Kitabı mövzu edirik və bir girişə ehtiyacımız yaranır. Mövzuya necə başlamalı? Zatən kitaba dəyər verənlər onun nə olduğunu, nə qədər ali olduğunu bilir. Kitabsızlara nə demək olar? Kitabın içindəki boşluğu doldura biləcək qədər, insanı dəyişəcək qədər güclü olmasınımı? «Kitabsız» sözünün ən yumşaq halda tənə olmasınımı? «Dinsiz» anlamında işlənsə də, «kitabsız» elə kitabsızdır...
   
   Ruhun qidası kitab
   
   Əgər elədirsə, nə üçün kitabı zəruri tələbatlar sırasında görməməliyik? Bakının iri əyləncə və ticarət mərkəzində kitab mağazası açılıb. Gözümüz aydın olsun deyək! Kitab satışı sahəsində kampaniya və yenilikləri ilə bu sahəni dinamik və kreativ vəziyyətə gətirməyə çalışan «Ali & Nino» kitab mağazaları şəbəkəsinin dükanlarını “Park Bulvar”, “Metropark” və 28 MALL əyləncə və ticarət mərkəzlərində görə bilərsiniz. Niyə də yox? Bu mərkəzlərin içində kinozallar varsa, kafelər, uşaq əyləncə guşələri, saysız geyim dükanları varsa, kitab dükanı nədən olmasın? Deməli, ya kitab artıq zəruri tələbatlar sırasına keçib, ya da bunun belə olmasını istəyirlər. Axı tələb və təklif məsələsi var. Təklif olsa, tələb də olacaq.
   «Əli & Nino» mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli isə bunu tələbatla bağlamır: “Təbii ki, tələbat hələ zəifdir. Sadəcə, kitab dükanlarının insanların çox olduğu yerdə açılması lazımdır. Bu ticarət və əyləncə mərkəzləri isə insanların sıx olduğu yerlərdir”.
   
   Endirim və kreditli satış
   
   28 MALL City Centerdə və “Metropark” ticarət və əyləncə mərkəzindəki «Ali & Nino» dükanlarında kitab satışı ilə maraqlandıq. Brend markaların, reklamın parıltısının göz qamaşdırdığı bir vaxtda və məkanda əylənmək və alış-veriş etmək istəyən adama kitab təklif olunması çox alicənab hərəkətdir. Həm də bu kitablar müəyyən kampaniyalar, endirimlərlə və hətta geyim dükanlarında olduğu kimi kredit kartları vasitəsilə satılırsa.
   Əvvəla, kitabların baha olması haqqında bəhanələrin əsassızlığını bu mərkəzlərdə daha aydın görmək olur. Geyim və digər tələbat malları ilə müqayisədə kitabların qiyməti baha deyil, üstəlik müştərilərə müxtəlif fürsətlər təqdim edilir. «Ali & Nino» kitab dükanında hər həftə «Həftənin fürsəti» kampaniyası keçirilir və bu kampaniya müddətində - bir həftə ərzində dörd kitab 70% endirimlə alıcılara təklif olunur. Bu kitablar nəyə əsasən seçilir?
   “Metropark”dakı mağazanın satış üzrə meneceri İlkin Məmmədov bu kitabları hər həftə özü seçdiyini deyir: «Bu həftə dörd dildə kitab həftənin endirim fürsəti kampaniyası ilə satılır: Bunlar F.M.Dostayevskinin «Ölü evdən qeydlər» (Azərbaycan dilində), Anna Qavalda “Uteşitelğnaə partiə iqrı v petank” (rus dilində), Green Jane «Jemima J: A Novel about Ugly Ducklings and Swans» (ingilis dilində) və türk müəllifin «Böyürtkən şərabı» əsəri 70% endirimlə satılır. Kitabların satışına baxsaq, əlbəttə, bestsellerlər daha çox satılır. Elmi, tarixi ədəbiyyata da maraq var. Ümumiyyətlə, faizə qalanda Azərbaycan və türk dillində bədii ədəbiyyatın daha çox satıldığını deyə bilərəm.
   14 fevral - Sevgililər Günü münasibətilə üç gün seçdiyimiz kitabların endirimli satışını təşkil edəcəyik. Həmin kitablar 10, 30 və 50 faiz endirimlə satılacaq. Yaş qrupuna gəlincə, daha çox gənclər kitab alır. Satış faizindən şikayətlənməyə haqqımız yoxdur. Digər mağazalardan geri qalmırıq: bura məxsusi olaraq bu dükandan kitab almaq üçün gələnlər var. Alış-veriş məqsədilə gəlib, kitab mağazasından kitabla çıxanlar da az deyil».
   
   Uzun müddət sonra bu qədər əlvan və çox kitab görmək...
   
   Mağazanın uşaq kitabları bölməsində söhbətləşdiyimiz İradə xanım da belələrindəndir: «56 yaşım var. “Metropark”a nəvəmi əyləndirmək üçün gəlmişəm. Evdar qadınam, amma vaxtilə çox kitab oxumuşam. Açığı, uzun müddətdir ki, kitab dükanında olmamışdım. Rastıma çıxmayıb. İndi burada bu dükanın olması çox yaxşıdır. Uzun müddət sonra bu qədər əlvan və çox kitab görmək mənə xoş oldu. Nəvəmə kitab seçmək istəyirəm. O qədər də baha deyil. Bilirsiniz, hansı oyuncaqdan yapışsan od qiymətinədir. Bu kitablar onlardan baha deyil».
   Şəhərin əyləncə və ticarət mərkəzlərində daha çox gənclərə rast gəlirsən. Onları birləşdirən yalnız gənc olmaları deyil - onlar zövqlü, müasir görünmək və əylənmək istəyirlər. Zövq və müasirlik isə yalnız zahiri görkəmdə, geyimdə deyil. Müasir və zövqlü gənc olmaq üçün kitab oxumaq əsas şərtlərdəndir. Deyəsən, artıq onlar bunu anlamağa başlayıblar...
   
   P.S. Xatırladaq ki, ötən ay «Ali & Nino» mağazalar şəbəkəsi Tağıyev küçəsi, 19 ünvanındakı kitab dükanında tələbə və təqaüdçülər üçün pulsuz kitab aksiyası keçirdi. Elanda deyilirdi: «Bu kitablar oxumağa həvəsi olan, amma almağa imkanı olmayan tələbə və təqaüdçülər üçündür. Buyurun götürün, pulsuzdur. Təki kitab oxunsun!»
   
   Aliyə