Sentyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının yeni binasında Üzeyir Hacıbəyli adına kamera musiqi salonunun açılış mərasimi olub. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib.
   
   Nazir bu ilin Bəstəkarlar İttifaqı üçün hesabat ili olduğunu vurğulayıb və ittifaqın 75 illiyi münasibətilə noyabrın sonlarından dekabrın sonlarına kimi silsilə tədbirlər keçiriləcəyini bildirib: “Arzu edirəm ki, Azərbaycan bəstəkarlıq məktəbi Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev və digər dünyaşöhrətli bəstəkarlarımızın qoyduğu yolla inkişaf etsin.
   Bakıda Üzeyir Hacıbəylinin TÜRKSOY-un layihəsi əsasında səhnələşdirilən “Koroğlu” operasının nümayişi, Üzeyir Musiqi gününün təntənəli açılışı, “Beynəlxalq musiqi həftəsi” çərçivəsində silsilə tədbirlərin keçirilməsi bir daha ölkəmizdə mədəniyyətin, ədəbiyyatın, musiqinin təbliğinə, inkişafına mühüm əhəmiyyət verildiyinin əyani sübutudur.”
    Mərasimdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə yeni salonda vaxtaşırı səviyyəli tədbirlər və konsertlər keçiriləcəyini deyib; “Bugünkü tədbirlə yeni mövsümə başlayırıq. Müasir avadanlıqla təchiz olunan bu binada yaradıcılıq gecələri, müəllif konsertləri, beynəlxalq tədbirlər təşkil ediləcək, sənət adamları ilə görüşlər keçiriləcək. Yaradıcılıq mərkəzinə çevriləcək binada sənətlə bağlı fikirlərin müzakirəsinə geniş yer veriləcək.
   Bəstəkarlar İttifaqının 75 illik yubileyi ərəfəsində inzibati binanın yenidən istifadəyə verilməsi yüksək tarixi hadisədir. Yubiley tədbirlərinə noyabrda start veriləcək və silsilə proqramlar təşkil olunacaq. Hazırda ittifaq bir çox musiqi layihələrində yaxından iştirak edir. “Muğam” və “Üzeyir dünyası” layihələri çərçivəsində artıq bir çox işlər görülüb.”
   Mərasimdə Azərbaycan Dövlət Simli Kvartetin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı”, Aqşin Əlizadənin “Cəngi” və digər musiq əsərləri səslənib.
   Sonda Azərbaycan Bəstəkarlar İttifaqının sıralarına yeni daxil olan 3 gəncə üzvlük vəsiqələri təqdim edilib.
   
   (Tədbir haqda daha geniş material növbəti sayımızda)    

   Turan