Rusiya XİN-in iqamətgahında tanınmış həmvətənimiz, beynəlxalq səviyyəli jurnalist, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın “Hakimiyyətin formulu”... Daha 60 müsahibə” kitabının işıq üzü görməsi münasibətilə qəbul keçirilib. Tədbirdə Rusiya xarici işlər naziri Sergey Lavrov iştirak edib.
O çıxışında deyib: “Bu kitab “Hakimiyyətin formulu” devizi altında nəhəng bir işin görüldüyü mərhələni əhatə edir. Bu, dünyada tanınmış, həmçinin birinci şəxslərin tanıdığı bir brenddir. Mən Mixail Qusmanın istedadı qarşısında baş əyirəm. Çünki o, həqiqətən çox konstruktiv söhbətlər aparmış və həmin konstruktivlik müasir jurnalistikanın bu əsərlərini həqiqətən maraqlı edən hər hansı mülahizəni həmsöhbətlərindən çəkib almaqda ona əsla əngəl olmayıb».
Öz növbəsində Mixail Qusman son bir neçə ildə ünsiyyət saxladığı görkəmli simalardan götürdüyü müsahibələrin, habelə çəkiliş proseslərinin yaddaqalan məqamlarının daxil olduğu “Hakimiyyətin formulu” kitabının ikinci hissəsi barədə qısaca məlumat verib, layihənin ərsəyə gəlməsində fəal iştirak etmiş bütün insanlara səmimi qəlbdən minnətdarlığını bildirib.
Qeyd edək ki, “Hakimiyyətin formulu”... Daha 60 müsahibə” kitabının ikinci hissəsində Prezident İlham Əliyevlə müsahibə yer alıb. Mixail Qusman Azərbaycan KİV-inin nümayəndələrinə deyib: “Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə bioqrafiyamdakı ən uğurlu müsahibələrdən biridir. Çünki Azərbaycan prezidenti ilə söhbət etmək olduqca maraqlı idi. Mənə bundan öncə Heydər Əlirza oğlu Əliyevlə söhbət etmək kimi böyük şərəf nəsib olmuşdu. Bu, bizim ilk müsahibələrimizdən biriydi. Demək istəyirəm ki, Azərbaycan Prezidenti ilə söhbətimdə siyasi varisliyi, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə xas olan o qüdrəti, o gücü hiss etdim”.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, bir sıra ölkələrin səfirləri, Rusiyanın dövlət hakimiyyətinin, mətbu orqanların nümayəndələri iştirak ediblər.