəni irsin inkişafında Azərbaycanın müasir sənətkarları və tətbiqi sənət ustaları xüsusi yer tutur. Bu sənət nümunələri əsrlər boyu insanların estetik nəzərini, daxili aləmini və məişət ənənəsini göstərən bir pəncərə olmuşdur. İncəlikləri və gözəllikləri özündə əks etdirən dekorativ - sənət əşyaları nəsildən-nəslə keçərək, xalqın genetik yaddaşına çevrilmişdir.
   Qala EMK-da «Əsrlərdən gələn incəsənətimizi yaşadaq» mövzusunda əl işlərindən ibarət təşkil edilmiş sərgi bunu bir daha sübut etdi. Milli ornamentlər, xalçaçılıq nümunələri, tikmələr, bədii keramika, xəttatlıq, dekorativ-tətbiqi sənət, dekorativ qablar və heykəllər, mücrülər, misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, üzərində islam mədəniyyətini əks etdirən əl işləri ilə yanaşı burda Quran kitabları da nümayiş etdirildi.
   Sərgidə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayiş etdirilən əl işlərinin müəlliflərinin hər biri ilə fərdi söhbətlər apardı və onların məşğul olduqları sənətin inkişaf etdirilməsi üçün fikirləri ilə maraqlandı.
   Vüqar Məmmədov 28 saylı musiqi məktəbində müəllim işləyir. Boş vaxtlarında ağac üzərində oyma yolu ilə Quran ayələrini işləyir.
   Şəkidə sənətkar ailəsində dünyaya göz açan Arifə Məmmədova «təkəlduz» bədii tikmə sənəti üzrə tanınmış ustadır. Bu sənəti o Şəkidən Bakıya gətirmişdir. Artıq 13 ildir ki, bu sənətlə məşğuldur. 1200-ə qədər əsər yaratmışdır ki, indi onların bəziləri muzeyləri bəzəyir.
   Qeyd edək ki, bu qədim məkanda 26 nəfər müəllif öz əl işlərini nümayiş etdirirdi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin dediyinə görə, sərgiyə bir neçə aydır ki, hazırlıq işləri görülür. Burda nümayiş etdirilən qədim sənət nümunələrini toplamaq üçün idarənin əməkdaşları Bakının əksər yerlərində olublar. O dedi ki, məqsədimiz əsrlərin dərinliklərindən gələn bu sənət nümunələrini həm gələcək nəslə çatdırmaq, həm də xalqımızın bu qədim sənət nümunələrini turistlərə göstərməkdir.
   Sərginin bir üstün cəhəti də ondan ibarət idi ki, sərgi Qala EMK ilə vəhdət təşkil edirdi. Məlum olduğu kimi, sözügedən muzey kompleksi 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılmışdır. Sərgiyə tamaşa etməyə gələnlər Qala kəndinin də qədim tarixi ilə tanış olurlar. Canlı olaraq orta əsrlərdə Qala kəndində yaşayan əhalinin həyat tərzi göstərilir. Dulusçuluq, çörəkbişirmə sexləri bu gün də orta əsrlərdəki kimi fəaliyyət göstərir.
   Sərgiyə tamaşa etdikdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dedi: “Bu gün burada əl işlərindən ibarət təşkil edilmiş sərgi çox xoşuma gəldi. Sərgidə nümayiş etdirilən hər bir sənət nümunəsi xalqımızın nə qədər zəngin və qədim bir mədəniyyətə malik olduğunu göstərir. Bu sərginin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, azərbaycanlıların İslam mədəniyyətinə bağlılığı özünü əyani surətdə göstərir».
   Nazir onu da qeyd etdi ki, belə sərgilərin keçirilməsi turizmin də inkişafına böyük təkan verər. «Belə sərgiləri bütün muzeylərdə təşkil etmək lazımdır. Bu, həm milli-mənəvi dəyərlərimizi inkişaf etdirməkdə, həm də xarici turistlərə mədəniyyətimizi nümayiş etdirməkdə böyük rol oynayar».
   Nazir gələcəkdə bu işləri davam etdirmək üçün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə və müvafiq qurumlara öz tövsiyələrini verdi.
   
   Fərahim Dünyamalıoğlu