Mədəniyyət və Turizm Nazirliyinin Elmi-metodiki sektorunun bu mövzuda növbəti regional seminarı Mingəçevirdə gerçəkləşdi
Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə təşkil etdiyi “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda növbəti seminar mayın 12-də Mingəçevir şəhərində keçirildi. Sayca altıncı olan tədbirdə nazirliyin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Mətləb Mahmudov, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Asif Nəsibov iştirak edirdi.
Yerli mədəniyyət müəssisələrinin rəhbərləri və Mingəçevir Turizm Kollecinin tələbələrinin iştirak etdiyi seminar Ü.Hacıbəyov adına 1 sayli Musiqi məktəbinin zalında gerçəkləşdi.
Turizmə böyük maliyyəni mədəniyyətimiz vasitəsi ilə yönəldə bilərik
Tədbiri Mingəçevir Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əzizli açıq elan etdi. Seminarda çıxış edən nazirliyin sektor müdiri Asif Usubəliyev bölgələrdə milli mədəniyyət və müasir mədəniyyət siyasətinin həyata keçirilməsinin daim diqqət mərkəzində olduğunu vurğuladı. Sektor müdiri bu siyasətdə gənclərin böyük rolu olduğunu bildirdi: “Gənclər, o cümlədən burada iştirak edən Turizm Kollecinin tələbələri bu işdə aktiv olmalıdırlar. Onlar nazirliyin keçirdiyi tədbirlərlə yaxından tanış olmalı, mütəmadi olaraq “Mədəniyyət” qəzetində, nazirliyin “mct.gov.az” saytında dərc olunan xəbərləri izləməlidirlər. Bizim apardığımız bu siyasətin cəmiyyətə necə təqdim olunması mətbuatdan asılıdır. Əgər adıçəkilən qəzet və saytı izləsəniz nazirliyin keçirdiyi bütün tədbirlərdən, qərarlardan, festival və sərgilərdən xəbəriniz olacaq. “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” layihəsində məqsədlərimiz böyükdür. Artıq inkişaf etmiş ölkələr mədəniyyət siyasətinin potensialından istifadə edərək böyük nailiyyətlər əldə ediblər. Ölkəmiz də bu sahədə ilkin işə başlayıb”.
Sektor müdiri son illər mədəniyyətimizin xaricdə təbliğ olunmasında böyük işlər görüldüyünü vurğuladı: «Avropalılar bizdən fərqli olaraq mədəniyyət siyasətinə çox önəm verirlər. Onların fəlsəfəsinə görə xalqın, fərdin daşıdığı mədəniyyət onun simasıdır. İndi dünyada akkulturasiya halı çoxalıb. Bu bir çox xalqlar tərəfindən özünə məxsus olmayan mədəniyyət nümunələrinin mənimsənilməsi deməkdir. Biz də həmin problemi yaşayırıq. 5-6 il bundan əvvəl bu problem daha ciddi idi. Amma bu gün planlı şəkildə aparılan təbliğat siyasətinin müsbət nəticəsi özünü göstərir. İndi Ermənistan tərəfindən mədəniyyət abidələrimizin və digər mədəniyyət nümunələrimizin özününküləşdilməsinin qarşısı alınır. Deməli, beynəlxalq arenaya çıxmaq, bu səviyyədə əməkdaşlıq və Avropa standartlarını tətbiq etmək, paytaxtdan asılılığı aradan qaldırmaq mümkündür. Bu, nazirliyin apardığı mədəniyyət siyasətinin əsas priotetlərindəndir. Mingəçevir Turizm Kolleci paytaxtla bölgələr arasında olan qeyri-tənasüblüyü aradan götürmək üçün real nümunədir”.
Mədəniyyət dinamik və sürətlə inkişaf edən sahədir. Məlumdur ki, bu dinamika ilə ayaqlaşmaq üçün kadrlar daim öz üzərində işləməlidir. Sektor müdiri sovet dövründə olan mövcud stereotiplərdən uzaqlaşmağın zəruriliyini vurğuladı: “Mədəniyyət sahəsində maddi təminatda problemlər olduğunu etiraf edirik. Amma o da etiraf olunmalıdır ki, büdcədən götürdüyümüzün əvəzində maddi məhsul olaraq heç nə verə bilmirik. Turizmə böyük maliyyəni biz mədəniyyətimiz vasitəsi ilə yönəldə bilərik, ya da əksinə. Cənab nazir dəfələrlə vurğulayıb ki, mədəniyyət müəssisələrimiz özləri vəsait qazanmağa başlamalıdırlar. Təəssüf ki, bizim müəssisə rəhbərlərimiz bundan uzaqdırlar. Yalnız bu sistem işə düşdükdən sonra demərkəzləşmə prosesi baş verə bilər. Nazir Əbülfəs Qarayevin vurğuladığı digər mühüm məsələ mədəniyyət müəssisələrimizin qeyri-hökümət təşkilatları ilə sıx əməkdaşlığı ilə bağlıdır. Qrant layihələrindən yararlanmaq lazımdır. Amma yerlərdəki şöbə müdirlərimiz bu məsələlərdən kifayət qədər uzaqdırlar”.
İnsan kapitalı mədəniyyət siyasətində əsasdır
Digər çıxışçılar isə gənclərimizin fəal olmasını və yüksək təhsil almasının vacibliyini vurğuladılar. Mədəniyyət və İncəsənət Universitetinin dosenti M.Süleymanlının sözlərinə görə, mədəniyyət müəssisələri işçilərinin və Turizm Kollecinin tələbələri dünyada mədəniyyətində gedən prosesləri də yaxından izləməlidirlər: “Mingəçevirdə 1600 tələbəsi olan Turizm Kollecinin fəaliyyət göstərməsi sevindirici haldır. Bu gün gənclərin təfəkkürü dünyanın yeni modern texnologiyasına yaxın olmalıdır. Biz təfəkkürümüzü inkişaf etdirməli, məqsədlərimizi müəyyənləşdirməliyik. İradə sahibi olmaq da əsasdır. Pis vərdişlər iradə zəifliyindən irəli gəlir. Turizmin özü də kultroloji hadisədir. Turizm kollecinin tələbələrinin üzərinə xaricdən gələnlərə ölkəni təqdim etmək missiyası düşür. Turizm sahəsində çalışan insanların ölkənin tarixini, etnoqrafiyasını, milli-ənənələrini bilməsi, incəsənət sahələrindən xəbərdar olması vacibdir. Mədəniyyət siyasətinin əsas hədəflərindən biri də bugünkü gənclərin milli-mənəvi dəyərlərin daşıyıcısı olaraq günün tələbələrinə uyğun inkişaf etməsi və prosesə qoşulmasıdır”.
Fəlsəfə elmləri doktoru Mətləb Mahmudov inkişaf etmək üçün daim bilgilərə yiyələnməyi çıxış yolu kimi göstərdi. Qloballaşmanın bütün sahələrdə özünü göstərdiyini M.Mahmudov gənclərin mədəniyyət evləri, kitabxanalarla daha sıx əlaqədə olmasının vacibliyini qeyd etdi: «Avropanın bəzi ölkələrində tələbə sinifdən-sinifə keçəndə mütləq “30 saatlıq kitabxana” arayışı gətirməsi vacibdir. Bu minimum vaxtdır. Təhsilin tədrisində bəzi qüsurlardan qaçmalıyıq. Yeni mexanizmlər tətbiq etməliyik. Biz yalnız dəyərlərimizlə özümüzü tanıtdırmalıyıq. Azərbaycan və mədəniyyət siyasətimiz üçün bu dəyərlərlə nəsə əldə edə bilərik”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi Asif Nəsibov isə qeyd etdi ki, əgər ölkənin mədəniyyət siyasəti möhkəm deyilsə, digər sahələrdə davamlı inkişaf olmayacaq. Mədəniyyət siyasətini həyata keçirmək üçün bizə insan kapitalı lazımdır. Həmin kapitalın bir hissəsi bu gün bu auditoriyadadır. Mədəniyyət və turizm sahəsinə aid olan ixtisasın diplomunu əldə etmək azdır. Daha çox bugünkü prosesləri izləmək lazımdır”.
Bu gün ölkədə turizm sahəsində böyük layihələr həyata keçirildiyini deyən A. Nəsibov həmin layihələrin işlək olması üçün gənclərin intellektual olmasının vacibliyini bildirdi: “Bu sahəni kadrlarla təmin etmək üçün böyük maliyyə vəsaitləri ilə xaricdən kadrlar gətirməkdənsə, öz kadrlarımız bu boşluqları doldurmalıdır. Bu gün dövlətimiz də bunu nəzərə alaraq turizm sahəsində mütəxəssislər yetişdirmək üçün Mingəçevirdə kollec və Bakıda institut təsis edib. Bu amillərdən istifadə etmək və mədəniyyət siyasətimizi düzgün qurmaq üçün daha çox çalışmalıyıq. Əsasən də gənclər fəal olmalıdır. Çünki artıq ən çox nəticə gənc kadrlardan gözlənilir”.
İntiqam Hacılı