Ramiz Quliyev: “Bugünkü konsert bir daha göstərir ki, biz sənət üçün çalışırıq”
  
   Xəbər verildiyi kimi, Rafiq Babayev adına 25 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri dahi bəstəkarların əsərlərindən ibarət konsert təşkil etmişdilər. Konsertin keçirilməsində əsas məqsəd uşaqları tanınmış sənət adamları ilə görüşdürməkdir. Qeyd edək ki, belə tədbirlər musiqi məktəbində ənənə şəklini alıb. Budəfəki konsertin qonaqları isə xalq artisti, Prezident mükafatçısı Ramiz Quliyev, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev və başqa sənət adamları idi.
   Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əmirhüseyn müəllim qonaqları salamladı və belə tədbirlərin davamlı olaraq keçiriləcəyini vurğuladı. Sonra xalq artisti Ramiz Quliyevin həyat və yaradıcılıq yolundan və son zamanlar bir çox ölkələrə qastrol səfərlərindən danışıldı. Ardınca məktəb şagirdlərinin ifasında böyük bəstəkarlardan Niyazinin “Arzu”, Tofiq Quliyevin “Qaytağı” və “Prelüdiya”, Vasif Adıgözəlovun “Bayram süitası”, C.Zülfüqarovun “Ağ alma”, A. Gərayın “Baxçakürd”, Abreunun “Tika-tika”, Həsən Rzayevin “Çahargah”, Oqtay Zülfüqarovun “Ad günü” əsərləri, “Sarı gəlin” vokal qrupunun ifasında “Sarı gəlin” xalq mahnısı səsləndi.
   Daha sonra xalq artisti Ramiz Quliyev öz təəssüratlarını qonaqlar və uşaqlarla bölüşdü: “Bu tədbir bizim bir amala qulluq etməyimizdən xəbər verir. O da sənəti uca tutmaq amalıdır. Bugünkü konsert məni çox-çox keçmişə apardı. 55 il bundan əvvəlki günlərim gözlərim önünə gəldi. Düzdür, müharibədən sonrakı bir dövr idi. Hamı çətinlik içində idi. Amma indi dövlətimiz , Mədəniyyət və Turizm Nazirliyi tərəfindən musiqimizə böyük diqqət və qayğı dövrüdür. Həmçinin, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın musiqimizə, muğamlarımıza olan qayğısı bizi daha da sevindirir. Musiqinin yaşamasında müəllimlərimizin də zəhməti böyükdür. Mən bütün müəllimləri alqışlayıram. Bizim bu işlərimizin sayəsində də musiqimiz dünyaya çıxır və tanınır. Bundan sonra da biz bu sənətin paklığını və böyüklüyünü qoruyub saxlamalıyıq”.
   Xalq artisti Ramiz Quliyev tamaşaçıların çoxsaylı suallarını cavablandırdı. Qonaqların və tamaşaçıların xahişinə əsasən, konsert Ramiz Quliyevin ifası ilə başa çatdı.  

   ELMİN