Dekabrın 15-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Məktəbinin yaradılmasının 80 illik yubileyi qeyd olunub.
   
   “Azərbaycanda klassik baletin inkişaf etməsi milli mədəniyyətimizin tarixində böyük bir hadisədir” - Heydər Əliyevin bu müdrik kəlamı ilə başlayan yubiley mərasimi “Bakı Xoreoqrafiya Məktəbinin tarixindən səhifələr” sənədli filmi ilə davam etdirilib.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Məktəbinin kollektivini 80 illik yubileyi münasibətilə təbrik edib, Prezident İlham Əliyevin Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşlarının təltif edilməsi haqqında imzaladığı sərəncamları oxuyub.
   Prezidentin sərəncamı Bakı Xoreoqrafiya Məktəbinin musiqi sahəsində xüsusi istedadı olan tələbələri Ayan Eyvazova, Çinarə Quliyeva və Pərvin Nəcəfovanın adları "Qızıl kitab"a yazılacaq. Bu şəxslər həmçinin Azərbaycan Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.
   Prezidentin digər sərəncamı ilə Azərbaycanda xoreoqrafiya sənətinin inkişafındakı xidmətlərinə görə Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşı Xumar Zülfüqarova "Şöhrət" ordeni, Nəzifə Əliyeva və Züleyxa Nəcəfzadə "Tərəqqi" medalı ilə təltif olunub.
   Nazirin sözlərinə görə, beynəlxalq festivallarda, rəqs müsabiqələrində Azərbaycanın mədəniyyət günlərində xoreoqrafiya məktəbi şagirdlərinin, məzunlarının çıxışları həqiqətən ölkəmizdə güclü rəqs məktəbinin mövcudluğundan xəbər verir.
   Nazir əldə edilən nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirib və nazirliyin təsis etdiyi xüsusi mükafatları Bakı Xoreoqrafiya Məktəbinin direktoru Nilufər Kərimovaya təqdim edib.
   N.Kərimova rəhbərlik etdiyi kollektiv adından Əbülfəs Qarayevə minnətdarlığını dilə gətirib, məktəbin yaranma tarixindən, fəaliyyətindən, ölkəmizdə balet sənətinin inkişafından söz açıb.
   Bakı Xoreoqrafiya Məktəbi respublikamızda balet və xalq rəqsi sahəsində ixtisaslı kadrlar hazırlayan yeganə tədris müəssisəsidir. Opera teatrının balet truppası üçün milli balet artistləri hazırlamaq məqsədi ilə yaradılmış kiçik studiyadan Bakı Xoreoqrafiya Məktəbinə qədər böyük inkişaf yolu keçmiş bu sənət ocağı 80 il ərzində yüzlərlə yüksək ixtisaslı kadr hazırlayıb.
   Azərbaycan baletinin təşəkkülündə misilsiz xidmətləri olmuş Qəmər Almaszadə ilk təhsilini Bakı Xoreoqrafiya Məktəbində almış, milli xoreoqrafiya məktəbinin parlaq simalarından olan Leyla Vəkilova, Afaq Məlikova və onlarla tanınmış rəqqas sənətə məhz bu məktəbdə yiyələnmişlər.
   Bakı Xoreoqrafiya Məktəbinin məzunları ABŞ, Almaniya, Çin, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və s. ölkələrin nüfuzlu teatrlarında və təhsil ocaqlarında çalışaraq Azərbaycan xoreoqrafiya məktəbini uğurla təmsil edirlər.
   Zəngin ənənələrə malik Bakı Xoreoqrafiya Məktəbini yubiley münasibətilə Rusiya, Belarus, Gürcüstan, İtaliya, Moldova, Ukrayna, Türkiyə və Albaniyadan gəlmiş tanınmış balet ustaları, xoreoqraflar, habelə Azərbaycan Rus Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Filarmoniyası və digər tanınmış kollektivlər səmimi təbrik ediblər.
   
   Turan