Mayın 20-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü münasibətilə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiyası”nın təqdimat mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Konvensiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını, ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində təşəbbüslərinə əlavə təkan verdiyini bildirdi. “Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq 2011-ci ilin aprel ayında Azərbaycan hökumətinin təşəbbüsü ilə paytaxtımızda “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun keçiriləcəyini deyən nazir forum çərçivəsində Bakı şəhərinin “Ümumdünya Dialoq Paytaxtı” elan edilməsinin gözlənildiyini vurğuladı. Ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar qarşısında götürdüyü bütün öhdəlikləri məsuliyyətlə icra etdiyini deyən nazir Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi barədə BMT qətnamələrinə riayət etmədiyini iştirakçıların diqqətinə çatdırdı.
Ə.Qarayev çıxışında Azərbaycanda mədəniyyətlərarası dialoqa, mədəni müxtəlifliyin qorunmasına, təbliğinə böyük önəm verildiyini qeyd etdi. Bildirdi ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanda milli azlıqların müxtəlif dil, din, mədəniyyət ənənələrinin qorunmasına hörmətlə yanaşıldığını, azsaylı xalqların sülh, əmin-amanlıq şəraitində yaşadıqlarını göstərir.
Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin Siyasi, iqtisadi, mətbuat və informasiya bölməsinin rəhbəri Jerome Ponsun çıxışında ölkəmizin «Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”ya qoşulmasını Avropa İttifaqının mədəniyyət layihələrində iştirak üçün əlavə imkanlar yaradacağını bildirdi.
Qeyd edək ki, 2001-ci ildə UNESCO tərəfindən mədəni müxtəlifliyə dair Universal Bəyannamənin qəbul olunması ilə əlaqədar BMT 21 mayı Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü elan edib. Qeyd edək ki, 2009-cu il 26 noyabr tarixindən ölkəmiz bu sənədə qoşulub.