«Uşaq ili»nin sona çatması ilə əlaqədar dekabrın 19-da «Beşik» uşaq nəşriyyatı xeyriyyə məqsədilə 3 saylı Uşaq evi və «Ümid yeri» uşaq evində olacaq. «Beşik» nəşriyyatı yalnız uşaqlar üçün kitabları nəşr edir. İlyarım ərzində yüz əllidən artıq nəşri işıq üzü görən nəşriyyat bu dəfə kitablarını xeyriyyə məqsədilə uşaq evlərinə bağışlamaq qərarına gəlib.
Nəşriyyatın direktoru Nərgiz Cabbarlının dediyinə görə, bu, rəhbərlik etdiyi nəşriyyatın həyata keçirdiyi ilk xeyriyyə aksiyası deyil: «İndiyə kimi bir neçə kitabxanaya kitab bağışlamışıq. Budəfəki bağışlamalar isə aksiya xarakteri daşıyır. Qısa müddət ərzində bir neçə uşaq evində olmağı planlaşdırmışıq. İlk olaraq üz tutduğumuz ünvan 3 saylı uşaq evi və «Ümid yeri» uşaq evidir. Bundan sonra paytaxtdakı bir neçə uşaq evinə getməyi də nəzərdə tutmuşuq. Paytaxtdan kənarda olan uşaq evlərində tərbiyə alan uşaqlara kitab hədiyyə edəcəyik».
Qeyd edək ki, «Beşik» nəşriyyatı uşaqları yalnız kitablarla sevindirməyəcək. Nəşriyyat təsisçisinin təklifi və köməkliyi ilə uşaqların Yeni ili daha şən əhval-ruhiyyədə qarşılamaları üçün onlara oyuncaqlar, geyim əşyaları da bağışlanacaq.