Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi mükafatın növbəti təqdimat mərasimi keçirildi
Dünən Bakı Caz Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən «Zirvə» mükafatının növbəti təqdimetmə mərasimi keçirildi. Tədbiri giriş sözü ilə aparıcı Nərgiz Cəlilova açdı. O, 3 yaşlı mükafat haqqında tədbir iştirakçılarını məlumatlandırdıqdan sonra sözü Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verdi.
Mədəniyyət və incəsənət xadimlərini Novruz bayramı münasibətilə təbrik edən nazir bildirdi ki, bayram günlərində respublikamızın şəhər və rayonlarında müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə mədəniyyət və incəsənət işçiləri böyük fəallıq göstərirlər.
«Zirvə» mükafatının qısa vaxt ərzində mədəniyyət və incəsənət xadimləri arasında böyük nüfuz qazandığını diqqətə çatdıran natiq, bu ödülü sənət adamları üçün stimul adlandırdı: «Sənət adamlarının əməyi bir çox mükafatlarla dəyərləndirilə bilər. Amma «Zirvə»nin cəmiyyətdə özünəməxsus yeri var. Əslində, bu mükafatın təsis edilməsi bir zərurət idi. Mədəniyyət sahəsindəki inkişaf ölkəmizdəki tərəqqinin ayrılmaz hissəsidir. Bu gün müasir Azərbaycanın inkişafına nəzər saldıqda hər bir sahədə ayrı-ayrılıqda yüksəlişi görmək mümkündür. Hesab edirəm ki, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar da hörmətli prezidentimiz İlham Əliyevin siyasətinə dəstək olaraq, mədəniyyətimizi dünyada layiqli təmsil edirlər». Ə.Qarayevin sözlərinə görə, «Zirvə» mükafatı mədəniyyətin və incəsənətin müxtəlif bölmələri üzrə son bir il ərzində görülən işlərin dəyərləndirilməsi məqsədilə təqdim edilir. Bu zaman həmçinin mükafat sahibinin mədəniyyət sahəsində bütün həyatı boyu göstərdiyi fədakarlıq nəzərə alınır.
Nazir son bir il ərzində əldə edilən uğurlara toxunaraq mükafat alan şəxslərə, mədəniyyət və incəsənət sahəsində fədakarlıq göstərən bütün insanlara təşəkkürünü bildirdi.
Sonra «Zirvə-2010» mükafatı öz sahiblərinə təqdim edildi. Məlum oldu ki, təsviri sənət sahəsi üzrə mükafatın builki sahibi Azərbaycan Respublikasının xalq rəssamı, Prezident təqaüdçüsü, «Şöhrət» ordenli Kamil Nəcəfzadədir. Mükafatı rəssama Mədəniyyət və turizm naziri Ə.Qarayev təqdim etdi.
Teatr sahəsi üzrə «Zirvə»ni yaradıcılıq uğurlarına görə Azərbaycan Dövlət Pantomima Teatrı fəth etdi. Mükafat Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov tərəfindən Pantomima Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Bəxtiyar Xanızadəyə təqdim edildi.
Xalq artisti, «İstiqlal» ordenli Əlibaba Məmmədov «Zirvə»nin musiqi sahəsi üzrə qalibi oldu. Mükafatı hörmətli sənətkarımıza Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov təqdim etdi.
«Niyyət» bədii filmi isə mükafatın kino nominasiyasının qalibi oldu. Mükafat filmin ssenari müəllifi Yavər Rzayevə, quruluşçu rejissoru Samir Kərimova, quruluşçu operatoru Nadir Mehdiyevə təqdim edildi. Bu vəzifəni isə Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayev icra etdi.
«Azərbaycan mədəniyyətinə dəyərli töhfə» nominasiyasının qalibi Müasir İncəsənət Muzeyinin yaradılmasına görə tanınmış rəssam Altay Sadıqzadə oldu. Mükafat Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov tərəfindən təqdim olundu.
Azərbaycan Respublikasının xalq artisti, «İstiqlal» ordenli, tanınmış rəqqasə Əminə Dilbazi «Milli sərvət» bölməsi üzrə qalib oldu. Mükafatı Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi Ə.Dilbazinin oğluna təqdim etdi.
Və nəhayət, sonuncu - «Debüt» nominasiyasının qalibi istedadlı pianoçu İsfar Rzayev Sarabski oldu. Cazmenə mükafatı Əzizə Mustafazadə təqdim etdi.
Sonra tədbir xalq artisti Azər Zeynalov, xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Mövlamova, Vüqar Camalzadə, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri - Eteri Cəfərova və Şahin Səlimov, Emil Məmmədov (fortepiano), Mircavad Cəfərov (ud), İsfar Sarabskinin rəngarəng çıxışları ilə davam etdi.
Fəxriyyə Abdullayeva,
İntiqam Hacılı