Əsrin müqaviləsinin 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunan sərgidə “Nobellər və Bakı nefti” kitabının təqdimatı oldu
   
   Sentyabrın 15 -də Muzey Mərkəzində “Əsrin müqaviləsi”nin 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı rəsmi fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto sənədli, bədii və rəqəmsal versiyada sərgi və “Nobel və Bakı nefti” kitabının təqdimat mərasimi keçirildi.
  
   Layihənin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Statoyl Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Layihənin müəllifləri isə Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır.
   Sərginin və kitabın təqdimatında Nobellər Ailəsi Cəmiyyətinin sədr müavini - Lüdviq Nobelin kötükcəsi Günnar Liljequist (İsveç) iştirak edirdi. Açılış mərasimində giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək “Əsrin müqaviləsi”nin önəmliliyindən danışdı.
   Daha sonra ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycanda neft sənayesinin inkişafı, “Əsrin müqaviləsi” barədə çıxış etdi. “Statoyl” Neft şirkətinin nümayəndəsi “Nobellər və Bakı nefti” kitabını təqdim etdi və cənab Günnar Liljequist layihənin əhəmiyyətindən söhbət açdı.
   Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş bu kitabda Nobellərin ailə şəcərəsi, onların XIX əsrin 30-60- cı illərində Rusiyada, 1874-cü ildən 1920-ci ilə qədər Bakıdakı fəaliyyəti əksini tapıb. Kitabda Nobel qardaşlarının Bakı neft sənayesinin inkişafındakı rolu, neftin hasilatı, emalı və nəqli sahəsində tətbiq etdikləri texniki yeniliklər, o cümlədən onların Bakı şəhərinin ictimai və sosial həyatında gördükləri işlər geniş işıqlandırılıb. O dövrü əhatə edən unikal foto və sənədlər kitabda öz əksini tapıb.
   Sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən fotosənədlər, onlara məxsus əşyalar, habelə Nobel qardaşlarına və Azərbaycan neft sənayesinin inkişafına həsr edilmiş 8 dəqiqəlik sənədli film nümayiş etdirildi. Bu sərgini digər sərgilərdən fərqləndirən cəhət onun Azərbaycanda ilk dəfə olaraq müxtəlif interaktiv oyunlarla zəngin olan rəqəmsal versiyada nümayişidir.
  
   “Mədəniyyət”