Bu dəfə 35 saylı Musiqi Məktəbində
   
   Pirşağı qəsəbəsinin Qızılqum sanatoriyasında yerləşən 2 saylı Xocalı Musiqi Məktəbi G. Şaroyev adına 35 saylı Musiqi Məktəbi ilə birgə fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş “Xocalı fəryadı” ədəbi-musiqili kompozisiya keçirdi. Tədbiri 2 sayli Xocalı Musiqi Məktəbinin xor kollektivi açdı. Şeirləri Vəfa, Nicat, Ləman, İsmət, Əsgər, Kamran, Rüfət söylədi. Kompozisiyanı Vəsilə Məhərrəmova, xormeystr Zöhrə Axundova, konsertmeystr Gülnarə Nuriyeva hazırlamışdılar. Nicat Həsənov xorun müşayiətilə, Rəna Xudiyeva isə Allahyar Xocalının sözlərinə bəstələnmiş Qarabağ haqqında mahnılar ifa etdilər. Ardınca Nicat Həsənov sözləri Aybəniz Haşımovaya, musiqisi Ramala məxsus olan “Qarabağ” mahnısını səsləndirdi.
   Bundan sonra G. Şaroyev adına 35 saylı Musiqi Məktəbinin kollektivinin çıxışları başladı. Şagirdlərdən Qələmdar Zeynalov (fortepiano), Məmməd Mirzəli (klarnet) Qara Qarayevin əsərini, Nigar Cəfərli (fortepiano) Debüsinin “Ay işığı”, Cəfər Novruzov Ə. İsgəndərovun “İmprovizasiya”, Vəfa Şafatzadə (fortepiano) Raxmaninovun “Etüd-şəkil” əsərlərini ifa etdilər.
   Bədii hissədən sonra 35 saylı Musiqi Məktəbinin direktoru Yusif Vəliyev Xocalı faciəsinin 18-ci il dönümü ilə bağlı geniş çıxışının sonunda bir vacib məsələni vurğuladı: “Hazırkı hökumətin apardığı siyasətin nəticəsində artıq dünyada bir çox ölkələr Xocalı soyqırımını genosid kimi dərk edirlər”.
   Tədbirin sonunda 35 saylı Musiqi Məktəbinin tədris işləri üzrə müavini Vəfa Həziyeva 2 saylı Xocalı Musiqi Məktəbinin kollektivinə hədiyyələr taqdim etdi. 2 saylı Xocalı Musiqi Məktəbinin direktoru İmran Mirzəyev həmkarlarına isti münasibətə və tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşəkkürünü bildirdi. O bildirdi ki, tədbiri keçirməkdə əsas məqsədləri faciədən sonra dünyaya gəlmiş Xocalı uşaqlarına bu hadisə haqqında bilgilər verməkdir.
   Aytək