Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumunun iştirakçıları Diaspor Komitəsində görüş keçiriblər
   
   Bakı Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Formunun iştirakçıları Diasporla İş Üzrə Dövlət Komitəsində də görüş keçiriblər. Forumun Azərbaycan və Rusiya əlaqələrinin inkişafında çox böyük rolu olduğunu deyən komitə sədri Nazim İbrahimov bildirib ki, Azərbaycan və Rusiya strateji müttəfiq olan ölkələrdir: «Foruma Rusiyadan böyük bir heyətin qatılması onu göstərir ki, Rusiya tərəfi də Azərbaycanla olan əlaqələrinə çox böyük əhəmiyyət verir və gələcəkdə bu istiqamətdə bir sıra addımlar atılacaq. Azərbaycan da həmişə Rusiya ilə münasibətlərə çox yüksək diqqət yetirib».
   
   «Rusiyadakı azərbaycanlı diasporun Rusiya- Azərbaycan arasında xarici siyasətə təsiri hansı səviyyədədir və ordakı azərbaycanlılar seçkilərdə nə üçün çox iştirak etmir” sualına cavab olaraq N.İbrahimov deyib ki, komitə yaranan gündən görülən işin əsas mahiyyəti azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatına daha tez inteqrə olması, siyasətinə nüfuz və təsir etməsindən ibarətdir: «Bunun üçün təşkilatlanma və diaspor təşkilatlarını gücləndirmək lazımdır. Sonra isə xaricdə doğulan, böyüyən, yəni yerli vətəndaşlığı olan azərbaycanlıları gələcəkdə düzgün istiqamətləndirib onların seçkili orqanlarda, siyasi və ictimai müstəvidə daha fəal iştirakına nail olmaqdır”.
   Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, hər iki ölkənin prezidentləri iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün belə bir forumun keçirilməsi ilə bağlı təklif irəli sürüblər: «Düşünürəm ki, bu, unikal bir formatda alınıb. Azərbaycanda keçirilən forumda tərkibində 100-dən artıq nümayəndə heyəti olan Rusiyanın siyasi, mədəni, elmi, biznes sahəsində çalışan elitası toplaşıb. Bu da onu göstərir ki, Azərbaycanla Rusiya arasında yaxşı bir körpü var. Fikrimcə, siyasi, iqtisadi, elmi, təhsil və mədəni sahədə bu əməkdaşlıq körpüsünü daha da möhkəmləndirmək üçün belə bir forumun keçirilməsi qərara alınıb».
   Rusiyanın xaricdə yaşayan vətəndaşlarla və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Fərid Muxametşin bildirib ki, bu forum agentliyin tarixində keçirilən ilk böyük forumdur. Fərid Muxametşin belə bir təklif irəli sürüb ki, onun rəhbərlik etdiyi agentlik Rusiyada azərbaycandilli məktəblərin və ya siniflərin açılması, həmçinin gənclər təşkilatlarının yaradılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi ilə qarşılıqlı fəaliyyət göstərə bilər.
   Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Yefim Pivovar isə qeyd edib ki, bu tədbir gələcəyə, xalqlar arasında dostluq və əməkdaşlığın, xüsusən humanitar baxımdan əlaqələrin möhkəmlənməsinə yönəlib.
   
   F.ABDULLAYEVA