Tədbir Bakıda keçirilir
   
    Bu gün 15.00-da “Qafqaz Point” mehmanxanasında TÜRKSOY Daimi Şurasının XXVI Toplantısının açılış mərasimi keçiriləcək. Mərasimində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təbrik - salamlama məktubu oxunacaq, TÜRKSOY Daimi Şurasının Müvəqqəti Koordinatoru, Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un Baş direktoru Düsen Kaseinov və təşkilata üzv dövlətlərin mədəniyyət nazirləri çıxış edəcək. Həmin gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində TÜRKSOY rəssamlarının XI Laboratoriyasının rəsm və TÜRKSOY fotoqraflarının V Laboratoriyasının fotosərgisinin açılış mərasimi və həmçinin Adilbek Bayterekovun (Qırğızıstan Respublikası) - TÜRKSOY rəssamlarının X Laboratoriyasının qalibinin mükafatlandırılması baş tutacaq. Oktyabrın 17-də “Qafqaz Point” mehmanxanasının konfrans zalında yekun sənədlərin - TÜRKSOY Daimi Şurasının XXVI Toplantısının Bəyannaməsi və İşçi Protokolun imzalanması mərasimi olacaq. Təşkilatın növbəti koordinatoru və iclasın keçiriləcəyi ölkə müəyyənləşəcək, türkdilli ölkələrin Mədəniyyət Nazirlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.   

   TÜRKSOY Daimi Şurasının XXVI Toplantısının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir;
   - Keçən müddət ərzində Təşkilatın fəaliyyəti;
   - Keçən müddət ərzində Təşkilatın maliyyə fəaliyyəti;
   - TÜRKSOY-un hüquqi sənədlərinə düzəlişlər və əlavələr;
   - TÜRKSOY-un 2010-cu il üçün fəaliyyət Proqramının müzakirəsi və təsdiqi. 
   Təşkilatın Daimi Şurasının növbəti toplantısı 2009-cu il 16-17 oktyabr tarixlərində Bakı şəhərində Türkdilli ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının müvəqqəti koordinatoru, Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi və TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və təşkilata üzv dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə keçiriləcək. Beynəlxalq təşkilat olan TÜRKSOY Avrasiyanın türkdilli arealı çərçivəsində milli dil, tarix, mənəvi irs və müasir mədəniyyət və incəsənət yaxınlığı ilə birləşən ölkə və xalqların regional mədəni əməkdaşlığını həyata keçirir. TÜRKSOY təşkilatının əsası 1992-ci ilin yazında İstanbul şəhərində (Türkiyə) türkdilli dövlətlərin Mədəniyyət nazirlərinin Birinci görüşü keçirildiyi zaman qoyulmuşdur. Təşkilatın strukturu, idarəetmə orqanlarının və fəaliyyət mexanizmlərinin formalaşmasında təşkilatın 1992-ci ilin dekabrında Bakıda keçirilmiş İkinci Toplantısının böyük əhəmiyyəti oldu. Bu görüş TÜRKSOY Daimi Şurasının sayca Bakıda keçiriləcək 5-ci toplantısı olacaq. “TÜRKSOY- un yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə” 12 iyul 1993-cü ildə Almatı şəhərində (Qazaxıstan) altı təsisçi-dövlət və Təşkilatın daimi üzvləri - Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Türkmənistan, Türkiyə Respublikası və Özbəkistan Respublikası tərəfindən imzalanmışdır. Daha sonra TÜRKSOY haqqında müqaviləyə müşahidəçi dövlət qismində Tatarıstan Respublikası, Başqırdıstan Respublikası, Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyası tərkibində Tıva Respublikası, Xakasiya Respublikası, Altay Respublikası və Saxa-Yakutiya Respublikası və Moldova Respublikası tərkibində TAO Qaqauz Yeri qoşulmuşdur. TÜRKSOY-un əsas məqsədləri aşağıdakılardır:
   beynəlxalq münasibətlərin humanistləşdirilməsi və stabilləşdirilməsinə istiqamətlənən beynəlxalq ictimaiyyətin mənəvi inkişafının prioritetlərinin regional və planetar səviyyədə qəbul və təsdiq edilməsi;
   beynəlxalq dialoqun təşkili və inkişafı və TÜRKSOY-a üzv dövlətlərin mədəni oxşarlığının dəstəklənməsi;
   türkdilli xalq və ölkələr arasında dost münasibətlərin və qarşılıqlı anlaşmanın qurulması;
   türkdilli xalqların etnogenezi, gerçək tarixi, ədəbiyyat, mədəniyyət və incəsənətinin öyrənilməsi sahəsində elmi araşdırmaların intensivləşdirilməsi;
   öz xalqlarının milli tarixinin, doğma dilinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin və ənənələrinin yeni nəsil tərəfindən öyrənilməsinə dəstək;
   Türkdilli dövlətlərin rəhbərliyi tərəfindən TÜRKSOY-un fəaliyyəti daima dəstək və təqdir olunması öz əksini 2-3 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində TÜRKSOY-un Baş direktoru D.Kaseinov və TÜRKSOY Daimi Şurasının müvəqqəti koordinatoru, Azərbaycan Respublikası mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin də iştirakı ilə keçirilmiş Türkdilli dövlətlərin Dövlət Başçılarının IX Sammitində qəbul edilmiş Naxçıvan Deklarasiyasında öz əksini tapmışdır. Hesabat müddəti ərzində Ankarada TÜRKSOY-un 15 illiyinə həsr olunmuş yubiley tədbirləri, İstanbul, Ankara, Nide, Manisa şəhərlərində Novruz bayramının qeyd edilməsi, TÜRKSOY rəssam və fotoqraflarının Laboratoriyaları, “Türk dillərinin bədii tərcüməsinin problemləri və müasir vəziyyəti” ( İstanbul ), “Sivilizasiyaların dialoqunda Türk dünyasının rolu”(Almatı) adlı simpoziumlar, 17-ci beynəlxalq “Xəzər” axşamları (Elazığ, Türkiyə), türk dilinin 732 illiyinin qeyd edilməsi (Qaraman şəhəri Türkiyə), Mərsinə, Girnə, İstanbul şəhərlərində “Qız-Jibek” əfsanəsinin 500 illiyinə həsr olunmuş XXII TÜRKSOY Opera günləri, İstanbulda Tatarıstan və Başqırdıstanın mədəni mərkəzlərinin açılması və Sabantuyun qeyd edilməsi, “Xan Mirqen” qədim Xakasiya eposu kitabının Ankara və Abakanda və İstanbulda “Başqırd şəcərəsi” nin prezentasiyası, teatr və kino festivallar, ənənəvi və populyar musiqi festivalları keçirilmişdir. 8-18 sentyabr tarixlərində Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində TÜRKSOY-un beynəlxalq layihəsi- Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başqırdıstan və Tatarıstanın opera teatrları solistlərinin iştirakı ilə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Koroğlu” operasının tamaşaya qoyulması böyük müvəffəqiyyətlə həyata keçirilmişdir. 28 may 2008-ci ildə keçirilmiş Daimi Şuranın 24-cü toplantısında TÜRKSOY-un Baş direktoru seçilən Düsen Kaseinov bu müddət ərzində TÜRKSOY ilə YUNESKO, İSESKO, Avropa Şurası, Avrokomissiya, İRSİCA, DHƏT (Dövlətlərarası Humanitar Əməkdaşlıq Təşkilatı) və MDB arasında əməkdaşlığın gücləndirilməsinə istiqamətlənmiş bir sıra beynəlxalq tədbirlər həyata keçirmişdir. 30 sentyabr 2009-cu ildə Novruz bayramı YUNESKO-nun Qeyri-maddi İrs siyahısına daxil olmuşdur. Bununla əlaqədar 2010-cu ildə TÜRKSOY Novruz bayramını Parisdə YUNESKO-nun qərargahında qeyd etməyi planlaşdırır. MDB-nin DHƏT ilə birgə Avrasiya Türkoloqlarının Ensiklopediyasının nəşr edilməsi işlərinə başlanmış, DHƏT və Avropa Şurasının Təhsil, mədəni irs, gənclər və idman məsələləri üzrə Baş Direktorluğu ilə əməkdaşlıq haqqında müqavilə layihələri hazırlanmışdır.
   Turan