Respublikanın daim öndə gedən misiqi məktəblərindən biri olan, uğurları ilə tutduğu mövqeyini böyük əzmlə qorumağa və adına layiq olaraq həmişə yüksəklərdə saxlamağa çalışan Qara Qarayev adına 11 illik Musiqi Məktəbində bu dəfə də maraqlı bir görüş oldu.Bu musiqi ocağında mütəmadi olaraq görkəmli şəxsiyyətlər, musiqi xadimləri və bəstəkarlarla yaddaqalan görüşlər, tədbirlər həyata keçirilir(Qara Qarayevin tələbələri Arif Məlikov, Firəngiz Əlizadə, Elnarə Dadaşova və b.). Növbəti tədbir respublikanın əməkdar incəsənət xadimi, Ü.Hacıbəyovun ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovla keçirildi.   

   Şagirdlər, valideynlər, bir sıra musiqi ocaqlarının direktorları və digər qonaqlar bəstəkarı alqışlarla qarşıladılar.
   Məktəbin direktoru, respublikanın əməkdar müəllimi Kamal Paşazadə çıxış edərək bəstəkar haqqında öz ürək sözlərini söylədi və Qara Qarayevin adını daşıyan bu musiqi ocağına təşrif buyurduğuna görə təşəkkürünü bildirdi.
   Sonra söz məktəbin nəzəriyyə müəllimi Leyla Əliyevaya verildi. Natiq bəstəkarın zəngin həyat və yaradıcılığından danışdı, müxtəlif alətlər üçün (fortepiano, skripka, fleyta, tar, kamança) kiçik və irihəcmli əsərlərindən, mahnılarından, marşlardan, xalq çalğı alətləri orkestri, nəfəsli alətlər ansamblı üçün, eləcə də simfoniyaları, operetta, müzikl, kinofilm, teatr tamaşalarına yazdığı musiqilər haqqında məlumat verdi.
   Daha sonra musiqili hissə başlandı. Məktəbin müəllimləri İ.Hüseynova(f-no), R.Həsənova (f-no), X.Şirinov (tar), E.Pənahova, V.Hüseynova(f-no ansamblı), X sinif şagirdi R.Musayev(ksilofon) və qonaq-ifaçılar N.Vəliyeva (skripka),L.Əliyevanın (f-no) rəngarəng, maraqlı ifalarında bəstəkarın erkən əsərlərindən tutmuş professional yaradıcılıq dövrünün əsərləri ifa edildi, “Cavad xan” adlı simfonik xoreoqrafik poemasından parçalar və mahnılar (CD) səsləndirildi. İfa olunacaq hər nömrədən öncə isə əsər haqqında izahlı məlumat verilirdi.
   Qarşılıqlı isti münasibət və səmimiyyətlə keçən görüşə bəstəkarın fortepiano arxasında müəllifi olduğu “Salon valsı”nın özünəməxsus ifası, daha sonra isə maraqlı çıxışı,söhbəti xüsusi bir rəngarənglik qatdı. Bəstəkar həyat və yaradıcılq yolundan maraqlı söhbətlər etdi, dinləyicilərin xahişi ilə özünün yazdığı şeirlər silsiləsindən bir neçəsini söylədi. Bəstəkarın rəngarəng, maraqlı söhbəti bu görüşdə iştirak etmiş hər bir kəsin könlüncə oldu.
   Sonda Müəllimlər Şurasının sədri, Niyazi adına 22 saylı UMM-nin direktoru N.Vəliyev, eləcə də digər qonaqlar qısa çıxışları ilə görüşü yekunlaşdırdılar və tədbir iştirakçıları xoş təəssüratla ayrıldılar.
   
   Leyla ƏLİYEVA