Mayın 19-da Sumqayıt şəhərində Tarix Muzeyinin açılışı və III Kitab bayramı keçirildi. Tədbirlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin Aparatının rəhbəri Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Qazaxıstan Respublikası Aktau şəhərinin İcra Hakimiyyətinin başçısı (akim) Krımbek Kuşarbayev rəhbərlik etdiyi nümayəndə heyəti və şəhər ictimaiyyəti, ziyalılar, kitabsevərlər, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edirdilər.
   
   
   Tarix Muzeyi Sumqayıtın mədəni həyatına bayram hədiyyəsidir
   
   Açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev qonaqları salamladı və tədbir iştirakçılarını bu əlamətdar hadisə münasibətilə təbrik etdi. Muzeydə görülən işlər barədə ətraflı məlumat verən şəhər rəhbəri son illər ərzində Sumqayıtın mədəni həyatında bu kimi tədbirlərin həyata keçirilməsinin ənənə halını aldığını vurğuladı. İcra başçısı tədbirdə Qazaxıstanın Aktau şəhərinin nümayəndə heyətinin iştirakının əhəmiyyətini vurğuladı: “Bu günü hamımız səbirsizliklə gözləyirdik. Muzeyin açılması Sumqayıt üçün xüsusi bir gündür. Qazaxıstan nümayəndələrinin bugünkü bayramda iştirakı isə bir daha Aktaunun Sumqayıtla qardaşlaşmış şəhər olduğunu göstərdi”.
   Qeyd edək ki, Sumqayıt və Aktau 2009-cu ildə qardaşlaşmış şəhərlər elan olunublar. İcra başçısı Sumqayıt şəhərinin incəsənət ustalarından ibarət nümayəndə heyətinin ötən il Aktauya səfəri, Qazaxıstan Respublikasının Dövlət Müstəqilliyi günü və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert proqramında çıxış etdiyini bildirdi.
   Sumqayıt şəhərinin həyatında son illər bir çox xoş hadisələrin baş verdiyini deyən V.Əliyev şəhərin mədəniyyət ocaqlarının maddi-texniki bazasının gücləndirildiyini iştirakçıların nəzərinə çatdırdı: “Sumqayıtda yerləşən mədəniyyət sarayları, mərkəzləşdirilmiş kitabxana və bir çox musiqi məktəbləri qısa zamanda təmir olunub. Bundan sonra da mədəniyyət obyektlərinin təmir-bərpa işləri davam etdiriləcəkdir. Bütün bu işlərdə Mədəniyyət və Turizm Nazirliyinin yaxından köməyi olub. Sumqayıt Tarix Muzeyinin açılışı da buna bariz misaldır».
   İcra başçısı qeyd etdi ki, muzeyin binası əvvəllər mədəniyyət obyekti üçün münasib deyildi: «İndi bina yenidən qurulduqdan sonra muzeyin fəaliyyəti üçün hər cür şərait var. Bu bizi çox sevindirir. Sumqayıt gənc bir şəhər olsa da onun tarixi zəngindir, muzey üçün çoxlu eksponatları var. İndi bu bina muzey üçün lazım olan standartlara cavab verir”.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt sakinlərini təbrik edərək Tarix Muzeyinin şəhərin mədəni həyatı üçün əhəmiyyətini vurğuladı.
   Tarix Muzeyinin açılışının Beynəlxalq Muzeylər Gününə təsadüf etməsinin xüsusilə əlamətdar olduğunu bildirən nazir bu hadisəni beynəlxalq bayrama bir hədiyyə kimi dəyərləndirdi: “Bu gün ölkəmizdə tarix-diyarşünaslıq muzeylərinin inkişafı göz qabağındadır. İnanıram ki, Sumqayıt Tarix Muzeyinin kollektivi başda Oliya İslamova olmaqla bu mədəniyyət ocağının fəaliyyətində əlindən gələni edəcəklər”.
   Ə.Qarayev qonaqların diqqətinə çatdırdı ki, ilk dəfə o, mədəniyyət naziri kimi Sumqayıta səfər edən zaman Oliya xanım muzeyin yenidən bərpa edilməsi təklifi ilə çıxış edib: “Sevinirəm ki, belə bir təşəbbüs eşitdim. Əslində biz bunu bütün regionlardan gözləyirik. Təşəbbüsün özü böyük məsuliyyət deməkdir. Mədəniyyət işçiləri ziyalı olaraq qərarları qabaqlayıb prosesə qoşulmalıdırlar. Yaşadığı regionun mədəni inkişafının yollarını görməli və təkliflər verməlidirlər”.
   Sumqayıt şəhərinin gələcəkdə gənclərin təfəkkürünü formalaşdıran bir siyasət aparacağına inandığını qeyd edən nazir gənclərin dövlətçilik ruhunda tərbiyə olunmasını mədəniyyət işçilərinin qarşısında duran əsas vəzifə olduğunu bildirdi: “Mən sumqayıtlıları xalqımızın, ölkəmizin inkişafında böyük uğurlara dəvət edirəm”.
   Sonra nazir Əbülfəs Qarayev tədbir iştirakçılarını muzeyə dəvət etdi. Nazir və tədbir iştirakçıları ikimərtəbəli binadan ibarət olan Muzeyə baxış keçirərək təqdim olunan ekspozisiyalarla tanış oldular. Muzeyin direktoru Oliya İslamova qonaqlara ekspozisiyalar barədə ətraflı məlumat verdi. O bildirdi ki, 1967-ci ildə yaradılan Tarix Muzeyinin eksponatları və xronoloji ekspozisiyaları XX əsrin 30-cu illərindən başlayaraq bugünümüzə qədər olan dövrü əhatə edir.
   Muzeyin fondunda 15 min-dən artıq eksponat mövcuddur. Burada böyük öndər Heydər Əliyevin Sumqayıtın tarixində olan rolu və şəhərin yubileyləri ilə bağlı stendlər var. Ekspozisiyalarla tanış olan nazir muzeyin konfrans zalına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən video-proyektor hədiyyə olunacağını bildirdi.   

   “Kitabxana işçiləri oxucular arasında təbliğatı gücləndirməlidirlər”
   
   Sumqayıtda keçirilən ikinci böyük tədbir isə Nizami Gəncəvi adına meydanda gerçəkləşən III Kitab bayramı idi. Bayrama qatılan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev kitab stendlərinə tamaşa etdilər. İnformasiya və maarifləndirici xarakter daşıyan rəngarəng tərtibatla yanaşı, meydanı stendlər və kitab stellajları bəzəyirdi. Latın qrafikası ilə nəşr olunmuş 10 min kitab 30 bölmədə 10 mövzu üzrə təqdim edilirdi. “Heydər Əliyev və milli mədəniyyət”, “Yeni kitablar”, “Uşaqlara hədiyyə”, “Dünya ədəbiyyatı”, “Müasir Azərbaycan mədəniyyəti”, “Qarabağ - qan yaddaşımız” və s. mövzularda stendləri nəzərdən keçirən nazir Sumqayıt sakinlərinin kitaba olan münasibətini soruşdu.
   Gənclərdən yalnız bir-iki nəfər kitab oxuduğunu bildirdi. Mədəniyyət və turizm naziri ədəbiyyatı kütləviləşdirmək məqsədilə ardıcıl olaraq üç ildir ki, respublikamızın bölgələrində kitab bayramları keçirildiyini qeyd etdi: “Bu tədbirlər kitaba marağın qaytarılması üçün əsas vasitədir. Kitabxana işçiləri oxucular arasında təbliğatı gücləndirməlidirlər”.
   Nizaminin abidəsi qarşısında nümayiş olunan səhnəciklər bayramın ən maraqlı məqamı oldu. Qonaqları Dədə Qorqud salamladı. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorları kitab haqqında maraqlı fikirlər, kəlamlar, aforizmlər səsləndirdilər. Teatrın aktyorları Sumqayıt Mədəniyyət Evinin iştirakı ilə müxtəlif tamaşalar və səhnəciklər nümayiş etdirdilər.
   Qeyd edək ki, kitab bayramından sonra nazir Sumqayıt şəhər Bülbül adına 2 saylı İncəsənət Məktəbində aparılmış təmir işləri ilə yaxından tanış oldu. Dərs proseslərini və məktəbin xor kollektivinin çıxışlarını izlədi.
   
   İntiqam Hacılı