İyunun 7-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən amerikalı, türkiyəli və azərbaycanlı gənc qadın yazıçıların iştirakı ilə yaradıcı yazı üzrə seminarlar başlayıb. ADU-nun mətbuat xidmətindən verilən məlumata görə, seminarların əsas məqsədi Azərbaycan, türk və amerikalı gənc qadın yazıçılar arasında ədəbi mühitin müzakirəsi, ədəbi əlaqələr arasında körpü yaratmaqdır.
Seminarlar Pasifik Lüteran Universitetinin müəllimi, şair Əlison Məndvill (ABŞ), şair, ssenarist Melida Tüzünoğlu (Türkiyə) və mədəniyyətlərarası təlimçi Nigar Kazımovanın (Azərbaycan) rəhbərliyi ilə keçirilir.
Qeyd edək ki, seminarlar Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (Soros Fondu) və Dillər Universitetinin dəstəyi ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadınlar, ədəbiyyat və cəmiyyət” layihəsi çərçivəsində keçirilir. Layihə aprel və oktyabr aylarını əhatə edəcək və layihənin sonunda seminar iştirakçılarının seçmə əsərləri toplanaraq Azərbaycan və ingilis dillərində nəşr ediləcək.