Lənkəranda keçirilən “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” seminarının təəssüratları əsasında
   
    Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə seminarların keçirilməsinə başlanılıb. Yerli mədəniyyət müəssisələrinin rəhbərləri üçün keçirilən bu seminarların mövzusu “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti”dir. İlk baxışda bu mövzunun adı və verdiyi anlam bizə çox sadə gəlir. Lakin nəzərə alsaq ki, biz mədəniyyətin də ideologiyaya qulluq etdiyi sovet rejiminin şinelindən çıxmışıq, onda bu reallığı qəbul etməliyik - «mədəniyyət siyasəti» anlamı əsl məna baxımından cəmiyyətimizdə hələ oturuşmayıb.
   
   
   Öncə onu qeyd edək ki, "mədəniyyət siyasəti" anlayışı BMT-nin Elm, təhsil və mədəniyyət məsələləri üzrə təşkilatı tərəfindən 1960-cı illərdə rəsmən dövriyyəyə gətirilib. YUNESKO-nun mədəni aksiyaları dövlət siyasətinin ən mühüm məqsədlərindən biri kimi açıq etiraf etmək çağırışıyla hökumətlərə müraciətindən sonra bunu dünya birliyi addımbaaddım gerçəkləşdirir. 1982-ci ildə Moskvada keçirilən mədəniyyət sahəsində siyasət üzrə ümumdünya konfransı, BMT-nin Baş Assambleyası tərəfindən 1987-ci ildə mədəniyyətin inkişafının onilliyinin bəyan edilməsi, 1988-ci ildə BMT-nin bu məsələylə bağlı bəyannaməsi, 1998-ci ildə inkişaf məqsədilə keçirilən hökumətlərarası Stokholm konfransı - bütün bunlar artıq mədəniyyət siyasətinin müasir dövlət və cəmiyyətlərdə çox böyük əhəmiyyətə malik olmasından xəbər verirdi. 1995-ci ildə Mədəniyyət və İnkişaf üzrə Ümumdünya Komissiyası özünün "Bizim yaradıcı müxtəlifliyimiz" məruzəsində mədəniyyət siyasətinin gerçəkləşməsini incəsənətə yardım və mədəni irsin qorunması ilə yanaşı, mədəni azadlıqla da əlaqələndirmişdir. Həmin məruzədə irəli sürülən "mədəni azadlığın mədəni müxtəlifliyə hörmətdən və həm maddi, həm də qeyri-maddi mədəni irsin qorunmasından ayrılmazlığı" fikri bütün sivil dövlətlər tərəfindən dəstəkləndi. Şübhəsiz, ölkələrin hər birində mədəniyyət siyasətinin modelləri fərqlidir. Çünki hər bir dövlət dəyərlərinə münasib olan, üstün tutulan ənənəvi, estetik və bədii normalardan irəli gələn bir strategiya seçir. Lakin bütün demokratik ölkələrdə vahid, universal mədəniyyət siyasətinin olmamasına baxmayaraq, onlar üçün YUNESKO tərəfindən keçirilən müşavirə və konfranslarda daim irəli sürülən, bəyənilən, qəbul edilən və dəstəklənən ümumi məqsəd və prinsiplər mövcuddur.
   Bu gün Azərbaycan dövlətinin də mədəni siyasətinin əsas prinsipləri mövcuddur və o daha da təkmilləşdirilir. Növbəti yazılarımda bu prinsiplərə xüsusi yer ayırmağı planlaşdırdığımdan qayıdaq bölgələrimizdə keçirilən sözügedən seminarlara.
   Mədəniyyət və Turizm Nazirliyi müasir dünyanın əslində yeni mədəni texnologiyası sayılacaq mədəniyyət siyasətinin beynəlxalq aləmdə mədəni dəyərlərimizin tanıdılması istiqamətində bir çox uğurlara nail olub. Məhz mədəni varlığımızın dünyada təsbit edilməsi dövlət kimi beynəlxalq siyasətimizin qəbul edilməsinin aparıcı xəttidir. Peşəkar siyasəti öyrədən siyasi nəzəriyyələrin əlifbası sayılacaq bir düsturu xatırlatmağımdan sadə oxucularımız heç də təəccüblənməsin. Xarici siyasət o vaxt bütövləşir və hədəflərə çata bilir ki, daxildə aparılan siyasətlə tam uzlaşmış olur. Məhz bu baxımdan dövlətçiliyimiz üçün vacib məqamlarda gərgin zəhmət hesabına qazanılan beynəlxalq uğurlardan sonra Mədəniyyət və Turizm Nazirliyi nəzərlərini bir daha daxili faktorlara yönəldib. Və indi bölgələrdə seminarlar şəklində ilkin müzakirə və maarifləndirici işlər həyata keçirilir. Hədəfdə isə mədəniyyət faktorunun cəmiyyətimizdə yeni və daha geniş anlamda qəbul edilməsidir. Həyatın bütün sahələrinin mədəniyyətdə birləşməsi təfəkkürümüzdə əks olunduqca, əslində, biz daha müasir cəmiyyətin qurucusuna çevriləcəyik. Müasir mədəni siyasətimiz bu təməldən qaynaqlanır. İlk addım kimi isə, mədəniyyət müəssisələrinin işinin müasir səviyyədə qurulması, mədəniyyət sahəsi işçilərinin daha təşəbbüskar və yenilikləri tətbiq etmək bacarığına yiyələnməsi lazımdır. Sovet dönəmində təşəbbüskarlığa ehtiyac yox idi. İdeoloji basqı şəraitində yalnız işə gəlib-gedən mədəniyyət işçisi var idi. Bunun acı nəticəsini isə biz indi görürük. Böyük şəkildə cəmiyyət üçün mədəni proses olmadığından cəmiyyətin ümumi mədəni səviyyəsi yetərincə aşağı idi. İndi bizə həmin dövrdən quru klublar və s. qalıb. Yeri gəlmişkən, sadə bir misalla fikrimi əsaslandırmağa çalışım. Bu gün bizdə kitab oxunmur deyilir. Bəs sovet dönəmində kütlənin kitabxanalardan aldığı kitablar hansılar idi. Çoxluq, qətiyyətlə deyirəm ki, mənasız nəşrlərə üstünlük verirdi. Mən o dövrdə çap edilmiş və satılmış 100 min nüsxəlik kitabları vərəqlədikcə bu qərara gəlirəm. Bu gün müasir intellektual dünyaya daxil olmaq üçün oxunmalı kitabları almamağımızın səbəbi də elə burada axtarılmalıdır. Sovet dövrü ilə müqayisədə bu gün daha dəyərli kitablar oxunur. Və inkişaf edən prosesdə cəmiyyətimizin mütaliə edən təbəqəsinin artımı ilə qarşılaşacağımıza inanıram. Sovet dövrünün mədəni dəyərləri və mədəniyyət təsərrüfatı əslində ideoloji xalq formalaşdırırdı. Tarix bunun süni və fəlakətli olduğunu sübut edib. Məhz 70 il tətbiq edilən texnologiya indi əyalətlərimizdə yetərincə problemlərlə üzləşməyimizi şərtləndirib. Yeniliyin qəbulu, tətbiqi nə qədər çətin olsa da, müasir zamanın diktəsinə əməl etməyə məcburuq. Bəli, bizə indi yalançı sovet klubları yox, öz mədəni varlığını ifadə edəcək və müasir texnologiyanı mənimsəmiş vətəndaşların yaradacağı mədəni proses lazımdır. Bu, həm də ümumilikdə vətəndaşın özünüifadə imkanlarının artması deməkdir.
   Lənkəranda keçirilən və təxminən 100-dən çox mədəniyyət müəssisəsi rəhbərinin iştirak etdiyi seminarda şahid olduğum ab-hava belə deməyimə əsas verir ki, regionlarda yeni bir mədəni prosesin başlanması, yeni mədəni siyasətin prinsipləri artıq reallıq kimi dərk edilməkdədir. Və ilk növbədə mədəniyyət işçiləri bu məsələlərə adekvat reaksiya göstərirlər. Bu isə ona görə baş verir ki, onlara sadəcə olaraq hədəfləri dəqiq göstərmək və onlarla mütəmadi işləmək lazımdır. Bu ilkin mərhələdən sonra isə onlar özləri artıq prosesin lokomotivinə çevriləcəklər. Əslində, bu, tarixi bir dönəmdir. Bu tarixin ilk səhifələrini yazan da məhz bizim mədəniyyət işçiləri olmalıdır. Təşəbbüsləri, ideyaları və işləri ilə... Maarifçilik xəttini götürmüş bir seminarda canlı və saatlarla davam edən diskussiyalar bütün bunları əminliklə deməyimə əsas verir. Qəzetimizin xətti ilə bölgələrimizdə mədəni həyatla tanışlığım zamanı bir sıra çatışmazlıqların şahidi olmuşam. Bu çatışmazlıqlar əsasən bütün bölgələrdə eynidir. Problemlərin səbəbi müəssisələrin fəaliyyətsizliyi deyil, sadəcə hədəfsizlikdir. Məhz bu müşahidələrim bir yeniləşmə dalğasına ehtiyacın olduğu qənaətini yaradırdı. Budur yeniləşmə öz hədəfini elan edib. Hədəflərə çatmaq bir günün, bir ilin işi deyil. Bu, bir prosesdir. Çatışmazlıqlar seminarda qeyd edildiyi kimi, təkcə bu prosesin başlanması üçün texniki məsələlərin həlli kifayət qədər vaxt və maliyyə tələb edir. Təkrar edirəm, yeniləşmə dalğası gəlir. Bu yeniləşmə dalğasında isə biz hamımız iştirak edəcəyik.
   
   Səbuhi