Xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş poeziya gecəsi keçirildi
   
   Mayın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş poeziya gecəsi keçirildi.
   
   Gecədə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Milli Məclisin deputatları, ədəbi ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak edirdilər.
   Tədbirdə çıxış edən Xalq yazıçısı Elçin bildirdi ki, böyük ədibin 100 illik yubileyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncam ölkəmizdə ədəbiyyatın inkişafına, sənət adamlarına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir: «Bu gün ölkəmizdə və onun hüdudlarından kənarda R.Rzanın yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Zaman göstərir ki, Rəsul Rza poeziyası əbədiyaşar poeziyadır. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan R.Rza söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanıb. Onun əsərləri gündən-günə gəncləşərək, daim müasir qalır, hər zaman özünə yeni oxucular tapır».
   Tədbir iştirakçılarına minnətdarlığını bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar atası R.Rzanın 100 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı.
   Yubiley tədbirində çıxış edən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu R.Rza şeirlərinin bəşəriliyindən, milliliyindən, onun Vətənə, torpağa sonsuz sevgisindən danışaraq, şairin qardaş Türkiyədə böyük maraqla oxunduğunu dedi.
   Gecədə xalq artistləri Fəxrəddin Manafov, Xuraman Qasımova, Mələkxanım Əyyubova, Əminə Yusifqızı, əməkdar artistlər Mehriban Zəki, Gülyanaq Məmmədova və başqalarının ifasında R.Rzanın şeirlərindən parçalar və onlara yazılmış mahnılar ifa olundu.
   Musiqiçiləri Xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edirdi. Tədbirdə şairin öz səsi ilə videolentə yazılmış “Rənglər” şeiri də səsləndi.
   
   Yeganə