Div hiyləgərcəsinə ətrafına baxıb soruşdu: “Kim yatmış, kim oyaq?” Yaxından sakit bir səs eşidildi: “Hamı yatmış, Ədəbiyyat oyaq”. Div qəzəbləndi: “Ədəbiyyat nə üçün oyaq?” Səs təmkinini pozmadan dilləndi: “Çünki tənqidçi oyaq...”
   
   Yanvarın 25-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış tənqidçi Əsəd Cahangirin “Yazıçı” nəşriyyatında yenicə çapdan çıxmış “Kim yatmış, kim oyaq?” kitabının təqdimat mərasimi keçirildi.
   Əvvəlcə müəllif barədə bir neçə söz: Əsəd Cahangir söz, ədəbiyyat, düşüncə, bütövlükdə ruh adamıdır. İllərdir ki, gözünün nuru, ürəyinin qanı, ruhunun işığı ilə çağdaş ədəbiyyatımızın uğurlarından, uğursuzluqlarından, dünya ədəbiyyatı kontekstində Azərbaycan ədəbiyyatının axarından, zəif damarından və zaman-zaman milli ədəbiyyatımızda baş verən “oyanma”lardan yazır. Hamı kimi yox, fərqli, özünəməxsus, düşündürücü. Çünki Əsəd Cahangir yeni cığırla gedən, daha doğrusu, öz cığırını açan, istənilən ədəbi nümunəyə, istənilən ədəbi prosesə öz baxışı, öz mövqeyi, öz münasibəti olan tənqidçidir. İllərdir ki, oxunaqlı dillə, analitik təfəkkürlə gözüaçıq yatmışları oyatmağa çalışır. Hərdən sözün izinə düşüb dünyanın o başına gedir, yunan mifologiyasından vurub, Amazon sahillərindən çıxır, keçmişlə bu günü bir sözün, bir fikrin, bir kökün ətrafında birləşdirir. Çünki o, tənqidçi olmaqla yanaşı, şairdir, publisistdir, teatrşünasdır, milli ədəbi fikrin formalaşmasında öz yeri olan bir insandır. “Kim yatmış kim oyaq?” müəllifin “Qədim türk ədəbiyyatının linqvistik poetikası” (2001) və “Ağ saç, qara saç” (2006) kitablarından sonra oxucularla üçüncü görüşüdür.
   “Kim yatmış, kim oyaq?” ədəbiyyat adamlarını bir araya gətirdi. Şair Çingiz Əlioğlu görüşdə aparıcılıq missiyasını üzərinə götürərək əvvəlcə özü Əsəd Cahangir haqqında ürək sözlərini bildirdi. Böyük rus şairi Anna Axmatovanın tənqidçilər barədə dediyi sözləri yada saldı: “Tənqidçilər əlləri olub, barmaqları olmayan adamlardır. Onlar əllərini əsərə toxusalar da, bəzi tənqidçilərdə əsərin məğzini hiss etmək, duymaq üçün həssas barmaqlar olmur”. “Xoşbəxtlikdir ki, Əsər Cahangirin əli də var, barmaqları da” - deyən Çingiz Əlioğlu müəllifi tənqidçi olmaqla yanaşı, şair kimi də xarakterizə etdi.
   Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın sözlərinə görə, Əsəd Cahangirin tənqidçi kimi yaxşı cəhətlərindən biri də budur ki, o yazılarında dünya ədəbiyyatının müxtəlif mənbələrindən istifadə edir, müasir ədəbi aləmlə bir əlaqə yaradır. Sözünü geniş miqyasda, geniş şəkildə oxunaqlı, aydın, canlı bir dillə oxucuya çatdırır.
   AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Əsəd Cahangiri yunan mifologiyasına dərindən bələd olan, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatının bir hissəsi kimi təhlil edən səviyyəli tənqidçi adlandırdı və cavanlar arasında onun birinci yerdə olduğunu bildirdi.
   Tədbirdə millət vəkilləri - Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Aqil Abbas, tənqidçi Vaqif Yusifli, şair Vaqif Bəhmənli, Ənvər Əhməd, tanınmış dramaturq Əli Əmirli, tənqidçi Bəsti Əlibəyli, Səyyad Aran və başqaları çıxış edərək Əsəd Cahangirin çoxşaxəli yaradıcılığından, Azərbaycan ədəbi tənqidindəki yerindən və xidmətlərindən danışdılar. Onun bu gün Azərbaycan tənqidində ən çox sayılan, rəğbət doğuran imza sahiblərindən olduğunu deyən çıxışçılar müəllifə uğurlar arzuladılar.
   Xatırladaq ki, analitik təfəkkürə, özünəməxsus yazı manerasına malik olan tənqidçinin “Kim yatmış, kim oyaq?” kitabında “Səs”, “Dəmirbaşlar”, “Kitabi-Dədə Sabir”, “Platondan Anara qədər”, “Ədəbi düşüncələr”, “Yazmaq da döyüşməkdir”, “İnsan olmaq lazımdır!”, “Bəhramnamə” və geniş oxucu marağına səbəb olan digər yazıları yer alıb.
   Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
   
   Təranə Vahid