Fevralın 16-da Atatürk Mərkəzində şair Zahid Sarıtorpağın “Tək işığın haləsi” şeirlər kitabının təqdimatı oldu.
   
   “Tək işığın haləsi”nə yığışan sənət adamları müəllifin özünəməxsus yaradıcılığından, fəlsəfi dünyasından, məntiqi yozumundan söz açdılar. Şair Mübariz Məsimoğlu, Tofiq Qaraqaya, Əlisəmid Kür, şairə Vəfa, yazıçı Səfər Alışarlı Zahid Sarıtorpaq şeirlərində vaxt, zaman anlayışının dördüncü qatından danışdılar. Şeirlərdə orfoqrafiya və punktuasiya qaydalarının (mətnlərin yalnız kiçik hərflərlə, durğu işarələri olmadan verilməsi) bir kənara qoyulması da buradan qaynaqlanır.

   şair
   bütün bunları yaşasa da
   yenə şeirə tövbə deyə bilmədi
   buna gücü çatmadı sadəcə
   şair olaraq qaldı
   və bir gün də öldü
   çevrəni qapamadan
   
   Zahid Sarıtorpağı çoxqatlı şair kimi “oxuyanlar” onun iç dünyasının labirintlərində azmayanlardır.
   
   günün bir adı var: soyuq rəsmini çəkmək istəsən
    buz bağlayar fırçan
   canın bir dərdi var: eşq
   hər iki anlamda çəkə bilməzsən axıracan
   
   “Tək işığın haləsi” eyni zamanda vətənini, yurd itkisini fərqli ağrılarla yaşayan vətəndaş şairin harayıdır.

   ...yaşam o qədər adiləşdi ki ölüb gedənlər
    elə bil dünyadan getmirlər
   başmaq seyrindən qayıdırlar qeybə... 

   Zahid Sarıtorpaq 1957-ci ildə Şamaxı şəhərində anadan olub. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. “Üfürülmüş çırağın ruhu” müəllifin ilk şeirlər kitabıdır. Rus müəlliflərindən Mixail Prişvin, Sergey Mixalkov, Aqniya Bartonun əsərlərini dilimizə çevirib. 150 cildlik dünya ədəbiyyatı seriyasından ingilis klassik şairi Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyalarını Azərbaycan dilinə tərcümə edib. “Şirvannəşr”də çapdan çıxan “Tək işığın haləsi” isə şairin ikinci şeir kitabıdır. Kitab nöqtəsiz, vergülsüz, sözlər böyüksüz-kiçiksiz, eynidir.
   Bu da Zahid Sarıtorpağın özünəməxsus memarlığıdır. Kitab haqqında ən yaxşı sözü isə şübhəsiz ki, kitabın özü deyir...
   
   Təranə Vahid