AMEA Əlyazmalar İnstitutu İstanbulun Mərmərə Universiteti fənn-ədəbiyyat fakültəsinin kitabxanasından XVI əsr Azərbaycan şairi Əhmədi Təbrizinin “Yusif və Züleyxa” poemasının surətini əldə edib.
   İnstitutdan verilən məlumata görə, Ə.Təbrizinin indiyə qədər 1479-cu ildə yazılmış “Əsrarnamə” adlı əsəri məlum idi. Müəllif hər iki əsəri Ağqoyunlu hökmdarı Sultan Yaqubun (1478-1490) dövründə əmirül-üməra olan Xəlilullaha təqdim edib. Şair 4035 beytdən ibarət bu əsəri Xəlilullahın sifarişi ilə Təbrizdə 57 günə yazıb.
   Poemanın Mərmərə Universiteti fənn-ədəbiyyat fakültəsi kitabxanasında saxlanılan 102 vərəqlik nüsxəsi 2990 beytdən ibarətdir. Əsərin içindən bir çox vərəqlərin düşdüyü müşahidə olunur. Gələcəkdə poemanın mükəmməl nüsxəsi aşkar edilərsə, ehtimal ki, müəllif haqqında daha geniş məlumat əldə etmək mümkün olacaq.
   
   Fariz Yunisli