Sərgi Leyla Axundzadənin xatirəsinə həsr olunub
   
   Bir neçə gündür ki, Moskvada «Aydan qalereya» salonunda Azərbaycanın 8 rəssamının əsərlərindən ibarət sərgi nümayiş olunur. Sərgini qalereyanın sahibi Aydan Salahova ilə rəssam, Əməkdar incəsənət xadimi, professor Leyla Axundzadə birgə hazırlayırdı. Leyla xanım bu ilin fevralında faciəli şəkildə həlak olduğundan Moskvadakı Azərbaycan təsviri sənət sərgisi onun xatirəsinə həsr edilib.
   
   Sərgidə Leyla xanımın əsərləri ilə yanaşı, Əməkdar rəssam Eldar Qurbanovun, rəssamlar Tərlan Qorçu, Fərid Rəsulov, Rəşad Ələkbərov, Orxan Hüseynov, Babi Bədəlov və Rəşid Axundzadənin işləri nümayiş olunur.
   Əgər moskvalı sənətsevər Şərq ruhunun, ekzotikasının bugünkü təsvirini görmək üçün bu sərgiyə təşrif buyurarsa, yəqin ki, peşman olacaq. Sərgilənən nümunələrə məhz aktual baxışlarla nəzər salaraq, onları anlamaq mümkündür.
   Mərhum Leyla xanımın «Qadın. Kamilliyə canatım» seriyasında heç bir ekzotikaya rast gəlməzsiniz. Müxtəlif dadlı yeməklər satan azərbaycanlı qadınların frontal fotoları klassik Avropa rəngkarlığından tapılan peyzajlarla birləşdirilib. Eldar Qurbanovun və Rəşid Axundzadənin də təqdim etdiyi əsərlərdə əsrlər boyu formalaşmış sənət meyarlarına yeni münasibət var.
   Tərlan Qorçunun ağ fotofriz üzərində təsvir etdiyi, sonu görünməyən üzüm tənəyi universal metaforaya çevrilir: təbiətin və insanın həyat ritmlərini birləşdirən kardioqram lenti tamaşaçını düşünməyə vadar edir.
   Rəşad Ələkbərov isə üzünü cəmiyyətdəki dəyişikliklərin əzabını çəkənlərə tutur. Qaranlıq yerdə plastik borulardan qurulmuş konstruksiyanın üstünə işıq saldıqda divara melanxolik bir kəlmənin əksi düşür: «Böhran». Amma növbəti işıq seli bu kəlməyə «Ha-ha» gülüşü ilə cavab verir; yəni biz o qədər böhran, sınaq görmüşük ki...
   Moskva mətbuatının yazdığına görə, Azərbaycan rəssamlarının bu sərgisində yalnız bircə əsərə tarixi arayış vermək lazımdır. Orxan Hüseynovun çəkdiyi şair Sabirin portretinə. Klassik şairin dodaqlarından daman qan heç də onun ağır xəstəlikdən dünyasını dəyişdiyinə işarə deyil. Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatındakı rolunu rus ədəbiyyatında Nikolay Nekrasovun ictimai bəlaları ifşa etməsi ilə eyniləşdirən Andrey Kovalyov adlı tənqidçi təəssüflə onu da qeyd edir ki, Sabiri tanıyan və yaşadan azərbaycanlılardan fərqli olaraq, müasir Rusiyada Nekrasovun portretini demək olar ki, kimsə xatırlamır.
   Moskvadakı Azərbaycan aktual təsviri sənət sərgisi mayın 9-dək davam edəcək.
   
   Gülcahan Mirməmməd