Nizami rayonundakı 220 saylı orta məktəbdə Baki Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə görkəmli dramaturq Cəfər Cabbarlının 110 illiyinə həsr olunmuş “Əgər bütün bəşəriyyət ədüvvi-canım ola” adlı tədbir keçirildi. Tədbirdə xalq yazıçısı Gülhüseyn Hüseynoğlu, xalq artisti Canəli Əkbərov, C.Cabbarlının qızı Gülarə Cabbarlı, filologiya elmləri doktoru Asif Rüstəmli və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbiri keçirməkdə Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsas məqsədi C.Cabbarlı haqqında oxuculara yeni məlumatları çatdırmaq idi. Bu məlumatları tədbir iştirakçılarına filologiya elmləri doktoru, dramaturqun tədqiqatçısı Asif Rüstəmli çatdırdı. A.Rüstəmli C.Cabbarlının “Trablis” və “Ədirnə fəthi” əsərlərinin türk dünyası üçün əhəmiyyətindən və dramaturqun siyasi fəaliyyətindən danışdı.    

   Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova isə rayonda tədbirin keçirilməsini alqışlayaraq qeyd etdi ki, yuxarı sinif şagirdləri görkəmlı ədibimiz haqqında keçirilən ədəbi-bədii gecələrdə daha çox məlumatlar öyrənirlər. Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri İsgəndər İsgəndərov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Gülnarə Seyidova da çıxışlarında tədbirin yüksək səviyyədə hazırlandığını vurğuladılar.
   Ardınca tədbir ədəbi-bədii və musiqi proqramı ilə davam etdirildi.
   Xalq artist Canəlı Əkbərovun musiqi ərməğanından sonra səhnəyə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən kitabxanalarda ən fəal oxucuların müəyyən edilməsi məqsədilə keçirilən “Kitabla dost ol, ən fəal oxucu ol” müsabiqəsinin qalibi Nizami rayon 12 saylı orta məktəbin 7b sinif şagirdi Elnur Əliyev çıxdı. O, ədibin “Solğun çiçəklər” pyesindən Əbdülün monoloqunu səsləndirdi.
   İntiqam Soltanın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Uşaq Teatrının C.Cabbarlının həyat və yaradıcılığına həsr etdiyi tamaşa isə “Məni xatırlayacaqlar” adlanırdı. Tamaşanın müəllifi isə Arzu Soltan idi.
   Sonda ədibin qızı Gülarə Cabbarlı atası haqqında anasından eşitdiyi xatirələri tədbir iştirakçıları ilə bölüşdü.
   Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəhla Qəmbərova tədbirin uğurlu alınmasında təşkilatlara və insanlara öz təşəkkürünü bildirdi. Şəhla xanım qeyd etdi ki, C.Cabbarlının 110 illik yubileyinə həsr olunmuş tədbirin 220 saylı orta məktəbdə keçirilməsi kitabxana və oxucu arasındakı əlaqədən xəbər verir.

   İntiqam