Xaçmazda keçirilən kitab bayramı bu məqsədə xidmət edirdi
Mayın 21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Xaçmaz rayonunda «2010 - Ekologiya ili»nə həsr olunmuş kitab bayramı keçirildi. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı İlqar Ağabalayev, Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva, uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Zahid Xəlil, Sevinc Nuruqızı, Qarabağ mövzusunda yazıların müəllifi Nüşabə Məmmədli və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir münasibətilə Xaçmaz şəhərindəki istirahət parkı bayram əhvalında bəzədilmişdi. Parkın girişində Kitab bayramının emblemi qoyulmuş, park boyunca kitab və rəsm sərgisi təşkil olunmuşdu. Bundan əlavə, Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə üç gün əvvəl rayonda «Yurdumuzu gülüstana çevirək» adlı maraqlı aksiya keçirilmişdi. Aksiyada Zərifə Əliyeva adına 8 saylı liseyin yuxarı sinif şagirdləri geniş ərazidə təmizlik-abadlıq işləri görmüşdülər. Kitab bayramında həmin işlərdən bəhs edən fotosərgi də nümayiş olundu.
Azərbaycanda 12 mindən çox kitabxana fəaliyyət göstərir
Kitab bayramını Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev açdı. O, bu bayramın Xaçmazda keçirilməsini rayon ictimaiyyəti üçün əlamətdar hadisə adlandırdı: «Tərəqqi və inkişaf yalnız elmdən keçir, elm isə kitab vasitəsilə insanlara çatdırılır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə belə tədbirlərin respublikamızın bütün rayonlarında keçirilməsi təqdirəlayiq hadisədir».
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında 2008-ci ildən başlayaraq hər il ölkəmizin şəhər və rayonlarında kitab bayramlarının keçirildiyini nəzərə çatdırdı: «Kitabxanaya münasibət cəmiyyətin mədəni-intellektual səviyyəsinin göstəricisidir. Azərbaycan tarix boyu elmə yüksək münasibətilə seçilib. Bu gün ölkəmizdə kitabxana işinin inkişafına böyük önəm verilir. Son illər ölkə prezidenti tərəfindən kitabxana işi sahəsində 6 sərəncam verilib, kitabxanaların inkişafına dair Dövlət Proqramı təsdiqlənib. Hazırda Azərbaycanda 12 mindən çox kitabxana fəaliyyət göstərir. Kitabxana-informasiya mərkəzləri yaradılır, mövcud kitabxanaların fondu zənginləşdirilir. 2 milyondan çox kitab latın qrafikası ilə nəşr edilib. 30-dan çox şəhər və rayon kitabxanalarında veb-saytlar yaradılıb».
Xaçmaz RİH-in başçısı Şəmsəddin Xanbabayevin sözlərinə görə, son beş ildə rayonda 9 muzey və 3 orta məktəb tikilib: «Ölkəmizdə mədəniyyət sahəsinin inkişafına böyük önəm verilir. Çünki mədəniyyət olmayan yerdə heç bir inkişafdan danışmaq mümkün deyil. Biz çalışmalıyıq ki, uşaqlar kitabxanalara getsinlər, kitab oxumağa maraqlı olsunlar. Necə ki, Hüseyn Cavid deyib: «Turana qılıncdan kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...»
Ekologiya festivalı keçiriləcək
Qeyd edək ki, Respublika Uşaq Kitabxanası «Ekologiya ili» çərçivəsində bir sıra maraqlı tədbirlər həyata keçirir. Kitabxananın direktoru Fizurə Quliyeva bu barədə bizə məlumat verdi: «2010-cu il «Ekologiya ili» elan edildikdən sonra Azərbaycanın bütün rayonlarında ekologiyaya dair uşaq kitab bayramları keçirmək qərarına gəldik. Məqsədimiz uşaqlara ekologiya, ətraf mühitin mühafizəsi, ağaclara, güllərə qayğıkeş münasibət aşılamaqdır. Kitab bayramları Xaçmaz şəhəri ilə yanaşı, Qusar (20 may), Oğuz (26 may), Ağcabədi (26 may), Şamaxı (27 may) rayonlarını da əhatə edir.
Digər rayonlarda da kitab bayramlarını Bakının müxtəlif kitabxanaları təşkil edəcək. Sentyabr-oktyabrda bu tədbirlərin yekunu olaraq ekologiya festivalı keçirməyi nəzərdə tuturuq. Bununla bərabər, əksər rayonlarda «Günəşli körpü», «Təbiəti qoruyaq», «Təmiz hava», «Yurdumuzu gülüstana çevirək» adlı iməcilik xarakterli aksiyalar keçiririk. Bu aksiyaların sonunda isə fərqlənən uşaqlar üçün hədiyyələr nəzərdə tutmuşuq».
Kitablar təbiətlə uşaqlar arasında bir körpüdür
Tədbirin ikinci hissəsi bayramın simvolik rəmzi olan göyərçinlər və şarların havaya qalxması ilə başladı və uşaqların maraqlı çıxışları ilə yadda qaldı. Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşovanın rəhbərliyi ilə hazırlanan səhnəciklər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Hər bir səhnəcik uşaqlarda kitaba məhəbbət, təbiətə sevgi ilə yanaşma hissinin formalaşmasına xidmət edirdi. Bu yerdə bizimlə fikirlərini bölüşən şair Ələmdar Quluzadə uşaqları təbiətə yaxınlaşdırmaq üçün kitabın böyük qüvvəyə malik olduğunu bildirdi: «Kitablar təbiətlə uşaqların arasında bir körpüdür. Bu səbəbdən də belə tədbirlərin əhəmiyyəti böyükdür».
Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova da qəzetimizə açıqlamasında tədbiri yüksək dəyərləndirdi və «Ekologiya ili» çərçivəsində belə tədbirlərin keçirilməsinin önəmini vurğuladı.
Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Telnaz Adıgözəlova da belə kitab bayramlarının maarifləndirici əhəmiyyət daşıdığını qeyd etdi.
Tədbirin sonunda «Ekologiya və biz» adlı rəsm müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırıldı.
Fəxriyyə Abdullayeva