Mayın 26-da Dövlət Film Fondunda Azərbaycan SSR-nin və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Adil İsgəndərovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Xatirə gecəsinə yığışanları Adil İsgəndərovun kinoda yaratdığı obrazları qarşıladı: “O olmasın, bu olsun”da Qoçu, “Qara daşlarda” Xəlilov, “Qanun naminə”də Kamilov, “Romeo mənim qonşumdur”da Quliyev, “Bir məhəllədən iki nəfər”də məhkəmə sədri, “Uzaq sahillərdə” Rosselini, “Axırıncı aşırım”da Kərbəlayı İsmayıl, “Ulduzlar sönmür”də Nəsib bəy Yusifbəyli, “Dərviş Parisi partladır”da Hətəmxan ağa. Özünə yaraşan obrazları ilə Adil İsgəndərov onun ruhunu əziz tutanlarla bir arada idi.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev xatirə gecəsini açıq elan etdi.
Gecənin aparıcısı Adil İsgəndərovun çoxsaylı tələbələrindən biri Əməkdar artist Elxan Qasımov Adil İsgəndərovun həyat və yaradıcılığından maraqlı məqamları xatırlatdı. Dünya teatr tarixində nadir hadisələrdən biri kimi 40 ildən çox səhnədə eyni quruluşda oynanılan və Adil İsgəndərovun şah əsəri sayılan “Vaqif” tamaşasından söz açdı.
Xalq artisti, professor Tofiq İsmayılov, “Azərbaycanfilm” Dövlət Kinostudiyasının direktoru Xamis Muradov Adil İsgəndərovun Azərbaycan kinosundakı danılmaz xidmətlərindən danışdılar. 1966-1974-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyi illərdə istedadlı, bacarıqlı gəncləri studiyanın ətrafına toplamaqla, milli kadrların yetişməsinə zəmin yaradan uzaqgörən insanın Azərbaycan kinosunun intibah dövrünə imza atmasını onun uğuru və nailiyyəti saydılar. Adil İsgəndərovu əzəmətli dağa bənzədənlər illər keçdikcə onun əzəmətini, sənətkar, müəllim, rəhbər kimi əvəzsiz olduğunu dilə gətirdilər.
Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov Adil İsgəndərov fenomenindən danışdı.
30 il Akademik Dram Teatrına rəhbərlik edən Adil İsgəndərov bu illər ərzində 80-dən atıq tamaşaya quruluş vermiş, Qərbin və Şərqin ən yaxşı teatr ənənələrini səhnəmizə gətirməklə teatrımızı zənginləşdirmişdir. “Həyat”, “Vaqif”, “Fərhad və Şirin”, “Aydın”, “Dumanlı Təbriz”, “Otello”, “Cavanşir” və bir-birindən uğurlu tamaşalar Azərbaycan teatr tariximizin şanlı səhifələri kimi dəyərləndirildi.
Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli “Adil İsgəndərov gəldiyi gündən Azərbaycan kinosunu milliləşdirdi” - deməklə əslində xalqını, millətini sevən bir insanın ən böyük xidmətlərindən birini xatırlatmış oldu. Xalq artistləri Rafiq Əzimov, Nuriyyə Əhmədova böyük sənətkarla bağlı kövrək xatirələrini dilə gətirdilər.
Adil İsgəndərovun ailəsi, doğmaları adından qardaşı oğlu Elxan İsgəndərov çıxış edərək gecənin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirdi.
Təranə Məmmədova