Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ) Gəncə şəhərində “Kitab oxumaq dəbdədir!!!" - kulturoloji-ictimai aksiya keçirib.
   Qurumun sədri Aydın Xanın verdiyi məlumata görə, aksiya “Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması” adlı kulturoloji - mədəniyyət layihəsi çərçivəsində baş tutub. Layihənin sponsoru Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.
   Bundan əlavə aksiyada Gənclər və İdman Nazirliyi də yaxından iştirak edib.
   Aksiya YYSQ nümayəndələrinin Nizaminin məqbərə-kompleksinə ictimai-mədəni ziyarət ilə başlayıb. Sonra qonaqlar Gəncənin görməli yerləri, muzeyləri, eləcə də parlamentimizin ilk binası ilə tanış olublar.
   Gəncənin mərkəzindəki Xan bağı parkında keçirilən Azərbaycan Respublikası Gənclər Təşkilatları III Ümumrespublika sərgisi çərçivəsində YYSQ üzvləri həm gənc imza sahiblərinin kitablarından ibarət mini-sərgi keçiriblər, həm də "Kitab oxumaq dəbdədir!!!" - kulturoloji-ictimai aksiya təşkil ediblər.
   Sərgidə iştirak edən gənclər və tələbələrlə viktorina və sorğu keçirilib. Eyni zamanda, onlara 250-yə yaxın kitab hədiyyə edilib.
   Nəinki gəncəli oxucular, eyni zamanda qədim şəhərin qonaqları da yeni nəsil yazarların kitablarıyla, həmçinin Azərbaycan ədəbi prosesində baş verən yeniliklərlə tanış olublar.
   YYSQ sədri Aydın Xan bildirir ki, bu tipli aksiyalar gələcəkdə də davam etdiriləcək.
   
   ELMİN