M. Hüseynin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi sessiya keçirilib.
Akademik B. Nəbiyev M.Hüseynin həyat və yaradıcılığından danışıb.
Filologiya elmləri doktoru Bədirxan Əhmədov məruzəsində yaradıcılığa müxbir yazıları ilə başlayan Mehdi Hüseynin ilk tənqidi məqaləsinin ("Bizdə futurizm cərəyanı") 1926, ilk hekayəsinin ("Qoyun qırxımı") isə 1927-ci illərdə dərc edildiyini bildirib. Ədibin "Bahar suları", "Xavər" kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün kaloriti öz əksini tapıb. Yazıçı "Tunel", "Qan intiqamı", "Kin", "Daşqın" romanlarında fərdi xüsusiyyətləri ilə seçilən surətlər yaradıb.
Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da pəşəkar inqilabçı Məşədi Əzizbəyovun surəti ön plana çəkilib. “Səhər", "Tərlan", "Vətən çiçəkləri", "Moskva", "Ürək", "Fəryad” əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunub. Neftçilərin həyatından bəhs edən "Abşeron" müəyyən mənada onun davamı olan "Qara daşlar" və "Yeraltı çaylar dənizə axır" romanları ictimai, mənəvi-əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətəlayiqdir.
Filologiya elmləri namizədi, tənqidçi V.Yusifli, filologiya elmləri doktoru Q.Paşayev və başqaları M. Hüseynin çoxşaxəli yaradıcılığından, ədəbi-ictimai fəaliyyətindən bəhs ediblər.