Mayın 24-25-də Bakının “Gülüstan” sarayında Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin mövzusunda VII konfransı keçirilib. «Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması” adlı konfransda Avropa Şurasına üzv dövlətlərin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbərləri, ABŞ-dan, Vatikandan, Kanadadan, Yaponiyadan və Meksikadan dəvət olunmuş qonaqlar, Bakıdakı diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Tədbirin açılış mərasimində Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ölkə başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
   
   Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə çıxış edib. Son illərdə Azərbaycan paytaxtının bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Mehriban Əliyeva gender bərabərliyinə həsr olunmuş konfransın Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb: «Gender və hüquqlar bərabərliyi hər hansı demokratik cəmiyyətin ən mühüm əsaslarından biridir. XX əsr Azərbaycan qadınının həyatında da yeni dövrün başlanğıcı hesab edilə bilər. 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququnu verib. Müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Onlar idarəçilik, hüquq-mühafizə və ədliyyə orqanlarında təmsil olunurlar, biznes fəaliyyəti ilə məşğul olur, siyasi və ictimai proseslərdə iştirak edirlər».
   Konfransda çıxış edən Avropa Şurasının baş katibinin müavini xanım Mod de Bur Bukikkio vurğulayıb ki, qadınlara və kişilərə fərqli münasibət bəsləyərkən biz, həmçinin genderlə bağlı struktur stereotiplərin aradan qaldırılmasına nail olacağıq: «Konkret tədbirlər görülməlidir ki, həm təhsildə, həm KİV-də bu cür dəyişikliklərin həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi mümkün olsun».
   Bakıda keçirilən konfransda iştirak etməkdən məmnun olduğunu bildirən BMT baş katibinin müavini xanım Aşa Rouz Migro belə bir aktual mövzunun müzakirəsi üçün yaradılmış şəraitə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlıq edib.
   Sonra konfransda müxtəlif ölkələrin nümayəndələri çıxış ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirələrə sədrlik edib.
   Konfrans mayın 25-də qətnamənin və fəaliyyət planının qəbul olunması ilə başa çatıb.