Mahmud Kaşğari adına Beynəlxalq Fondun "Soyqırım və erməni təcavüzü" mövzusunda elan etdiyi müsabiqənin nəticələri bu gün açıqlanacaq. Fondun icraçı direktoru, şair Elxan Zal Qaraxanlı bildirib ki, qaliblər “Natəvan” klubunda keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.
Xatırladaq ki, müsabiqəyə Azərbaycan xalqına qarşı törədilən soyqırım və erməni təcavüzü ilə bağlı kitablar təqdim olunub. Qalibləri müəyyən edən münsiflər heyətinə AMEA-nın müxbir üzvü Nizami Cəfərov, millət vəkili Qənirə Paşayeva, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, Mahmud Kaşğari adına Beynəlxalq Fondun icraçı direktoru Elxan Zal və "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Səlim Babullaoğlu daxildir. Birinci yer üçün 500 manat, ikinci yer üçün 300, üçüncü yer üçün isə 200 manat müəyyən edilib.
Fond "Soyqırım və erməni təcavüzü" mövzusunda yazılmış hekayələr və məqalələr toplusunu da nəşrə hazırlayır. Həmçinin yaxın gələcəkdə bu əsərlərin xarici dillərə tərcümə edilərək nəşr olunması da nəzərdə tutulub.