Yanvarın 13-də Niyazinin ev-muzeyində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi nəzdindəki klassik musiqi həvəskarları klubunun növbəti yığıncağı olub. Bu dəfə iştirakçıların arzusu ilə onların görüşünə respublikanın xalq artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayev gəlib. 
      
   Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Dövlət Gənclər Simfonik Orkestrinin direktoru Nazilə Yaqubova görüşdə çıxış edərək bildiriblər ki, dirijor, pedaqoq, aranjimançı Teymur Göyçayev təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınır. O, on ildən çoxdur ki, Qara Qarayev adına Kamera Orkestrinə rəhbərlik edir. Onun pedaqoq kimi fəaliyyəti yüksək dəyərləndirilir. T.Göyçayev altı yaşlı uşaqlardan gələcəyin musiqiçilərini yetişdirir. Həmin uşaqlar yaxşı təhsil alaraq böyüyür və orkestrlərdə işləməyə gedirlər.
   Teymur Göyçayev onu narahat edən məsələyə toxunaraq deyib ki, ölkəmizdə skripka, violonçel, faqot sinifləri üzrə müəllimlər azdır. Ustad dərsləri üçün mütləq pedaqoqlar dəvət edilməlidir. T.Göyçayev qastrol səfərlərində musiqimizin hamını necə heyran etdiyini xatırlayıb: “Həyatımda ən böyük hadisə Dövlət Gənclər Simfonik Orkestrinin yaradılmasıdır. Mənim üçün ən başlıcası uşaqlarla işləməkdir. Hər şey isə Mstislav Rostropoviçin ölkəmizdə uşaq simfonik orkestri yaradılması barədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya müraciətindən sonra başlandı. Müxtəlif məktəblərdə baxışa 150 uşaq dəvət olundu, onlardan 50-si seçildi və indi 20 uşaq işləyir.
   Orkestr bir çox ölkələrdə çıxış edib və hər yerdə yüksək dərəcədə qiymətləndirilib».
   Görüşdən sonra Dövlət Gənclər Simfonik Orkestrinin ifasında Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səslənib.
   
   SAVALAN