Bəşər tarixinin ən qanlı müharibəsinin başa çatmasının, faşizm üzərində Qələbənin qazanılmasının 65-ci ildönümü - 9 May günü Azərbaycanda da bir sıra tədbirlərlə qeyd olundu. Azərbaycan xalqı bu tarixi zəfərin əldə olunmasına böyük töhfələr verib. 1941-1945-ci illərdə respublikamızdan 600 mindən çox insan cəbhəyə gedib, onların 300 mini geri qayıtmayıb. 170 min nəfər orden və medallarla təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bakı nefti Sovet İttifaqının faşist Almaniyası üzərində Qələbə qazanmasında həlledici rol oynayıb.
Qələbənin 65 illik yubileyinə həsr olunmuş yaddaqalan tədbirlərdən biri də Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi və «Millennium» turizm şirkətinin təşkilatçılığı ilə Xəzər buxtasında gerçəkləşən dəniz turu oldu. “General Əsədov” gəmisinin göyərtəsində Azərbaycanın, MDB ölkələrinin müharibə veteranları, Bakıda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin əməkdaşları, mədəniyyət və incəsənət təmsilçiləri, media mənsublarından ibarət 200 nəfərlik heyət 6 saat ərzində maraqlı dəniz gəzintisində iştirak etdi. Gəzinti zamanı qonaqlar üçün ziyafət və konsert proqramı da təşkil edilmişdi.
Tədbirin açılışında çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov ilk dəfə təşkil olunan belə bir gəzintinin maraqla qarşılanmasından məmnunluğunu bildirdi. M.Qəhrəmanov tədbirin ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”a uyğun olaraq keçirildiyni diqqətə çatdırdı. Azərbaycan xalqının Qələbənin əldə olunmasında böyük fədakarlıq və rəşadət göstərdiyini deyən sektor müdiri bu tarixin heç vaxt unudulmayacağını vurğuladı: «Sözsüz ki, bu günü biz yüksək səviyyədə qeyd etməliyik. Çünki müharibə keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi, Azərbaycanda da hər bir ailədə iz qoyub”.
Respublika Veteranlar Şurası adından çıxış edən Kamal Əliyev Qələbənin 65 illik yubileyi münasibətilə Moskvada - Qızıl meydanda təşkil edilmiş paradda Azərbaycan hərbçilərinin də iştirak etdiyini nəzərə çatdırdı.
Sonra tədbirdə iştirak edən veteranlara üz tutan K.Əliyev «Sizin qəhrəmanlığınız sayəsində faşizmin ocağı Yer üzündə birdəfəlik söndürüldü» deyə vurğuladı.
Tale aman versə...
Qələbə gününü azərbaycanlı cəbhə yoldaşları ilə birlikdə qeyd etmək üçün Sankt-Peterburqdan qonaq gəlmiş Tamara Kazakovanın çıxışı isə tədbir iştirakçılarını mütəəssir etdi. O bildirdi ki, cəbhədə bir çox azərbaycanlılarla çiyin-çiyinə vuruşub, onların insanpərvərliyi, yoldaşlıqda sədaqəti, öz canını qurban vermək hesabına da olsa, dostlarını qorumaq istəyi onu həmişə valeh edib: «Elə buna görə də bu gün burdayam. Bilmirəm tale aman verəcəkmi bir də Azərbaycana gəlim. Amma buradan olduqca yüksək təəssüratla qayıdacağam».
Müharibə veteranlarından Seyfulla Baxışovun, Hüseyn Nəcəfovun, Nüsrət İbrahimovun, Ələkbər Quliyevin, Nəcibə Məhərrəmovanın çıxışları iştirakçıların alqışları ilə qarşılandı.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirildi. Xalq artistləri Flora Kərimova, Bilal Əliyev, skripka ifaçısı Səlim, Əməkdar artist Gülyaz Məmmədova, sənətçilər Teymur Əmrah, Nadir Qafarzadə, Aslan, Rövşən, Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu və digərləri veteranlar üçün xüsusi proqramla çıxış etdilər.
Tədbirdə yaddaqalan məqamlardan biri də Hindistanın Azərbaycandakı səfirliyinin müharibə veteranları üçün hazırladığı tortun kəsilməsi oldu. Gəmidə keçirilən atəşfəşanlıq da veteranlar tərəfindən maraqla izləndi.
Azərbaycan tarixinin canlı əfsanələri
Tədbirin təşkilatçısı «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Qələbənin 65 illiyi münasibətilə belə bir dəniz gəzintisinin keçirilməsi onlar üçün də əlamətdardır: «Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə Qələbə münasibətilə turizm marşrutunun təşkil edilməsini tövsiyə etdi. Biz də Bakı buxtası ərazisində veteranlar üçün gəzinti turunun təşkilini nəzərdə tutan layihə hazırlayıb təqdim etdik. Nazirlik və Dövlət Neft Şirkəti tərəfindən layihənin gerçəkləşməsinə kömək göstərildi. Tədbirə MDB ölkələrindən və Respublika Veteranlar Şurasından veteranları dəvət etdik». O, tədbirdə MDB ölkələrinin, Böyük Britaniya, Belçika və Hindistanın ölkəmizdəki səfirliklərinin, Avropa Komissiyasının Bakıdakı nümayəndəliyinin əməkdaşlarının iştirak etdiyini bildirdi.
Şirkət rəhbərinin sözlərinə görə, Qələbənin 65 illiyinin dövlət səviyyəsində qeyd olunması müsbət haldır: «Bu gün həmin müharibənin iştirakçılarının ən azı 84-85 yaşı var. Biz onlara qayğı ilə yanaşmalıyıq.
Veteranlara yüksək səviyyəli diqqət biz gəncləri də ruhlandırır. Onlar Azərbaycan tarixinin canlı əfsanələridir».
İxtisaslaşdırılmış Dəniz Neft-Donanma İdarəsinin kapitanı Rza Mehdiyev də öz təəssüratlarını bizimlə bölüşdü. Onun dediyinə görə, ölkəmizə gələn qonaqlar üçün «General Əsədov» gəmisində belə dəniz gəzintiləri çox keçirilib. Amma veteranlar üçün ilk dəfə belə tədbir təşkil olunur.
Onu da qeyd edək ki, gəmi gəzinti boyu Neft Daşlarının yaxınlığından keçməklə Bakı buxtasında təxminən 20 kilometr məsafəni qət etdi.
Və sonda...
6 saatlıq tədbirdə iştirak edən veteranlarımızın sevincinin həddi-hüdudu yox idi. Bunu onların üzlərindəki təbəssüm, rəqs etmək həvəsləri, bir-birini və hətta gəncləri də Qələbə günü münasibətilə təbrik etmələrindən duymaq mümkün idi. Tariximizin qəhrəmanlıq səhifəsini yazan bu insanlara belə xoş anları bəxş etdiklərinə görə biz də öz növbəmizdə təşkilatçılara təşəkkür edirik.
Fəxriyyə Abdullayeva