Mayın 26-da M.Maqomayev adına Dövlət Filarmoniyasının qarşısındakı bağda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi Kitab bayramı keçirildi. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin əhəmiyyətini qeyd etdi.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev ənənəvi olaraq keçirilən Kitab bayramı barədə məlumat verdi. Qeyd etdi ki, tədbirə 84 kitabxana, 10-dan çox nəşriyyat cəlb olunub: «Kitab bayramında 18 mövzunu əhatə edən 2056 adda, 30 min nüsxə kitab sərgilənir».
Tədbir iki hissədən ibarət idi. Birinci hissədə Bakı şəhəri kitabxanalarının (84 kitabxana) kitabları təqdim edilir, ikinci hissədə isə Bakıdakı müxtəlif kitab nəşriyyatlarının, mağazalarının satış-sərgisi təşkil olunmuşdu.
Sərgiyə gələn insanlar istədikləri kitabla maraqlanır və öz seçimlərini edirdilər. Onlardan biri tələbə Lalə Zeynalova Kitab bayramı ilə bağlı öz təəssüratlarını bizimlə bölüşdü: “Uşaq yaşlarımdan kitaba çox böyük marağım var. Bu gün keçirilən tədbirin əhəmiyyəti böyükdür. Burada təqdim edilən kitablar o qədər çoxdur ki, oxucu olaraq seçim etmək çətindir. Belə tədbirlərin ildə bir neçə dəfə keçirilməsini istərdim”.
M.Qorki adına Mərkəzi Şəhər Səyyar Kitabxana Fondunun direktoru Nüşabə Ələkbərova da son illər “Kitab bayramı”nın ənənə halını aldığını qeyd edərək, belə tədbirlərin keçirilməsinin önəmini vurğuladı.
Qeyd edək ki, “Kitabla dünyanı fəth et” devizi altında keçirilən tədbirdə nümayiş olunan kitablar BŞMTİ-nin şəbəkəsinə daxil olan kitabxanalarla yanaşı, Bakı Kartoqrafiya Fabriki, M.Seyidzadə adına kitabxana-mağaza, “Əli və Nino” kitab evi, Kitab klubu, “Qanun”, “Global Publishing”, “Nurlar”, “Beşik”, “Şərq-Qərb”, “Xəzər” və “Çinar-çap” nəşriyyatlarının məhsulları idi.
“Şərq-Qərb” nəşriyyatının direktoru Anar Namazov kitabın intellektual səviyyənin inkişafına təsir etdiyini bildirərək tədbirdə sərgilədikləri kitablar haqqında danışdı: “500 adda kitab, xəritələr, uşaq kitabları və s. çıxarmışıq. Alıcılar da çoxdur. Tədbirin əhəmiyyəti kitabın oxucular arasında təbliğ olunmasıdır”.
Kitab mağazaları içində məşhur “Əli və Nino” kitab evini gözdən qaçırmaq mümkünsüz idi. Həmişəki kimi müxtəlif mövzularda həm xarici, həm də öz ədəbiyyatımızı əhatə edən kitablar satış sərgisindəydi. Kitab mağazasının müdiri Nigar Köçərli də öz təəssüratlarını bizimlə bölüşdü: “Dünyanın bütün ölkələrində tədbirlər keçirilir. Mən çox şadam ki, bu bizdə də qeyd olunur. Kitab mağazaları, nəşriyyatların burada öz kitablarını nümayiş etməsi üçün böyük şərait yaradılıb. Burada həm də bayram əhval-ruhiyyəsi var. Bu təqdirəlayiq haldır”.
Kitab bayramı musiqi sədaları altında davam etdi. Burada Bakı şəhər musiqi məktəbləri və mədəniyyət evlərinin kollektivləri, “Cəngi”, “Aysel” və “Şəms” rəqs qrupları çıxış edərək bayrama şən əhval qatdılar.
Yeganə Cansail