Qənirə Paşayeva: “Ermənilər tarixi faktlarla və sənədlərlə danışmaqdan qaçırlar”
   
   Bugünlərdə “Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Türkiyə Unversitetləri Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə “Erməni uydurması beynəlxalq müstəvidə: maraqlar və ziddiyyətlər” mövzusunda mətbuat konfransı keçirildi. Konfransda ermənilərin azərbaycanlılara qarşı törətdiyi haqsızlıqlardan, Türkiyə və Azərbaycan münasibətlərindən danışıldı və erməni uydurmalarının beynəlxalq müstəviyə çıxarılmasının vacibliyini vurğulandı.
   
   Birliyin sədri Çingiz Bayramov çıxış edərək ermənilərin türk millətinə, o cümlədən Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım siyasətindən danışdı. O qeyd etdi ki, hələ XX əsrin əvvəllərindən başlayaraq öz havadarlarına arxalanan ermənilər tarixən Oğuz-Türk yurdu olmuş Azərbaycan ərazilərində, eləcə də qardaş Türkiyə torpaqlarında kütləvi qətllər törədərək aborigen əhalini məhv etməyə başlayıblar: "Dənizdən-dənizə uydurma "Böyük Ermənistan" xülyasını gerçəkləşdirməyə çalışan ermənilər Osmanlı imperiyasının I Dünya müharibəsində düşdüyü çətin vəziyyətdən istifadə edərək onu parçalamağa çalışıblar. Bu məqsədlə Osmanlı imperiyası ərazisində yaşayan və "Milləti-sadiq" adlandırılan ermənilər silahlanaraq türklərə xəyanət ediblər - arxadan zərbə vurublar. Bu zaman isə yerli hökumət tərəfindən separatizmin qarşısı alınıb və həmin ermənilər ölkənin bir hissəsindən başqa bir hissəsinə köçürülüblər...”
    Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva ermənilərin türk insanına, müsəlmanlara olan iyrənc əməllərindən danışdı: “Niyə ermənilər sənədlərlə danışmırlar?, Onlar tarixi faktlarla danışmağa razı olmurlar. Ona görə ki, tarixi faktlarda onların iyrənc əməlləri həkk olunub... Dünyanın hansı coğrafi nöqtəsində yaşamasından asılı olmayaraq ermənilərin yalanı ilə mübarizə aparmalı və qarşısı alınmalıdır. Çünki ermənilər uydurma soyqırımın 100 illiyi münasibətilə onu dünyanın 100 ölkəsində tanıtmaq siyasəti yürüdür, bununla da Türkiyənin, ümumilikdə isə türk millətinin əleyhinə qərarlar almaq istəyirlər. Bununla onlar türk milləti haqqında vəhşi, qatil və insanlıqdan kənar millət fikrini formalaşdırmağa çalışırlar. Hər il aprelin 24-də ermənilər qondarma soyqırım gününü qeyd edir, tarixi faktları saxtalaşdırır, Ankaraya münasibətdə əsassız faktlarla çıxış edirlər. 2006-cı ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidentinə birgə komissiyanın yaradılması haqında təklif vermiş, ancaq erməni tərəfi bu hadisənin tədqiqatında heç bir şübhələri olmadığını bildirərək imtina etmişdi. "Erməni soyqırımı"nı sübut edən heç bir tarixi fakt yoxdur və buna görə də ermənilər Türkiyənin arxivləri birlikdə tədqiq etmək təklifindən imtina edir, "soyqırım"ı təsdiq edən siyasi qərarların qəbul edilməsinə çalışırlar”.
   Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Xalis Koyuncuoğlu bildirdi ki, Osmanlı imperiyasında ermənilər "Milləti-sadiq" adını alaraq çox yaxşı şəraitdə yaşayıblar: "Ermənilər müxtəlif vəzifələrə təyin olunub, hər cür işdə işləyiblər. Onların heç bir çatışmazlıqları olmayıb. Lakin başqa güclərin köməyinə arxalanaraq Osmanlı imperiyasına xəyanət ediblər. Minlərlə Osmanlı türkünü qətlə yetirərək dövləti zəiflətməyə çalışıblar. Osmanlı dövləti isə bu qətliamın qarşısını almaq üçün həmin erməniləri ölkənin başqa bir ərazisinə köçürüb. Hələ üstəlik onlar üçün həkimlər də ayrılıb ki, köç zamanı azyaşlı uşaqlar tələf olmasın. Əgər bu soyqırımdırsa o zaman dövlət tərəfindən ermənilərə həkim niyə ayrılıb? Onlar əvvəlcə "erməni soyqırımı" zamanı 300 min erməninin qətlə yetirildiyini iddia ediblər. Sonralar isə bu rəqəm şişirdilərək 500 minə, 1 milyona, müasir dövrümüzdə isə ölənlərin sayı 2 milyona çatdırılıb. Sanki, ölünün də artımı olub. Tarixi faktlar ermənilərin "erməni soyqırımı" barədə söylədiklərinin yalan olduğunu sübut edir. Buyursun dünya alimləri Türkiyəyə gəlsin və arxiv materiallarını araşdırsınlar. O zaman həqiqət bir daha öz təsdiqini tapar".
   Konfransda iştirak edən tarix elmləri doktoru, professor Musa Qasımlı, millət vəkili Həvva Məmmədova və başqaları da çıxış edərək ermənilər tərəfindən dəfələrlə türk millətinə qarşı qətliamlar həyata keçirildiyini diqqətə çatdırdılar.
   
   ELMİN